XƏBƏRLƏR

ADU-nun əməkdaşları və tələbələri Rusiya universitetlərinin sərgisində iştirak ediblər

27 sentyabr, 2024

20-21 sentyabr tarixlərində Bakıdakı Rus Evi irimiqyaslı tədbirin - Rusiya universitetlərinin sərgisinin meydançasına çevrilib. Tədbirdə Rus Evinin dəvəti ilə Rusiyaşünaslıq Mərkəzinin əməkdaşları və ADU-nun Beynəlxalq münasibətlər və regionşünaslıq fakültəsinin tələbələri iştirak ediblər.

Rusiyanın 26 universiteti 1000-dən çox qonağın - gələcək tələbələrin, valideynlərin, eləcə də, Azərbaycanın təhsil sektorunun nümayəndələrinin diqqətini cəlb edərək öz proqramlarını və təhsil imkanlarını təqdim edib.

Sərgi günləri əsl bilik bayramına çevrildi: universitetlər öz unikal proqramları, müasir təhsil texnologiyaları və peşəkar inkişaf perspektivləri haqqında danışaraq 11 ustad dərsi və mühazirə keçirdilər.

Sərgi Azərbaycan gəncləri üçün Rusiya təhsil sistemi haqqında daha çox öyrənmək, Rusiyanın aparıcı universitetləri ilə tanış olmaq və gələcək peşələrini şüurlu şəkildə seçmək üçün əla fürsət olub.