XƏBƏRLƏR

ADU-da yüksək bal toplamış abituriyentlərlə görüş keçirilib

05 iyun, 2024

İyunun 4-də Azərbaycan Dillər Universitetində bu il buraxılış imtahanlarında yüksək bal toplamış abituriyentlərlə görüş keçirilib. “EDU Company” təhsil şirkətinin dəstəyi ilə keçirilən tədbirdə Azərbaycanın ərazi bütövlüyü və müstəqilliyi uğrunda şəhid olan qəhrəman Vətən övladlarının xatirəsi bir dəqiqəlik sükutla yad edilib, Dövlət Himni səsləndirilib.

Görüş iştirakçılarını salamlayan tədbirin aparıcıları bildiriblər ki, ADU hazırda təkcə ölkənin deyil, dünyanın ən prestijli ali təhsil ocaqlarındandır: “Azərbaycanın görkəmli alimi, Xalq yazıçısı Kamal Abdullanın ADU-ya rəhbərlik etdiyi vaxtdan universitetdə xüsusi inkişaf dövrü başlayıb. Akademik Kamal Abdullanın, eyni zamanda, titulsuz bir tanıtım kimliyi də var ki, bu da onun müasir Azərbaycan ədəbiyyatının yeni obrazını dünyaya tanıdan bir yazıçı olmasıdır. Kamal Abdullanın müxtəlif dillərə tərcümə olunan əsərləri müasir Azərbaycan ədəbiyyatının daha dolğun şəkildə tanıtımı üçün böyük əhəmiyyət daşıyır. Hazırda akademik Kamal Abdulla nəsri vasitəsilə dünyanın bir çox ölkəsində Azərbaycan ədəbiyyatının yeni dalğası haqqında geniş oxucu kütləsində təsəvvürlər formalaşır”.

Azərbaycan Dillər Universitetinin rektoru Kamal Abdulla abituriyentləri salamlayaraq, bu görüşün universitet həyatını, imkanlarını və uğurlarını tanıtmaq baxımından böyük əhəmiyyət kəsb etdiyini bildirdi. Universitet həyatının müxtəlif aspektlərindən bəhs edən rektor ADU-da təhsil alan tələbələrin geniş mədəni və sosial imkanlara malik olduğunu qeyd edib. Bildirilib ki, universitetin təşkil etdiyi müxtəlif tədbirlər, layihə və proqramlar tələbələrin hərtərəfli inkişafına böyük töhfə verir. ADU tələbələri respublikanın müxtəlif rayonlarında pedaqoji təcrübə keçərək, praktik bacarıqlarını artırmaq və yerli təhsil müəssisələrinə dəstək vermək imkanı əldə edirlər. Bu təcrübə tələbələrə həm öz ixtisas sahələrində, həm də müəllimlik peşəsində daha səriştəli olmalarına kömək edir.

ADU məzunlarının uğurları haqqında danışan rektor onların həm ölkə daxilində, həm də beynəlxalq səviyyədə tanındığını və yüksək qiymətləndirildiyini vurğuladı. Universitet məzunlarının müxtəlif sahələrdə, o cümlədən, təhsil, diplomatiya, tərcümə və digər peşə sahələrində nailiyyətləri ADU-nun nüfuzunu artırır və abituriyentlərə gələcəkdə uğurlu karyera qurmaq imkanı verir.

Bildirilib ki, Azərbaycan Dillər Universiteti artıq ikinci ildir ki, ölkə üzrə ən yaxşı nəticə əldə edərək QS reytinq cədvəlində  “Müasir dillər” üzrə dünyada ən yaxşı 301-340 universitetlər qrupuna daxil olub. Bu yüksək nəticə universitet kollektivinin böyük zəhmətinin nəticəsidir və universitetin gələcəkdə daha da yüksək nailiyyətlər əldə etməsi üçün böyük stimul yaradır. ADU bu mövqeyini qoruyub saxlamaq və daha da yüksəltmək üçün səylərini əsirgəməyəcək, təhsil keyfiyyətinin artırılması və beynəlxalq əlaqələrin genişləndirilməsi istiqamətində fəaliyyətlərini davam etdirəcək.

Görüşdə Azərbaycan Dillər Universitetinin uğurları, beynəlxalq reytinqlərdə qazandığı yüksək mövqe və tələbə həyatının rəngarəngliyi haqqında məlumat verən ADU-nun tədris işləri üzrə prorektoru, dosent Kifayət Hacıyeva universitetin müxtəlif beynəlxalq layihə və proqramlarda fəal iştirak etdiyini, beynəlxalq universitetlərlə əməkdaşlıq əlaqələrinin möhkəmləndirildiyini və bu istiqamətdə bir çox mühüm addımlar atıldığını bildirib. O, həmçinin ADU-nun xarici dillər üzrə mütəxəssis hazırlığında regionun qabaqcıl təhsil müəssisələrindən biri olduğunu vurğuladı.

Dosent Kifayət Hacıyeva, universitetin tələbə həyatı haqqında da maraqlı məlumatlar verib. O, ADU-da tələbələrin yalnız təhsil almaqla kifayətlənməyib, eyni zamanda, müxtəlif sosial və mədəni tədbirlərdə fəal iştirak etdiklərini qeyd edib. Universitetdə keçirilən müxtəlif tədbirlər, yarışlar, seminarlar və konfranslar tələbələrin həm şəxsi, həm də peşəkar inkişafına böyük töhfə verir. Tələbələr arasında birlik və dostluq əlaqələrinin gücləndirilməsi, onların müxtəlif layihələrdə iştirak etməsi və təşəbbüskarlıq göstərməsi universitet həyatını daha maraqlı və dinamik edir.

Sonra “Edu Company” təhsil şirkətinin İctimaiyyətlə əlaqələr şöbəsinin rəhbəri Taleh Həsənli şirkətinin geniş fəaliyyət sahələri və yüksək keyfiyyətli təhsil xidmətlərindən danışıb. O, şirkətin ölkə daxilində geniş şəbəkəyə malik olduğunu və tələbələrə müxtəlif təhsil proqramları təklif etdirildiyini bildirib. Qeyd olundu ki, “Edu Company”nin məqsədi, tələbələrin akademik və peşəkar bacarıqlarını inkişaf etdirmək və onlara beynəlxalq səviyyədə rəqabət apara biləcək bilik və bacarıqlar qazandırmaqdır. “Edu Company”nin fəaliyyəti, yalnız akademik təhsillə məhdudlaşmır. Şirkət, tələbələrə müxtəlif sosial və mədəni tədbirlərdə iştirak etmək imkanı yaradır və onların şəxsi inkişafına böyük töhfə verir.

 “Edu Company” təhsil şirkətinin təsisçisi və baş direktoru Samir Əzizov rəhbərlik etdiyi müəssisənin təhsil sahəsindəki mütərəqqi ənənələri və nailiyyətlərindən danışıb. Qeyd olundu ki, şirkətin kollektivi təhsilin keyfiyyətini artırmaq, tələbələrin fərdi və peşəkar inkişafına töhfə vermək məqsədilə böyük əzmkarlıqla çalışır, “Edu Company”nin geniş fəaliyyət sahələri və təhsil proqramları müasir tələblərə cavab verir. Bu təhsil müəssisəsinin məzunları əldə etdikləri bilik və bacarıqlarla həm ölkə daxilində, həm də xaricdə böyük uğurlar qazanaraq, Edu Company-nin nüfuzunu daha da artırırlar.

Sonra mükafatlandırma mərasimi keçirilib. Buraxılış imtahanlarında yüksək bal toplayan abituriyentlər - Selcan Abasova, Aygün İbadova, Mənsumə Qarayeva, Fatimə Hüseynli, İsaxan Tağızadə, Ayan Bayramlı, Kərim Kərimov, Bəsirə Axundova, Nihad Musayev, Aytac Əliyeva, Melisa Əsgərli və digərlərinə “Edu Company”nin rəhbərliyi tərəfindən mükafatlar təqdim edilib.

p.s.

Tədbirdən sonra abituriyentlərlə həmsöhbət olduq. Buraxılış imtahanlarında yüksək bal toplayan abituriyentlər - Mənsumə Qarayeva,  Fatimə Hüseynli, İsaxan Tağızadə, Fatiməxanım Qasımzadə söhbət zamanı bildirdilər ki, ADU rəhbərliyi ilə görüş onların unuversitet haqqında ətraflı məlumat əldə etmələrinə, universitetin təklif etdiyi imkan və perspektivləri daha yaxşı dərk etmələrinə kömək oldu. Görüş, həmçinin, abituriyentlərin ADU-da təhsil almaq istəyini daha da artırıb və onların universitetə olan marağını gücləndirilib. Əminliklə bildirilib ki, Azərbaycan Dillər Universitetdə keçirilən görüş, bu təhsil müəssisəsinin zəngin tarixi, geniş imkanları haqqında verilən məlumatlar abituriyentlərin doğru seçim etmələrinə yardım edəcək.

Sadiq Zaman,

filologiya üzrə fəlsəfə doktoru