ADU-da gənclərin ekoloji çağırışı
2024-cü il oktyabrın 17-də Azərbaycan Dillər Universitetinin İngilis və fransız dilləri fakültəsi İngilis dilinin tədrisi metodikası kafedrasının təşəbbüsü ilə Azərbaycan COP 29 mövzusuna həsr olunmuş tədbir təşkil edilib.
Tədbir 302a və 302b qruplarının iştirakı ilə keçirilib və tələbələrin biliklərinin genişləndirilməsi məqsədi daşıyıb.
Tədbirə kafedranın müdiri, dosent Günay Şirəliyeva və İngilis və alman dilləri fakültəsinin dekan müavini Lalə Həsənova da qatılıblar.
İngilis dilinin tədrisi metodikası kafedrasının baş müəllimi Aytən Kazımova tədbiri açaraq məqsədlərinin əhəmiyyətindən danışıb və müzakirələrə start verib. Tələbələr iqlim dəyişikliyinə həsr olunan COP 29 beynəlxalq konfransı haqqında məlumatlar təqdim edərək, onun məqsədləri və qlobal iqlim mübarizəsindəki rolu barədə geniş məlumat veriblər.
Tədbirin əsas məqsədi COP 29-un mahiyyətini, onun Azərbaycan üçün əhəmiyyətini və iqlim dəyişikliyi ilə mübarizədə beynəlxalq əməkdaşlığın vacibliyini vurğulamaq olub. Müzakirələr zamanı tələbələr ekoloji problemlərə dair öz fikirlərini ifadə edərək məsələnin həllində gənclərin də üzərinə mühüm vəzifələrin düşdüyünü qeyd ediblər.
Tədbir tələbələrin ingilis dilində təqdimat bacarıqlarının inkişafına təkan verərək onların qlobal mövzulara marağını artırmaqla yanaşı, ünsiyyət bacarıqlarını da gücləndirib. Sonda iştirakçılar arasında səmərəli fikir mübadiləsi aparılıb və tədbir böyük maraqla qarşılanıb.
Bu kimi tədbirlər tələbələrin həm dil biliklərini təkmilləşdirməsinə, həm də aktual qlobal problemlərə dair biliklərinin genişlənməsinə şərait yaradır və gələcəkdə də davam etdirilməsi planlaşdırılır.