XƏBƏRLƏR

ADU-nun rektoru amerikalı tələbələrlə görüşüb

25 iyul, 2024

İyulun 25-də Azərbaycan Dillər Universitetinin (ADU) rektoru akademik Kamal Abdulla  Amerika Şurası və ABŞ Dövlət Departamentinin birgə layihəsi olan “Critical Language Scholarship”  Proqramı çərçivəsində Azərbaycan dilini öyrənmək üçün ADU-ya gələn tələbələrlə görüşüb.

Azərbaycan dilinin və mədəniyyətinin zənginliyindən danışan rektor tələbələrlə səmimi söhbət edib, onların suallarını cavablandırıb. Söhbət zamanı tələbələrin dil bilikləri haqqında məlumat alaraq, müasir dövrdə xarici dil bilgisinin vacibliyindən, Azərbaycan tarixindən və dünya ölkələri arasındakı yerindən və rolundan danışıb. Həmçinin, Azərbaycan multikulturalizmi məfkurəsinin, Azərbaycan xalqının milli-mənəvi dəyərlərinin ümumbəşəri dəyərlərlə sintezinin, elm, təhsil və mədəniyyətin davamlı inkişafı sahəsində həyata keçirilən dövlət multikulturalizm siyasətinin tədqiqi və təbliğindən söz açıb:

“Bu gün bir çox ölkələrdə multikulturalizm ideyalarımızı, multikultural yanaşma tərzimizi İngiltərə, İtaliya, Cənubi Amerika, Portuqaliya, Serbiya, Gürcüstan və başqa ölkələrin universitetlərində də göstəririk. Biz qəti şəkildə bilirik ki, Azərbaycan multikulturalizmin beşiyində durub. Multikulturalizmi Azərbaycanda öyrənmək böyük üstünlükdür.

Rektor amerikalı tələbələrə öz ölkələrinə qayıtdıqları zaman yaxınlarına və dostlarına Azərbaycan, Azərbaycanın milli mənəvi dəyərləri, qədim və zəngin tarixi haqqında obyektiv məlumat verəcəklərinə əminliyini ifadə edib.

Görüşdə həmçinin, akademik Kamal Abdulla yeni çap olunmuş “Seçmələrin-seçməsi-Qranulalar” kitabını da tələbələrə hədiyyə edib.

Qeyd edək ki, CLS Azərbaycan dili proqramı çərçivəsində tələbələr dərslərdə iştirak edərək həm Azərbaycan dilini öyrənir, həm də Azərbaycan mədəniyyəti və tarixi ilə tanış olurlar. Eyni zamanda onlar Azərbaycanın müxtəlif bölgələrini səyahət edib, Azərbaycanı daha yaxından tanıyırlar.