Sərxan Abdullayevin yaradıcılığına həsr olunmuş “Dilin min bir dili” adlı tədbir
Azərbaycan Dillər Universitetinin Təhsil 1 fakültəsi nəzdində Alman dilinin leksikologiyası və üslubiyyatı kafedrasının sabiq müdiri professor Sərxan Abdullayevin elmi yaradıcılığına həsr olunmuş “Dilin min bir dili” adlı tədbir keçirilib.
Tədbirdə ADU-nun rektoru akademik Kamal Abdulla, alimin ailə üzvləri, ADU-nun professor-müəllim heyəti, Təhsil 1 fakültəsinin “Alman dili müəllimliyi” ixtisası üzrə təhsil alan tələbələri, Sərxan Abdullayevsevərlər iştirak edib.
Tədbiri giriş sözü ilə açan rektor Kamal Abdulla birgə çalışdıqları dövrdə S.Abdullayevlə bağlı xatirələrini tədbir iştirakçılarının diqqətinə çatdırıb. ADU-nun Müəllim Həmkarlar Təşkilatının sədri Misgər Məmmədov dilin bədii qavrayış prosesinə təsiri haqqında ətraflı məlumat verib.
Tədbir boyu alimin araşdırmaları tələbələrin ifasında konkret nümunələrlə təqdim olunub. Sonda S.Abdullayev ona göstərilən diqqət və qayğıya görə universitetin rektoru K.Abdullaya minnətdarlığını bildirib.
S. Abdullayev uzun müddət Alman dilinin leksikologiyası və üslubiyyatı kafedrasının müdiri vəzifəsində çalışıb.
Nəsillərdən nəsillərə ötürülən bu estafet alman dilinə olan hörmət və ehtiramın təntənəsidir.
Dahilərdən biri söyləmişdir: ”Biz ona görə uca görünürük ki, müəllimlərimizin çiynində dayanmışıq”. Alman dili mütəxəssislərinin bugünkü nəsli məhz öz müəllimlərinin çiynində dayandıqlarına görə uca görünürlər.