ADU-da 15 iyun- Milli Qurtuluş Gününə həsr edilmiş dəyirmi masa keçirilib
İyun 13-də Azərbaycan Dillər Universitetində Qafqazşünaslıq və Azərbaycan tarixi kafedrası və Regionşünaslıq kafedrasının təşkilatçılığı ilə 15 iyun- Milli Qurtuluş Gününə həsr olunmuş “Qurtuluşdan yeni əsrin çağırışlarına doğru” adlı dəyirmi masa keçirilib.
Tədbirdə prorektorlar, kafedra müdirləri, müəllimlər və tələbələr iştirak ediblər.
Açılış nitqi ilə çıxış edən Tədris işləri üzrə prorektor Kifayət Hacıyeva Azərbaycan xalqının taleyində böyük əhəmiyyəti olan günlərdən biri və önəmlisi tariximizə qızıl hərflərlə yazılmış 15 iyun - Milli Qurtuluş Günü olduğunu qeyd edib.
Daha sonra 15 iyun - Milli Qurtuluş Gününə həsr olunmuş videoçarx izlənilib.
Fakültə dekanı, professor İbrahim Kazımbəyli tədbirin əhəmiyyətini vurğulayaraq,Ümummilli Lider Heydər Əliyevin Azərbaycanı real təhlükələrdən xilas etməklə yanaşı, gələcək inkişaf strategiyasını müəyyənləşdirməsi və bu istiqamətdə mühüm addımlar ataraq Azərbaycan xalqı qarşısında xilaskarlıq missiyasını yerinə yetirməsindən bəhs edib.
Regionşünaslıq kafedrasının baş müəllimi, t.f.d. Firuzə Həyatova “Azərbaycanın taleyini dəyişən qayıdış” adlı məruzəsində müstəqilliyin ilk illərində gərginləşən iqtisadi, siyasi, sosial vəziyyətin ölkəni bu bəlalardan xilas edə biləcək, xalqı öz arxasıyca apara biləcək liderə ehtiyac olduğunu şərtləndirdiyini, bu şəxsin Heydər Əliyev olduğunu tarixin bir daha sübut etdiyini vurğulayıb.
Qafqazşünaslıq və Azərbaycan tarixi kafedrasının dosenti, YAP Ərazi partiya təşkilatının sədri Qorxmaz Mustafayev “Siyasi sabitliyin təminatı” adlı çıxışında Ulu Öndərin problemlərin həlli üçün ilk növbədə bütün səylərini vətəndaş qarşıdurmasının qarşısının alınmasına, sabitliyin təmin olunmasına yönəltdiyini və buna nail olaraq Azərbaycan xalqının gələcək inkişafı üçün möhkəm təməllər yaratmış olduğunu qeyd edib.
Qafqazşünaslıq və Azərbaycan tarixi kafedrasının dosenti Namiq Kərimov “Əsrin müqaviləsindən yaşıl enerjiyə” adlı məruzəsində “Əsrin müqaviləsi”nin reallaşması ilə respublikamızın iqtisadi-siyasi və mədəni həyatında konkret sahələr üzrə mühüm dəyişikliklər baş verdiyini və inkişafa nail olunduğunu diqqətə çatdırıb.