XƏBƏRLƏR

ADU və ÇDPU əməkdaşlığı: Elmi-mədəni inteqrasiyanın təminatı

05 iyun, 2024

İyunun 4-də Azərbaycan Dillər Universiteti (ADU) və Çeçenistan Dövlət Pedaqoji Universitetinin (ÇDPU) elmi şuralarının birləşmiş onlayn iclası keçirilib.

Çeçenistan Dövlət Pedaqoji Universitetinin rektoru İsmayıl Bayxanov iclası giriş sözü ilə açaraq, Azərbaycan Dillər Universitetinin rektoru, akademik Kamal Abdullanı və elmi şura üzvlərini salamlayıb, universitet kollektivinə dərin təşəkkürünü bildirib. Hər iki universitetin elmi şuralarının birgə iclasında mövcud vəziyyətin, yeni perspektivlərin müzakirə ediləcəyini qeyd edən rektor  Azərbaycanda baş verən müsbət dəyişiklikləri diqqətlə izlədiklərini və bu uğurlu fəaliyyətlərdən qürur duyduqlarını bildirib.

Azərbaycan Dillər Universitetində fəaliyyət göstərən Rus dili Mərkəzinin  fəaliyyətindən məmnunluq ifadə edən İsmayıl Bayxanov, eyni zamanda, Çeçenistan Dövlət Pedaqoji Universitetində də Azərbaycan Mərkəzinin uğurla fəaliyyət göstərdiyini qeyd edib. Bildirilib ki, bu mərkəzlər vasitəsilə hər iki ölkənin təhsil müəssisələri arasında əlaqələr daha da möhkəmlənir, xalqlarımız arasındakı dostluq, qardaşlıq münasibətləri inkişaf edir.

Onlayn iclasda Azərbaycan Dillər Universitetinin rektoru, akademik Kamal Abdulla  Çeçenistan Dövlət Pedaqoji Universitetinin rektoru İsmayıl Bayxanov və şura üzvlərini səmimiyyətlə salamlayıb. Hər iki ali təhsil müəssisəsi arasındakı əməkdaşlığı yüksək qiymətləndirən rektor bu əlaqələrin müxtəlif istiqamətlərdə daha da genişlənəcəyinə əminliyini ifadə edib. Akademik Kamal Abdulla Çeçenistan Dövlət Pedaqoji Universitetinin nailiyyətlərini sevindirici hal kimi dəyərləndirib, orada fəaliyyət göstərən Azərbaycan Mərkəzinin xalqlarımız arasında mədəni və elmi əlaqələrin inkişafına böyük töhfə verdiyini qeyd edib. Bildirilib ki, Azərbaycan Dillər Universitetində fəaliyyət göstərən Rus dili Mərkəzi də iki universitet arasındakı əməkdaşlığı gücləndirir. Bu mərkəzlər vasitəsilə hər iki universitetin tələbələri və professor-müəllim heyəti arasında qarşılıqlı anlayış və əməkdaşlıq əlaqələri genişlənməkdədir.

Universitetlər arasındakı birgə fəaliyyətin ümumi işə böyük töhfə verdiyini vurğulayan akademik Kamal Abdulla Azərbaycan və Çeçenistanın tarixini, mədəniyyətini dərindən öyrənmək məqsədi ilə hər iki ali təhsil müəssisəsində müştərək laboratoriya yaradılmasını təklif edib. Bu fəaliyyətin yalnız təhsil, elm  sahələrində deyil, eyni zamanda, iki xalqın tarixi və mədəni inteqrasiyasına da xidmət edəcəyi diqqətə çatdırılıb.

İclasda ADU-nun Beynəlxalq əlaqələr üzrə prorektoru Jalə Qəribova universitetin beynəlxalq əlaqələri ilə bağlı məruzə ilə çıxış edib. Bildirilib ki, Azərbaycan Dillər Universiteti qlobal miqyasda təhsil və elm sahəsindəki mövqeyini gücləndirmək istiqamətində uğurla addımlayır. ADU dünyanın bir çox nüfuzlu ali təhsil ocaqları, elmi-tədqiqat müəssisələri ilə sıx əməkdaşlıq edir, bu əməkdaşlıqlar universitetin beynəlxalq nüfuzunun artmasına əhəmiyyətli təsir göstərir. ADU-nun iştirak etdiyi beynəlxalq layihələr, mübadilə proqramları və elmi konfranslar tələbə və müəllimlərin beynəlxalq təcrübə qazanmasına, eləcə də qlobal elmi ictimaiyyətə inteqrasiyasına şərait yaradır. Həmçinin, ADU-da fəaliyyət göstərən müxtəlif ölkələrin mədəniyyət mərkəzləri – o cümlədən, Rus dili Mərkəzi universitetin beynəlxalq əlaqələrini möhkəmləndirir. Bu mərkəzlər vasitəsilə ADU müxtəlif ölkələrdən olan tələbə və tədqiqatçıları bir araya gətirərək, beynəlxalq elmi və mədəni əlaqələrin inkişafına töhfə verir.

ADU və ÇDPU arasında ikitərəfli əməkdaşlığın genişləndirilməsinə önəm verən prorektor Azərbaycan dili və mədəniyyəti yay məktəbinə Çeçenistan Dövlət Pedaqoji Universitetinin tələbələrinin göndərilməsini təklif edib, həmçinin hər iki universitet arasında Qafqazşünaslıq və Qafqaz dillərinin tədqiqi ilə ortaq bir təşəbbüslə çıxış edib. ÇDPU-da fəaliyyət göstərən Azərbaycan Mərkəzinin milli mədəniyyətimizlə bağlı maarifləndirici rolunu yüksək qiymətləndirən Jalə Qəribova bu mərkəz vasitəsilə ÇDPU-da Azərbaycan multikulturalizm fənninin tədrisinə başlamasını təklif edib.

İclasda “Təhsil sahəsində Azərbaycanla əməkdaşlıq: mövcud vəziyyət və perspektivlər” mövzusunda məruzə ilə çıxış edən Çeçenistan  Dövlət Pedaqoji Universitetinin əməkdaşı Tamara Avtaeva 2023-2024-cü illər ərzində Azərbaycana ondan çox işgüzar səfər edildiyini bildirib: “Bu müddət ərzində Azərbaycan Dillər Universiteti, Bakıdakı Rus evi, Azərbaycan Rusdilli Təhsil müəssisələri Assosiasiyası, Odlar Yurdu Universiteti, Azərbaycan Dövlət Pedaqoji Universiteti, Azərbaycan Yazıçılar Birliyi, Bakı Beynəlxalq Multikulturalizm Mərkəzi və “Evrika” Gimnaziyası ilə tərəfdaşlıq əlaqələri qurulmuşdur. Həmçinin Azərbaycan Dillər Universiteti, Azərbaycan Yazıçılar Birliyi və Bakı Beynəlxalq Multikulturalizm Mərkəzi ilə əməkdaşlıq müqavilələri imzalanmışdır. Bununla yanaşı, Azərbaycanda rus dilində təlim verən regional təhsil şəbəkəsinin təhlili aparılmış, Azərbaycan Respublikasının ümumtəhsil müəssisələrində rus dilində tədrisin normativ-proqram və tədris-metodiki təminatının monitorinqi həyata keçirilmişdir. Azərbaycan Respublikasında, Rusiya təhsil standartlarına uyğun kadr hazırlığı həyata keçirən birgə təhsil müəssisələrinin yaradılması üçün təhsil infrastrukturunun optimal şəraiti müəyyən edilmişdir”.

ADU və ÇDPU arasında əməkdaşlığın yüksələn xətlə inkişaf etdiyini diqqətə çatdıran Tamara Avtaeva 2023-cü ilin 12-16 iyun tarixlərində Azərbaycan Dillər Universitetində Rusiya Federasiyası Təhsil Nazirliyinin Açıq Təhsil Mərkəzinin, 21 iyun tarixində ÇDPU-da Azərbaycan Mədəniyyəti Mərkəzinin açılışı olduğunu, bu il mayın 7-də rektor İsmayıl Bayxanovun başçılıq etdiyi nümayəndə heyətinin ADU-da keçirilən “Heydər Əliyev: Multikulturalizm və Tolerantlıq İdeologiyası” VII Beynəlxalq Konfransında iştirak etdiyini xatırladıb. Qeyd olunub ki, 2024-cü ilin iyun-avqust aylarında ÇDPU Azərbaycanın ümumtəhsil məktəblərində rus dilində dərs deyən müəllimlər və ali məktəb tələbələri - gələcəyin müəllimləri üçün Yay Pedaqoji Seminarı həyata keçirir.

Görüşdə çıxış edən ÇDPU-nun əməkdaşı Raisa Buralova ADU-nun Pedaqogika kafedrasının nəzdində Çeçenistan Dövlət Pedaqoji Universitetinin “Açıq Təhsil Mərkəzi”nin fəaliyyətinin ikitərəfli əməkdaşlığa verdiyi töhfəni yüksək dəyərləndirib, gələcək perspektivlər barədə danışıb. Eyni zamanda, ADU-da fəaliyyət göstərən Rus dili Mərkəzi də iki universitet arasında əlaqələrin gücləndirilməsində mühüm rol oynayır. Bu mərkəzlər vasitəsilə hər iki universitetin tələbələri dil öyrənmək və mədəniyyətlərarası əlaqələri inkişaf etdirmək üçün geniş imkanlar əldə edirlər.

M.Qaziyeva isə hər iki universitet arasında əlaqələrin getdikcə gücləndiyini və gələcəkdə də bu əməkdaşlığın yüksələn xətlə davam edəcəyinə əminliyini ifadə edib. Bildirilib ki, Azərbaycan Dillər Universiteti və Çeçenistan Dövlət Pedaqoji Universiteti arasındakı əməkdaşlıq yalnız təhsil sahəsində deyil, həm də mədəni sahədə böyük əhəmiyyət kəsb edir. İki universitet arasında keçirilən birgə tədbirlər və layihələr elmi araşdırmaların genişlənməsinə və beynəlxalq səviyyədə tanınmasına şərait yaradır.

Çıxışlardan sonra ÇDPU-da fəaliyyət göstərən Azərbaycan Mərkəzinin fəaliyyəti haqqında nümayiş etdirilən videoçarx mərkəzin xalqlarımız arasında mədəni və elmi əlaqələrin inkişafına verdiyi böyük töhfələri geniş şəkildə işıqlandırdı. Videoçarxda Azərbaycan Mərkəzinin Çeçenistan və Azərbaycan arasında mədəni əlaqələrin gücləndirilməsində oynadığı rol ətraflı şəkildə təqdim edildi. Bildirildi ki, mərkəzdə Azərbaycan mədəniyyətinin tanıdılması, müxtəlif mədəni tədbirlərin təşkili və elmi mübadilələrinin həyata keçirilməsi mühüm yer alır. Azərbaycan Mərkəzinin fəaliyyəti iki ölkə arasında mədəni inteqrasiyanı gücləndirərək, Azərbaycan mədəniyyətinin Çeçenistanda geniş kütlələrə tanıdılmasına xidmət edir. Mərkəzin təşkil etdiyi mədəni tədbirlər, sərgilər və elmi seminarlar, Azərbaycan mədəniyyətinin zənginliyini və müxtəlifliyini təqdim edərək, Çeçenistan cəmiyyətində böyük maraq oyadır. Bu, Azərbaycan və Çeçenistan arasındakı dostluq əlaqələrinin möhkəmlənməsinə və qarşılıqlı anlaşmanın artmasına töhfə verir.

İclasın sonunda hər iki universitetin rektoru mövcud əməkdaşlıqdan məmnun olduqlarını və gələcəkdə bu əlaqələrin daha da inkişaf etdirilməsi üçün yeni təşəbbüslərin həyata keçirilməsinin vacibliyini vurğulayıblar.

 

Sadiq Zaman,

filologiya üzrə fəlsəfə doktoru