“Azərbaycan yazıçılarının əsərlərində təbiətin qorunması haqqında fikirlər” adlı dəyirmi masa keçirilib

Azərbaycan Dillər Universitetinin Fəlsəfə və ictimai elmlər kafedrasının təşəbbüsü ilə Azərbaycanşünaslıq mərkəzində “Azərbaycan yazıçılarının əsərlərində təbiətin qorunması haqqında fikirlər” adlı dəyirmi masa keçirilib.
Dəyirmi masanı giriş sözü ilə açan moderator Fəlsəfə və ictimai elmlər kafedrasının müdiri dos. Ədalət Abdiyeva təbiətin qorunmasının əhəmiyyəti ilə bağlı çıxış edib.
Fəlsəfə və ictimai elmlər kafedrasının baş müəllimi Günel Qarayeva “Müasir Azərbaycan filosoflarının yaradıcılığında ekoloji fəlsəfə və mənəviyyat problemi” mövzusunda çıxış edib. Çıxışı zamanı o XX-XXI əsrlərdə Azərbaycan mütəfəkkirlərinin insan ekologiyası, şəxsiyyətin ekolojiləşdirilməsi, ekoloji şüur, ekoloji tərbiyə, ekoloji əxlaq kimi anlayışlara fəlsəfi yanaşması barədə çıxış edib, ekoloji şüurun inkişafının şərtlərini və əhəmiyyətini diqqətə çatdırıb.
Adıçəkilən kafedranın baş müəllimi, i.f.d. Leyla Hacıyeva “Müstəqil Azərbaycanda ekologiyanın qorunmasının sosial-iqtisadi aspektləri” adlı çıxışında Azərbaycanda ekoloji-iqtisadi proseslərin mahiyyəti, ekoturizm, ekoloji cəhətdən təhlükəsiz iqtisadiyyatın inkişafı üçün görülən tədbirlər və hərakatlar haqqında məlumat verib.
Kafedranın baş müəllimi Sevda Tağıyeva “Azərbaycan yazıçılarının əsərlərində təbiətin təsviri” başlıqlı çıxışında Səməd Vurğun, Məmməd Araz, Süleyman Rüstəm, İslam Səfərli kimi mütəfəkkirlərin əsərlərində təbiətə qayğı və sevgi ilə münasibətin ifadəsini tədbir iştirakçılarının nəzərinə çatdırıb. Sevda Tağıyeva çıxışını Heydər Əliyev irsindən gətirilən sitatlarla yekunlaşdırıb.
Azərbaycan ədəbiyyatı kafedrasının dosenti, fil.f.d. Aytən Hacıyeva “Klassik Azərbaycan ədəbiyyatında təbiət” mövzusu ilə Nəsimi, Nizami Gəncəvi, Cəlaləddin Rumi və s. şairlərin yaradıcılığında təbiətə zərif münasibət, onun vəsfi haqqında poetik-fəlsəfi məzmunlu çıxış edib.
Dəyirmi masada Beynəlxalq münasibətlər və Regionşünaslıq fakültəsinin dekanı İbrahim Kazımbəyli də mövzu ilə bağlı fikirlərini bildirib.







