Təhsil üzrə ekspert Yalçın İslamzadə ADU-nun qonağı olub
Azərbaycan Dillər Universitetinin (ADU) Regionşünaslıq kafedrası və Elmi Kitabxananın təşkilatçılığı ilə primatoloq Frans de Vaalın “İçimizdəki meymun” adlı elmi-kütləvi kitabının müzakirəsi keçirilib.
Biologiya və psixologiya üzrə ixtisaslaşan Frans de Vaal kitabında insanlar və ona ən yaxın primatlar arasında təkamül əlaqələrini araşdırır və bu növlər arasında davranış, sosial struktur, ünsiyyət, əməkdaşlıq, duyğulardakı oxşarlıq və fərqləri təhlil edir, eyni zamanda, insan təbiəti və əxlaqın mənşəyi haqqında maraqlı fikirlər irəli sürür. Kitabda De Vaal həm insanların, həm də primatların eyni məqsədlər üçün fərqli yollarla səy göstərdiyini bildirir.
Regionşünaslıq kafedrasının baş müəllimi, t.ü.f.d. Vüsalə Əfəndiyeva “İçimizdəki meymun” kitabın müzakirəsini təşkil etməklə yanaşı, Norveçşünaslıq ixtisasının birinci kurs tələbələrinə sərbəst iş tapşırığı kimi verib.
Müzakirədə qonaq qismində təbiət elmləri üzrə bir sıra dərsliklərin müəllifi və təhsil üzrə ekspert Yalçın İslamzadə də iştirak edib.
Qonaq bəşəri problemlər, insanlararası münasibətlər, təhsil və bir çox mövzularda fikirlərini bölüşüb, müəllimlərin və tələbələrin kitabla bağlı suallarını cavablandırıb.
Müzakirədə iştirak edən Beynəlxalq Əlaqələr üzrə prorektor prof. J.Qəribova, Regionşünaslıq kafedrasının müdiri prof. S.Əliyeva və həmin kafedranın müəllimləri- H.Sadıqlı, b/m Ü.Hüseynova, b/m B. Abdulla kitabla bağlı öz fərqli perspektivlərini irəli sürüblər.