“Heydər Əliyev siyasətində ətraf mühitin mühafizəsi məsələləri” mövzusunda olimpiada keçirilib

24 may 2024-cü ildə Azərbaycan Dillər Universitetinin Beynəlxalq Münasibətlər və Regionşünaslıq fakültəsində BMT-nin İqlim dəyişikliyi üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının COP 29-un Azərbaycanda keçirilməsi ilə əlaqədar silsilə tədbirlərdən növbətisi - “Heydər Əliyev siyasətində ətraf mühitin mühafizəsi məsələləri” mövzusunda olimpiada keçirilib.
Olimpiadada iştirak edən tələbələrlə görüşən fakültənin dekanı prof. İ.Kazımbəyli Heydər Əliyevin daima ətraf mühitin mühafizəsinə qayğı ilə yanaşdığını və xüsusilə Bakı şəhərində yaşıllıqların salınmasına xüsusi diqqət yetirdiyini tələbələrin diqqətinə çatdırıb. Daha sonra İ.Kazımbəyli BMT-nin İqlim dəyişikliyi üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının COP 29-un Azərbaycanda keçirilməsinin ölkəmiz üçün əhəmiyyətindən danışıb. Bunu Azərbaycanın dünya arenasında artan nüfuzunun, beynəlxalq aləmdə etibarlı tərəfdaş imicinin qazanmasının məntiqi nəticəsi kimi qiymətləndirib. Eyni zamanda Azərbaycan həqiqətlərinin dünyaya çatdırılması baxımından da bu beynəlxalq tədbirin əhəmiyyəti böyükdür. İ.Kazımbəyli tələbələrə uğur arzu etməklə yanaşı, noyabr ayında keçiriləcək tədbirdə müəllim və tələbələrin yaxından iştirak edəcəyinə əminliyini vurğulayıb.
Olimpiadanın suallarının hazırlanmasında fakültənin ictimai fəal tələbələri Məhdi Əmirov, Fərid Hacızadə və Mətin Fətizadə yaxından iştirak edib. Olimpiadanın nəticələri ilə bağlı yaxın günlərdə məlumat veriləcək.







