XƏBƏRLƏR

Regionşünaslıq ixtisası üzrə təhsil alan magistrantların elmi tədqiqat və pedaqoji təcrübəsi başa çatıb

29 may, 2024

Azərbaycan Dillər Universitetinin Regionşünaslıq ixtisası üzrə  təhsil alan  II kurs magistrantları ixtisas fənləri üzrə elmi tədqiqat və pedaqoji təcrübəni  Regionşünaslıq kafedrasında keçiriblər.

Amerika, Böyük Britaniya, Skandinaviya, İsrail, Yaponiya, Çin, MŞA, Balkanşünaslıq ixtisasları üzrə  təhsil alan II kurs magistrantların təcrübəsi  martın 1-dən - aprelin 30 – na qədər davam edib.

 Magistrantlar kafedranın fəaliyyəti ilə yaxından tanış olub, dərslərdə passiv olaraq oturub, sillabusların tərtibini, necə yerinə yetirilməsini izləyib, dərslərin keçilmə qaydaları, dərs vəsaitlərinin və materiallarının düzgün istifadəsini  nəzəri cəhətdən öyrənib, kafedra müəllimlərinin açıq dərslərində və onların müzakirəsində iştirak ediblər.

Nəzəri hazırlıqdan sonra təcrübə müddətində tələbələr aktiv dərslər keçdi və  müxtəlif tədbirlərdə və dəyirmi masalarda çıxışlar etdi və ya dinləyici qismində  iştirak ediblər.  Magistrantlların hər biri  təcrübəni ixtisaslarına uyğun fənn müəllimlərinin rəhbərliyi ilə keçiblər.

Təcrübənin bir hissəsi elmi tədqiqatla bağlı olduğu üçün magistrantlar dissertasiyalar və onları maraqlandıran sahələr üzrə tezislər yazıb, məqalələr çap etdiriblər. 

Tələbələr ADU-nun Magsitratura şöbəsinin Regionşünaslıq ixtisası üzrə 235 və 229-cu qrup magistrantları Gülnar Zamanova və Hənifə Əhmədova “Türk Dünyasına Genç Bakışı” Uluslarası Lisanüstü Öğrençi simpoziumunda iştirak ediblər.

G.Zamanova “Zəngəzur dəhlizinin Türk Dünyası üçün əhəmiyyəti”, H.Əhmədova “Türk Mitolojisindeki Hayvan Figürlerinin Rolü ve Anlamı” mövzuları ilə  onlayn olaraq beynəlxalq simpoziumda çıxış ediblər.

Regionşünaslıq kafedrasının təşkil etdiyi “Novruz adətləri” adlı tədbirdə  Hənifə Əhmədova, Bənövşə Behbudova və Gülnar  Tahirli  çıxış ediblər.

Regionşünaslıq kafedrasının təşkil etdiyi “Azərbaycanın ekoloji vəziyyəti” adlı tədbirdə müəllimlər və qonaqlarla yanaşı  Gülnar Tahirli və Nəzrin Babayeva  da çıxış ediblər.

Regionşünaslıq kafedrasının təşkil etdiyi “Müasir Amerika cəmiyyətinin problemləri” adlı dəyirmi masada Cavidan Muradov ingilis dilində  ətraflı təqdimatla çıxış edib.

Regionşünaslıq kafedrası tərəfindən Şamil Mahmudbəyovun 100 illik yubileyi münasibətilə keçirilən tədbirdə Hənifə Əhmədova çıxış edib.

Regionşünaslıq kafedrası, Magistratura Şöbəsi və Azərbycanşünaslıq Mərkəzi tərəfindən birgə hazırlanmış “Azərbaycan filmlərində milli geyimlərin nümayişi” adlı tədbirdə Nərmin Muradova çıxış edib.

Regionşünaslıq kafedrası tərəfindən Məmməd Əmin Rəsulzadənin 140 illiyi münasibətilə “Mühacirət həyatı və elmi yaradıcılığı” na həsr olunmuş tədbirdə Nəzrin Babayeva  çıxış edib.

Magistrantlardan   14 nəfəri  Tələbə Elmi Cəmiyyətinin təşkil etdiyi Ümumilli Lider Heydər Əliyevə həsr olunmuş “Heydər Əliyev və Milli Mədəniyyət Strategiyası” adlı tələbə-şagird elmi konfransında tezisləri ilə çıxış ediblər.

Aktiv praktika dövründə  magistrantlar Amerikanın tarixi, Norveçin tarixi, Balkan ölkələrinin etnoqrafiyası, Çin tarixi,  Norveçin sosial təhlükəsizlik və sosial müdafiəsı, Böyük Britaniyada turizm,  İsrailin tarixi, Yaponiyanın etnoqrafiyası, MŞA-nın xarici siyasəti  fənlərində dərslər keçiblər.

Təcrübənin sonunda Magistratura şöbəsinin müdiri Dos. Firuzə Rzayevanın və ADU-nun Əlavə Təhsil  təcrübə və karyera şöbəsinin baş mütəxəssisi  Nərgiz Axundovanın iştirakı ilə təcrübənin  yekun konfransı keçirilib.

Magistratura şöbəsinin müdiri dos.Firuzə Rzayeva təcrübə müddətində tələbələrin kafedra əməkdaşlarının işindən razı qaldığını bildirib. Həmçinin, o magistrantları təcrübənin bitməsi münasibəti ilə təbrik edib və gələcək fəaliyyətlərində uğurlar arzulayıb.