Müstəqilliyin Bərpası Günü münasibətilə tədbir keçirilib

Oktyabrın 18-də Azərbaycan Dillər Universitetində (ADU) Tələbələrlə iş və tədbirlərin təşkili şöbəsinin təçkilatçılığı ilə 18 oktyabr - Müstəqilliyin Bərpası Günü münasibətilə “Müstəqilliyimiz əbədidir, daimidir, dönməzdir” adlı tədbir keçirilib. Tədbir Dövlət Himninin səsləndirilməsi ilə başlayıb. Sonra Şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Tədbirin moderatoru t.ü.f.d.,dos. Namiq Əsədov çıxışında Azərbaycan Respublikasının müstəqilliyinin bərpa edilməsinin 33-cü ili olmasını və həmçinin Azərbaycan üçün həm siyasi, həm də mənəvi dəyəri olan Xudafərin körpüsünün və ətraf ərazilərin erməni işğalından azad edilməsinin 4-cü ildönümü olduğunu qeyd edib.
Tədbirdə 18 Oktyabr tarixinin əhəmiyyətindən danışılaraq Qafqazşünaslıq və Azərbaycan tarixi kafedrasının dosenti Qorxmaz Mustafayev “Dövlət müstəqilliyinin əldə edilməsi və Azərbaycançılıq ideologiyasının formalaşdırılması”, Azərbaycan dilçiliyi kafedrasının baş müəllimi Aynur Sadıqova “Əbədi zəfərə qovuşan yol”, İngilis-fransız fakültəsinin 2-ci kurs tələbəsi Səkinə Yusubova “Ölkəmizin müstəqilliyinin möhkəmləndirilməsində Heydər Əliyevin rolu” mövzularında çıxış ediblər.
Tədbirdə həmçinin Müstəqilliyin Bərpası Günü ilə bağlı videoçarx nümayiş olunub.
Tədbirin bədii hissəsində tələbələr- BMR 1-ci kurs tələbəsi Ruqiyyə Nəsirova, Filologiya fakültəsinin 1-ci kurs tələbəsi Sevinc Eyyubzadə Xalq şairi Zəlimxan Yaqubun “Azərbaycan oxusun” şeirini səsləndiriblər.





















