“Yaşıl dünya naminə həmrəylik: miqrasiya və etno-mədəni müxtəliflik” mövzusunda dəyrimi masa keçirilib
Oktyabrın 17-də Azərbaycan Dillər Universitetinin Multikulturalizm Mərkəzi və “Azərbaycanşünaslıq” Elmi Mərkəzinin birgə təşkilatçılığı ilə “COP 29” layihəsi çərçivəsində “Yaşıl dünya naminə həmrəylik: miqrasiya və etno-mədəni müxtəliflik” mövzusunda dəyrimi masa keçirilib.
Tədbiri giriş sözü ilə açan ADU-nun Multikulturalizm Mərkəzinin müdiri, filologiya üzrə fəlsəfə doktoru Loğman Rəşidzadə bildirib ki, müasir dünyanı narahat edən qlobal ətraf mühit problemləri həllini gözləyən təxirəsalınmaz məsələlərdəndir. İqlim dəyişmələri və onların canlı aləmə təsiri dünya ictimaiyyətini getdikcə daha çox narahat edir. Bu baxımdan, Azərbaycanın iqlim dəyişikliyi ilə mübarizədə dünyanın ən mötəbər tədbirlərindən olan “COP29”-a ev sahibliyi etməsi həm respublikamız, həm də bütün dünya üçün mühüm əhəmiyyət kəsb edir. “COP 29” layihəsi çərçivəsində keçirilən bugünkü tədbirdə müzakirə olunan məsələlər ekoloji problemlər haqqında məlumatlılığının artırılmasına kömək edəcək, insanların ətraf mühitin mühafizəsi fəaliyyətlərində iştirakını təşviq edəcək.
Dəyirmi masada məruzə ilə çıxış edən AMEA-nın Fəlsəfə və Sosiologiya İnstitutunun aparıcı elmi işçisi Ağasəlim Həsənov bildirib ki, qlobal ekoloji böhran şəraitində cəmiyyət və ətraf mühit arasında zəruri balansın saxlanması bəşəriyyətin təbiətə münasibətindən asılıdır. Müasir dövrdə ekoloji həmrəyliyə xüsusi diqqət yetirilməsi, ekoloji mədəniyyətin yüksəldilməsi ən aktual məsələlər kimi qarşıda durur. Bu baxımdan, Azərbaycanda ekoloji vəziyyət xüsusi diqqət mərkəzindədir, ətraf mühitin mühafizəsi ilə bağlı müəyyən olunmuş prioritet tədbirlər uğurla həyata keçirilir.
Milli Azərbaycan Tarixi Muzeyinin aparıcı elmi işçisi Əli Fərhadov qədim şifahi və yazılı mənbələrdə insan-təbiət münasibətlərinin keçdiyi inkişaf yolu haqqında maraqlı məlumatlar verib. Bildirilib ki, bəşər yaranandan bəri müqəddəs dini kitablarda, müxtəlif folklor nümunələrində insan-təbiət vəhdəti hər zaman ön plana çəkilib, təbiət müqəddəsləşdirilərək onun saflığının qorunması bəşər övladına tapşırılıb. Bunlar heç vaxt yaddan çıxmamalı, insan özü ilə bərabər, təbiəti, bəşəriyyəti, cəmiyyəti də sevməlidir. Təbiəti qorumaq üçün hamılıqla bu amal uğrunda birləşməliyik.
Dəyirmi masada iştirak edən Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin Analitika şöbəsinin müdiri Rəşad İlyasov, Azərbaycan Respublikasının Alban-Udi Xristian Dini İcmasının sədri Robert Mobili, Talış icmasının ağsaqqalı İmamverdi Həmidov, “Azərbaycan-Ukrayna Konqresi” İctimai Birliyinin sədri Yuriy Osadçenko və başqaları çıxış edərək bildiriblər ki, ekoloji problemlərin qarşısının alınması, ətraf mühitin qorunub saxlanması üçün birgə səylər, ekoloji həmrəylik vacib şərtdir. Bu baxımdan, təmiz ətraf mühit Azərbaycan dövlətinin milli hədəflərindən biridir. BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasının Azərbaycanda keçirilməsi dünyanın diqqətini respublikamıza cəlb edəcək və onun davamlı inkişaf prinsiplərinə bağlılığını bir daha nümayiş etdirəcək.