ADU-da “CLS Azərbaycan dili” proqramının bağlanış mərasimi keçirilib

Avqustun 8-də Azərbaycan Dillər Universitetində (ADU) ABŞ Dövlət Departamentinin Amerika Şurası və ADU-nun birgə layihəsi olan “CLS Azərbaycan dili” (Önəmli Dil Təqaüdü) proqramının bağlanış mərasimi keçirilib. Tədbirdə ADU-nun Beynəlxalq əlaqələr üzrə prorektoru, həmçinin "CLS" proqramının Azərbaycan üzrə direktoru, dosent Jalə Qəribova, ADU-nun Tədris işləri üzrə prorektoru, dosent Kifayət Hacıyeva, rektorun köməkçisi Coşqun Dadaşov, layihənin koordinatoru və müəllimi Ramiqə Şirəliyeva, müəllimlər - Hüzurə Ağayeva, Səbinə Əliyeva və Fidan Ələsgərova iştirak ediblər.
ADU-nun Beynəlxalq əlaqələr üzrə prorektoru, həmçinin “CLS” proqramının Azərbaycan üzrə direktoru Jalə Qəribova tədbir iştirakçılarını salamlayıb. O, amerikalı tələbələri proqramın başa çatması münasibətilə təbrik edib:
“Ümid edirəm ki, ölkəmizi bəyəndiniz, burada vaxtınızı səmərəli keçirdiniz. Azərbaycan dilinin incəliklərini öyrənmək üçün səkkiz həftə azdır, lakin mən sizin dərslərinizi müşahidə etdiyim müddətdə necə həvəs göstərdiyinizi gördüm. Yenidən ölkəmizə gələndə, inanıram ki, bunu təkminləşdirəcəksiniz. Layihənin başa çatması münasibəti ilə hamınızı təbrik edirəm. 2 ay ərzində amerikalı tələbələrə Azərbaycan dilini öyrədən müəllimlərə, onların ailələrinə, rezident direktora, dil partnyorlarına, administrativ heyətə, ABŞ Dövlət Departamentinin Amerika Şurasına və universitetdə yaradılan imkanlara görə rektor Kamal Abdullaya təşəkkürümü bildirirəm.”
ADU-nun Tədris işləri üzrə prorektoru Kifayət Hacıyeva çıxışı zamanı layihənin ərsəyə gəlməsində zəhməti keçən hər kəsə təşəkkürünü bildirib. Çıxışının sonunda o, həmçinin Azərbaycanın mədəniyyətini və tarixini öyrənən, tədqiqat işləri aparmaq istəyən hər bir tələbəyə həmişə dəstək göstərməyə hazır olduqlarını bildirib.
Rektorun köməkçisi Coşqun Dadaşov proqramın uğurla başa çatdığını söyləyib, yaradılan şəraitə görə rektor Kamal Abdullaya, tələbələrin ailələrinə və işin icrasında kömək edən digər şəxslərə təşəkkürünü bildirib.
Sonra amerikalı tələbələrə Azərbaycan dilini öyrədən müəllimlər, həmçinin onları evlərində qonaq edən valideynlər və dil həmkarları öz fikirlərini bildiriblər.
Bağlanış mərasimində amerikalı tələbələrin Bakıda və rayonlarda müxtəlif tarixi abidələri ziyarəti zamanı və dərs müddətində lentə alınmış fotoşəkillərdən ibarət videoçarx göstərilib.
Azərbaycan dilini öyrənən amerikalı tələbə və dil həmkarı tərəfindən Azərbaycan musiqisinin sədaları altında rəqs nümayiş olunub.
Sonda hədiyyələr təqdim olunub.
İyunun 13-də başlayan “CLS Azərbaycan dili” proqramı çərçivəsində 7 nəfər amerikalı tələbə 8 həftə ərzində Azərbaycan dilini öyrənib



















