Azərbaycan və Çin universitetləri arasında akademik mübadilə genişlənir
Bakı, 4 noyabr, AZƏRTAC
Azərbaycan Dillər Universitetinin (ADU) Konfutsi İnstitutunun professor-müəllim heyəti tərəfdaş Huçjou Universitetinin dəvəti ilə Çində işgüzar səfərdə olub.
Konfutsi İnstitutundan AZƏRTAC-a bildirilib ki, səfər Huçjou Universitetinin humanitar təhsil sahəsində innovativ təcrübəsi ilə tanış olmaq, xarici dillər üzrə tədris proqramlarını təkmilləşdirmək, birgə elmi multikultural tədqiqatlar aparmaq, ADU-da Çin dili və mədəniyyətinin tədrisi metodikasını inkişaf etdirmək məqsədi daşıyıb.
Huçjou Universitetinin prorektoru Li Qingfeng ilə görüşdə ADU-nun prorektoru Vüqar Mehrabov universitetlərarası əməkdaşlığın genişləndirilməsinin və möhkəmləndirilməsinin vacibliyini qeyd edib. O, ADU-nun beynəlxalq əməkdaşlığından, dil və mədəniyyət mərkəzlərinin fəal işindən, peşəkar kadrların hazırlanması sahəsində əldə etdiyi nailiyyətlərdən danışıb. Qeyd olunub ki, iki universitet arasında əməkdaşlığın əsasını müəllim və tələbə mübadiləsinin genişləndirilməsi, Huçjou Universitetində dillərin, xüsusən də Azərbaycan dilinin tədrisi metodlarının təkmilləşdirilməsi təşkil edir. Universitetdə fəaliyyət göstərən Azərbaycan Dili və Mədəniyyəti Mərkəzinin işinin fəallaşdırılması, o cümlədən Azərbaycanın tarixi, mədəniyyəti və müasir həyatına dair birgə konfransların keçirilməsinin zəruriliyi də qeyd edilib.
Qeyd edək ki, səfər haqqında Çin mətbuatında da məlumat yayılıb. Bu linkdən tanış olmaq mümkündür.