XƏBƏRLƏR

ADU-nun tələbələri “Əlilliyi olan gənclərin sosial-iqtisadi fəallığına dəstək” layihəsində iştirak ediblər

27 sentyabr, 2024

Azərbaycan Dillər Universitetinin (ADU) bir qrup tələbəsi DOST Agentliyi, UNICEF Azərbaycan və Dövlət Məşğulluq Agentliyinin birgə tərəfdaşlığı ilə həyata keçirilən “Əlilliyi olan gənclərin sosial-iqtisadi fəallığına dəstək” layihəsində iştirak ediblər.

Layihə çərçivəsində keçirilən motivasiya və sosiallaşma xarakterli şəbəkələşmə görüşlərində iştirakçılar üçün müxtəlif interaktiv və intellektual oyunlar təşkil olunub. Görüşdə əlilliyi olan gənclərin əmək bazarının tələblərinə uyğun işçi qüvvəsinə çevrilməsi, məşğulluq imkanlarının artırılması, bacarıqların inkişaf etdirilməsi və müvafiq təcrübə imkanlarının yaradılması məqsədilə müzakirələr aparılıb.

Məqsəd gənclərin sosial-emosional, rəqəmsal və iş həyatına keçid üçün zəruri bacarıqlarının inkişafı, uğurlu şəxslərin təcrübə və iş imkanlarından yararlanması və məşğulluq imkanlarının artırılmasıdır. Layihənin daha bir məqsədi dövlət və özəl müəssisələrlə əməkdaşlıq əlaqələrinin qurulması və əlilliklə bağlı mənfi davranış və strereotiplərin dəyişdirilməsidir.  Layihə, UNICEF-in “2021-2025-ci illər üçün ölkə proqramı” və Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi ilə imzalanmış “2023-2024-cü illər üçün dövri fəaliyyət planı”na əsaslanır.”