XƏBƏRLƏR

“Zəfəri çiynində daşıyan məzar” adlı tədbir keçirilib

27 sentyabr, 2024

Azərbaycan Dillər Universitetində (ADU) 27 sentyabr - Anım Günü ilə bağlı “Zəfəri çiynində daşıyan məzar” adlı tədbir keçirilib.

Tədbirdə universitetin əməkdaşları, müəllimlər və tələbələr iştirak ediblər.

Öncə Dövlət Himni səsləndirilib.

Azərbaycanın ərazi bütövlüyü uğrunda şəhid olan qəhrəman Vətən övladlarının əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.  

ADU-nun rektoru, akademik Kamal Abdulla tədbir iştirakçılarını salamlayıb, Zəfər tariximizin əhəmiyyətindən danışıb.

Qeyd olunub ki, 27 Sentyabr Azərbaycan tarixinə qızıl hərflərlə həkk olunmuş bir tarixdir:

“Bu gün həm sevincli, həm də kədərli bir gündür. Azərbaycan öz doğma torpaqlarına qovuşmağın sevincini yaşayır. Eyni zamanda yüzlərlə qəhərman övladlarının itkisi ilə kədərlənir. Biz inanırdıq ki, Qarabağ azad olacaq. Biz inanırdıq ki, yenidən öz torpaqlarımıza qayıdacağıq. Zəfəri bizə yaşadanları heç vaxt unutmayacağıq.

Ali Baş Komandan, Cənab Prezident İlham Əliyein müdrik siyasəti, dərin biliyi və Vətənə olan sevgisi qələbəni bizə yaşatmaq üçün əsas oldu. Şəhidlərimizin, qazilərimizin böyük şücaəti, cəsarəti və igidliyi nəticəsində uzun illərdi həsrətində olduğumuz yurd yerlərinə qovuşduq. Bu gün Azərbaycan həqiqətləri bütün dünyaya məlumdur.

Bu il ADU-ya tələbələrin qəbul göstəriciləri ən yüksək həddə olmuşdur. Bu da bizə olan etimadın və inamın nəticəsidir. Bundan sonra da öz işimizdə, hərəkətimizdə, əməlimizdə qalib xalqa layiq şəkildə fəaliyyət göstərməliyik”.

ADU-nun Qafqazşünaslıq və Azərbaycan tarixi kafedrasının dosenti Namiq Kərimov və Psixologiya üzrə fəlsəfə doktoru  Günay Məmmədova məruzələrlə çıxış ediblər.

Daha sonra tələbələrin ifasında şeirlər səsləndirilib. Ədəbi-bədii musiqili kompozisiya təqdim olunub.