XƏBƏRLƏR

“27 Sentyabr –Anım günü!” adlı tədbir keçirilib

26 sentyabr, 2024

Azərbaycan Dillər Universitetinin (ADU)  Pakistanda Milli Müasir Dillər Universiteti nəzdində fəaliyyət göstərən Azərbaycan Dil və Mədəniyyət Mərkəzi tərəfindən "27 Sentyabr - Anım günü" adlı tədbir keçirilib.

 Tədbir 2020-ci il sentyabrın 27-dən noyabrın 10-a qədər davam edən İkinci Qarabağ müharibəsində həyatını itirən şəhidlərin xatirəsinə həsr olunub.

 Tədbirdə Azərbaycan Respublikasının Pakistandakı səfiri Xəzər Fərhadov, Pakistanın dəyərli ictimai xadimləri, NUML universitetinin rəhbərliyi, müəlllim və tələbə kollektivi iştirak ediblər.

Tədbirdə hər iki ölkənin şəhid oğul və qızlarının əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Tədbiri giriş sözü ilə açan Dillər Fakültəsinin dekanı Professor Dr Cəmil Ashgar Cami Vətən müharibəsində qəhrəmancasına döyüşən Azərbaycan Bayrağını işğaldan azad edilən torpaqlarda dalğalandıran, ölkəmizin ərazi bütövlüyü yolunda canlarını fəda edən əsgər və zabitlərin, bütün şəhidlərin dərin ehtiram yad edilməsinin hər bir azərbaycanlının  və qardaş ölkə olan pakistanlıların  vətəndaşlıq və insanalıq borcu olduğunu vurğulayıb.

Tədbirdə çıxış edən cənab səfir- Xəzər Fərhadov Azərbaycan Respublikasının Prezidenti Cənab İlham Əliyevin sərəncamı ilə qeyd olunan “Anım Günü”nün tarixi şanlı səhifəmiz olduğunu dilə gətirib. O, Azərbaycanda vətən müharibəsində iştirak etmiş mübariz oğul və qızlarımızın şücaətinin yüksək qiymətləndirildiyindən, bütün şəhidlərimizin ruhuna ehtiram göstərildiyindən və xatirəsinin uca tutulduğundan bəhs edib. 

 Cənab Səfir qeyd edib ki, Ermənistan Respublikasının ölkəmizə qarşı 2020-ci il sentyabrın 27-dən başlayan növbəti hərbi təcavüzünə cavab olaraq, Azərbaycan Respublikası Silahlı Qüvvələri Ali Baş Komandanın rəhbərliyi altında işğal altındakı torpaqlarımızın azad edilməsi məqsədilə Vətən müharibəsinə başlayıb.

 Azərbaycan Respublikasının suverenliyi və ərazi bütövlüyü uğrunda gedən mübarizədə rəşadət göstərən əsgər və zabitlərimiz, arxa cəbhədə çalışan mülki insanlarımız, bütövlükdə xalqımız əzm və iradə, bir yumruq kimi birlik və həmrəylik nümayiş etdirərək, düşmənə sarsıdıcı zərbələr endirib.

Tədbirdə eyni zamanda NUML-ın Beynəlxalq münasibətlər fakültəsinin müəllimi Dr Attiq Ur Rehman da çıxışında Vətən müharibəsinin və Anım günün Azərbaycan tarixindəki yeri və əhəmiyyəti haqqında fikirlərini bölüşüb.

 Tələbə  Nataşa Baloch  Azərbaycanın qəhrəman oğulların xatirəsinə həsr olunmuş Nicat İsmayılovun “Zəfər Şeiri” adlı şeirini səsləndirib.

  Qarabağ müharibəsinə və müharibədə canından keçən igid oğullarımıza həsr olunmuş video da nümayiş olunub.

Tədbirdə NUML- Baş Direktoru Cənab Şahzad Munirin çıxışında şəhidlərin Allahın nəzərində nə qədər yüksək rütbəyə sahib olduğunu vurğulayıb. Azərbaycan xalqına və şəhid ailələrinə dərin hüznlə baş sağlığı dilə gətirib.