XƏBƏRLƏR

Bakı Beynəlxalq Kitab Sərgisinin Çindən olan iştirakçıları ADU-nun qonağı olublar

04 oktyabr, 2024

Mədəniyyət Nazirliyinin təşkilatçılığı ilə oktyabrın 2-dən 8-dək Bakı Ekspo Mərkəzində X Bakı Beynəlxalq Kitab Sərgisi (Baku International Book Fair – 2024) keçirilir. Regionun bu ən böyük kitab sərgisində ölkənin tanınmış nəşriyyatları, kitab təbliği ilə məşğul olan qurumlar, nüfuzlu ali məktəblər, o cümlədən Azərbaycan Dillər Universiteti iştirak edir. Həmçinin sərgidə 4 qitəni təmsil edən 18 ölkədən 56 xarici təşkilat, nəşriyyat-poliqrafiya və kitab sənəti ilə əlaqəli müəssisə iştirak edir.

Oktyabrın 3-də X Bakı Beynəlxalq Kitab Sərgisində iştirak edən Çin Xalq Respublikasından olan bir qrup nümayəndə Azərbaycan Dillər Universitetinin qonağı olub. Görüşdə ÇXR-in Phonix Nəşriyyat və Media Qrupunun Baş direktor müavini Zhou Jianjun və Şərqi Çin Pedaqoji Universiteti Nəşriyyatının Prezidenti Vang Yanın başçılığı altında nümayəndə heyəti və ADU-nun rəhbər şəxsləri iştirak ediblər.

Azərbaycan Dillər Universitetinin rektoru, akademik Kamal Abdulla qonaqları səmimi salamlayaraq, onları universitetdə görməkdən məmnun olduğunu bildirib. Azərbaycan Dillər Universitetinin dünyanın bir çox xarici universitetləri ilə əlaqələrinin uğurla inkişaf etdiyini vurğulayan rektor bugünkü görüşün  əməkdaşlıq üçün daha böyük imkanlar açacağına əminliyini vurğulayıb.

Bildirilib ki, ADU-nun nəzdində fəaliyyət göstərən Konfutsi İnstitutu - Azərbaycan və Çin arasında təhsil sahəsində əməkdaşlığı gücləndirir, Çin dilinin tədrisinə və mədəniyyətinə marağı stimullaşdırır. Konfutsi İnstitutu Çin dilinin tədrisinin inkişafı üçün xalqlarımız arasında qarşılıqlı münasibətlərin artırılmasına xidmət edir. Eyni zamanda, Çin Xalq Respublikasının Xudzou Dövlət Universitetində Azərbaycan Dili və Mədəniyyəti Mərkəzinin uğurlu fəaliyyəti Azərbaycan-Çin münasibətlərinin müxtəlif müstəvilərdə inkişafına kömək edir. Azərbaycan dili, mədəniyyəti və tarixini Çin Xalq Respublikasında təbliğ edən bu mərkəzlə sıx əlaqələr möcuddur. Yaxın vaxtlarda ÇXR-ə ezam olunacaq ADU-nun bir qrup nümayəndə heyəti Xudzou Dövlət Universitetində olacaq.

Səmimi qarşılanmaya və qonaqpərvərliyə görə təşəkkürünü bildirən Phonix Nəşriyyat və Media Qrupunun Baş direktor müavini Zhou Jianjun univesitetdə olmaqdan məmnunluğunu ifadə edib. Beynəlxalq Kitab Sərgisi çərçivəsində Çin nəşriyyatlarının iştirakının təşkilində göstərilən dəstəyə və Çin mədəni irsinə olan diqqətə görə təşəkkürünü ifadə edən qonaq bildirib ki, X Bakı Kitab Sərgisi istehlakçılarla ünsiyyət qurmaq, kitab biznesinin inkişaf etdirilməsi ilə bağlı beynəlxalq təcrübələri bölüşmək üçün ideal platformadır. Bu sərgi hər iki xalqın mədəni irsinin öyrənilməsi və təbliğinə öz töhfəsini verəcək.

Görüşdə çıxış edən Şərqi Çin Pedaqoji Universiteti Nəşriyyatının Prezidenti Vang Yan bildirib ki, Azərbaycan və Çin arasında bütün sahələrdə olduğu kimi, elm və təhsil sahəsində də əməkdaşlıq yüksələn xəttlə inkişaf edir. Bu baxımdan, Azərbaycan Dillər Universiteti ilə olan sıx təmaslar ölkələrimiz arasında münasibətlərin inkişafına töhfə verir. ADU ilə əlaqələri yüksək dəyərləndirən qonaq iki ölkə arasında mədəni, elmi əməkdaşlığın genişləndirilməsi imkanlarını müzakirə edib, Çin-Azərbaycan mədəni əməkdaşlığının davamı olaraq tərcümə layihələrinin önəmini vurğulayıb.

Daha sonra qonaqlar ADU-nun nəzdində fəaliyyət göstərən Konfutsi İnstitutu ilə tanış olublar.