XƏBƏRLƏR

27 Sentyabr- Anım Gününə həsr olunmuş tədbir keçirilib

27 sentyabr, 2024

Azərbaycan Dillər Universitetinin (ADU) dəstəyi , “İRƏLİ” İctimai Birliyinin təşkilatçılığı ilə  universitetdə  27 Sentyabr xalqımızın 44 günlük Vətən müharibəsinə başlanğıcının 4-cü ildönümü ilə bağlı Anım Gününə həsr olunmuş görüş keçirilib.

“Məndən başlanır Vətən” adlı maarifləndirici görüşdə şəhid ailə üzvləri, qazilər, müəllim və tələbə heyəti iştirak ediblər.

Tədbirdə Azərbaycan Dillər Universitetinin Müəllim Həmkarlar İttifaqının sədri Misgər Məmmədov, Filologiya üzrə Beynəlxalq jurnalistika şöbəsinin müdiri Nərgiz Çərkəzqızı, “İRƏLİ” İctimai Birliyinin sədri, Vətən müharibəsi iştirakçısı Şahin Rəhmanlı çıxış edərək xalqımızın qürur tarixi olan 27 sentyabrda baş vermiş hadisələrdən, parlaq zəfərin başlanğıcından söz açıblar.

Qeyd olunub ki, Ermənistanın 30 illik işğalı müddətində ölkəmizin başçısı, Ali Baş Komandan cənab İlham Əliyev ən ali kürsülərdən suverenliyimizin bərpa olunmasının əhəmiyyətini, Qarabağın tarixi və əzəli Azərbaycan torpaqları olduğunu beynəlxalq ictimaiyyətə çatdırmışdır. Bu illər ərzində dövlətimiz ordu quruculuğunu inkişaf etdirmiş, ölkə gəncləri vətənpərvər ruhda, milli-mənəvi dəyərlərə sadiq tərbiyə edilmişdir.  

Daha sonra tədbirdə çıxış edən Vətən müharibəsi iştirakçıları Füzulinin azad olunmasına görə” və “Xocavəndin azad olunmasına görə” medalları ilə təltif edilmiş XTQ komandanlığının mənsubu Orxan Məmmədzadə, “Füzulinin azad olunmasına görə”, “Xocavəndin azad olunmasına görə” “Cəbrayılın azad olunmasına görə”  medalları ilə təltif edilmiş qazi Kənan Qasımov və qazi, “Kəlbəcərin azad olunmasına görə” və “1-ci dərəcəli hərbi xidmətə görə” medalları ilə təltif edilmiş qazi Akif Zeynalzadə çıxış edərək 44 günlük zəfər xatirələrindən, döyüş yoldaşlarının qəhrəmanlığından söz açıblar.

Bildiriblər ki, ölkə rəhbərliyinin gənclərə olan xüsusi diqqət və qayğısı nəticəsində 2-ci Qarabağ müharibəsinin əsas iştirakçıları olmuş müasir Azərbaycan gəncləri bu gün də daim vətənpərvər, savadlı yetişməkdədir.