XƏBƏRLƏR

ADU-da “Azərbaycanda yaşayan azsaylı xalqların etnoqrafik özəllikləri” adlı dəyirmi masa keçirilib

26 sentyabr, 2024

Sentyabrın 25-də Azərbaycan Dillər Universitetində Bakı Beynəlxalq Multikulturalizm Mərkəzi, ADU-nun Regionşünaslıq kafedrası, Multikulturalizm Mərkəzi  və “Azərbaycanşünaslıq” Elmi Mərkəzinin təşkilatçılığı ilə “Azərbaycanda yaşayan azsaylı xalqların etnoqrafik özəllikləri” adlı dəyirmi masa keçirilib.

Tədbiri giriş sözü ilə açan ADU-nun Multikulturalizm Mərkəzinin müdiri, filologiya üzrə fəlsəfə doktoru Loğman Rəşidzadə bildirib ki, bu gün Azərbaycanda yaşayan milli azlıq və etnik qrupların mədəniyyəti ölkə mədəniyyətinin tərkib hissəsi kimi qorunaraq inkişaf edir. Hazırda Azərbaycan dünyanın ən sabit, multikulturalizm ənənələrini yaşadan, onu qoruyan ölkələrdəndir. Azərbaycan dövləti əhalisinin çoxmillətli olmasını özünün tarixi nailiyyəti hesab edir və milli-mədəni rəngarəngliyi cəmiyyətin zənginliyinə xidmət edən amil kimi dəyərləndirir.

Sonra Azərbaycanda yaşayan azsaylı xalqların etnoqrafik özəlliklərindən bəhs edən videoçarx nümayiş olunub.

Dəyirmi masada məruzə ilə çıxış edən Regionşünaslıq kafedrasının müdiri, professor Sevdagül Əliyeva Azərbaycanda yaşayan milli azlıqların adət-ənənələri haqqında geniş məlumat verib. Bildirilib ki, çoxmədəniyyətli, çoxmillətli diyar olan Azərbaycanda tarixən müxtəlif xalqlar, millətlər azad, firavan yaşamış, özlərinə hər zaman tolerant münasibət görmüş, öz etnik-mədəni xüsusiyyətlərini heç bir təqibə məruz qalmadan inkişaf etdirə bilmişlər. Ölkəmizdə milli azlıqların tarixi, mədəni adət-ənənələri bu gün də qoruyub saxlamaqdadırlar.

Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin Analitik şöbəsinin müdiri Rəşad İlyasov Ümummilli lider Heydər Əliyevin Azərbaycanda milli azlıqların hüquqlarının qorunması istiqamətində həyata keçirdiyi siyasətin bu gün Ölkə Prezidenti İlham Əliyev tərəfindən uğurla davam etdirildiyini bildirib. Qeyd olunub ki, Azərbaycan müxtəlif xalqların mehriban şəraitdə yaşadığı multikultural ölkədir. Ölkəmizdə etnik qruplar bütün bölgələrdə kompakt şəkildə yaşayır, dövlətin qayğı və himayəsini daim öz üzərlərində hiss edirlər. Azsaylı xalqların orta məktəblərdə öz ana dillərində təhsil almaları dövlət tərəfindən təmin olunur.

Dəyirmi masada iştirak edən Azərbaycan Respublikasının Alban-Udi Xristian Dini İcmasının sədri Robert Mobili, Azərbaycanda yaşayan Axıska Türkləri Vətən İctimai Birliyinin sədr müavini Yusif Səfərov, “Buduq” Xeyriyyə Cəmiyyətinin sədri Rafiq Abdullayev bildiriblər ki, Azərbaycan demokratik, hüquqi dövlət quruculuğu istiqamətindəki fəaliyyətində milli və dini azlıqların hüquqlarının qorunmasına xüsusi diqqət yetirir. Əsrlər boyu Azərbaycanda müxtəlif xalqların nümayəndələri sülh, qarşılıqlı hörmət və etimad şəraitində yaşayıblar. Bu gün də Azərbaycanda yaşayan etnik, irqi, dini müxtəlifliklər heç bir assimilyasiyaya uğramadan sərbəst şəkildə yaşayır və dünya mədəniyyətinə inteqrasiya edirlər.