ADU-nun professoru beynəlxalq kofransda iştirak edib

Azərbaycan Dillər Universitetinin (ADU) Fransız dilinin fonetikası və qrammatikası kafedrasının müdiri, professoru Ülfət İbrahim 13-14 iyun tarixlərində Mərakeş Krallığının Kenitra şəhərində yerləşən İbn Tofayl Universitetinin təşkilatçılığı ilə keçirilən, “Réflexion sur les cultures dans la pratique didactique”- adlı beynəlxalq kofransda iştirak edib.
Xarici dillərin didaktikasında mədəniyyət amilləri üzrə düşüncələrə aid beynəlxalq kofransı Kenitra universitetinin Xarici dillər, filologiya və incəsənət fakültəsi təşkil edib.
Elmi tədbirin əsas məqsədi dünyanın müxtəlif universitetlərində dil və mədəniyyət sahəsində çalışan, elmi-tədqiqat və araşdırma aparan mütəxəssisləri bir araya gətirmək və onların elmi məruzələrini dinləməkdən ibarət olub. Elmi konfrans onlayn və əyani formada təşkil edilib. Tədbiri giriş sözü ilə İbn Tofayl universitetin rektoru açıb. Daha sonra universitetin prorektoru və digər qonaqlar çıxış ediblər. Konfransda Mərakeşin müxtəlif universitetlərinin müəllim və tədqiqatçıları ilə bərabər xarici ölkələrdən, o cümlədən, Azərbaycan, Rusiya, Rumıniya, Əlcəzair, Tunis, Fransadan məruzəçilər çıxış ediblər.
Azərbaycan Dillər Universitetinin Fransız dilinin fonetikası və qrammatikası kafedrasının müdiri, f.f.d., professor Ülfət İbrahim konfransda “Le français dans le contexte plurilingue et interculturel universitaire en Azerbaïdjan” adlı məruzə ilə çıxış edib. Onun elmi məruzəsi Azərbaycan universitetlərində çoxdillilik və çox mədəniyyətlilik konteksində fransız dilinin yayılmasına həsr olunub.
Çıxış konfrans iştirakçılarının marağına səbəb olub, mövzu haqqında müxtəlif suallar tədqiqatçı tərəfindən cavablandırılıb.
Konfransın işi bağlı məcmuə dərc olunması planlaşdırıldığı bildirilib.
Sonda konfrans iştirakçılarına sertifikat təqdim edilib.