XƏBƏRLƏR

Nərgiz İsmayılovanın “Kamal Abdulla və postmodernizm” adlı monoqrafiyası çap olunub

18 oktyabr, 2024

Bu günlərdə filologiya üzrə fəlsəfə doktoru, dosent Nərgiz (Nargis) İsmayılovanın Xalq yazıçısı, akademik Kamal Abdullanın yaradıcılığına həsr etdiyi “Kamal Abdulla və postmodernizm” adlı monoqrafiyası çap olunub.

Azərbaycan ədəbiyyatının görkəmli nümayəndəsi Kamal Abdullanın müxtəlif zaman kəsimlərində yazdığı nəsr əsərlərini bir araya gətirən monoqrafiyada yazıçının “Yarımçıq əlyazma”, “Sehrbazlar dərəsi”, “Unutmağa kimsə yox...”, “Sirlərin sərgüzəştləri” romanları və bir sıra hekayələri postmodern kontekstdən təhlilə çəkilir.

Kitabda bu əsərlər müasir elmi-nəzəri düşüncə müstəvisində analitik tədqiqə cəlb olunur, həmçinin Kamal Abdullanın bədii ədəbiyyata gətirdiyi yeniliklər, onların dünya ədəbiyyatı ilə əlaqələri araşdırılır. Müəllif bu nüansa xüsusi olaraq toxunaraq qeyd edir ki, “Azərbaycan nəsrində yaranan postmodernizmin əsas imzalarından olan, bu istiqamətdə əhəmiyyətli əsərlər yaradan Kamal Abdullanın yaradıcılığı Avropa postmodernizmi ilə qarşılıqlı şəkildə inkişaf aspektindən son dərəcə zəngin, aktual, operativ və çoxşaxəlidir”.

Kamal Abdullanın nəsr əsərlərindəki posmodernist aspektləri, dərin məna qatlarını diqqət mərkəzinə çəkən monoqrafiya “Giriş”, dörd fəsil – Kamal Abdulla: postmodernizmdən milli özünəməxsusluğa, “Unutmağa kimsə yox...”, “Sirri-zəmanə, yaxud hekayələr labirinti, Sirlərin sərgüzəşti” romanı: postmodern labirintdə obraz, zaman və mövzu problemi və “Nəticə”dən ibarətdir.

Monoqrafiyada müəllif özünəməxsus təhlillər apararaq belə nəticəyə gəlir: “Azərbaycan ədəbiyyatında postmodernizmin yaranması və inkişafı Kamal Abdulla yaradıcılığı ilə bağlıdır. Yazar bu cərəyanın ən dolğun nümunələrini yaratmağı bacarıb. Bu əsərlər Qərbin postmodern təfəkkürünü anlamaqda, postmodernizmin ədəbiyyatımıza nələri bəxş etdiyini, bu cərəyanın faktlarla milli zəmində inkişafını anlamağımıza və bunu praktik olaraq görməyimizə, təhlil etməyimizə xidmət edir”.

“Yarasa” yayınları nəşriyyatında işıq üzü görən “Kamal Abdulla və postmodernizm” kitabının elmi redaktorları filologiya üzrə fəlsəfə doktoru Azər Turan və AMEA-nın müxbir üzvü, filologiya elmləri doktoru, professor Tehran Mustafayevdir. Nəşrin rəyçisi isə filologiya üzrə fəlsəfə doktoru, dosent Maral Yaqubovadır.