XƏBƏRLƏR

“Universitet və əmək bazarı” adlı dəyirmi masa keçirilib

10 iyun, 2024

Azərbaycan Dillər Universiteti rəhbərliyi ilə Əmək bazarı nümayəndələri arasında Universitet və əmək bazarı ilə bağlı “Universitet və əmək bazarı” adlı dəyirmi masa ətrafında görüş keçirilib.

Görüşü giriş sözü ilə açan Azərbaycan Dillər Universitetinin rektoru, akademik Kamal Abdulla nümayəndələri salamlayıb, pedaqoji və istehsalat təcrübəsinin tələbələrinin gələcək karyeralarının formalaşmasında əvəzsiz rol oynadığını bildirib. Rektor məzunların işlə təmin olunmasının universitetin əsas hədəflərindən biri olduğunu, məzunların bilik və bacarıq səviyyəsinə görə ali təhsil müəssisəsinin məsuliyyət daşıdığını, onların karyera inkişafının, işə qəbul üçün zəruri bilik və bacarıqlara malik olmalarının təmin edilməsinin daim diqqətdə saxlandığını qeyd edib.

Görüşdə Xarici İşlər Nazirliyi, Mədəniyyət Nazirliyi, Azərbaycanın Milli Qəhrəmanı Mübariz İbrahimov adına Biləsuvar Təhsil Kompleksinin direktoru Aqşin Bağırov, “Azərbaycan Televiziya və Radio Verilişləri” QSC-nin sədr müavini Rafiq Həşimov, Avrasiya Tərcümə Mərkəzinin direktoru Nərmin Məmmədova, Cəbrayıl rayonu Cocuq Mərcanlı kənd tam orta məktəbinin direktoru Zamin Həziyev, “Kaspi” liseyi Ağ şəhər filialının direktoru Rəqsanə Məmmədova, “Hədəf” Şirkətlər Qrupunun sosial işlər üzrə müavini Elvin Əliyev, Quba rayonu 2-ci Nügədi kənd 1 saylı tam orta məktəbinin direktoru Vüqar İmaməliyev, 27 saylı tam orta məktəbin direktoru Xatirə Əhmədova, 135 saylı tam orta məktəbin direktoru Şəfa Qurbanova, “Şəms” Tərcümə Mərkəzinin direktoru Nəsimi Həsənov, Gənclər və İdman Nazirliyinin İnsan resursları sektorunun müdiri Şahmar Tağıyev, Azərbaycan Britaniya Kolleci, Landau məktəbi, 35 saylı orta məktəb, Milli Arxiv İdarəsi, Evrika-Montessori Mərkəzinin nümayəndələri də  iştirak ediblər.

Görüşdə ixtisasdan asılı olaraq və ya olmayaraq tələbələrin seçdiyi düzgün peşə seçimi, fərdi və karyerada inkişaf metodları, karyera planlaması və karyerada yüksəliş, iş seçimi zamanı diqqət yetirilməli olan nüanslar, insan resursları strategiyası və növləri barədə bilik və təcrübələr bölüşülüb.