“Söz sənəti və ana təbiət” mövzusunda dəyirmi masa keçirilib

Filologiya fakültəsi nəzdində Azərbaycan ədəbiyyatı kafedrası və Beynəlxalq jurnalistika şöbəsinin birgə əməkdaşlığı ilə Birləşmiş Millətlər Təşkilatının İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası (COP-29) ilə bağlı 20 may 2024-cü il tarixində ADU-nun Qiraətxana zalında “Söz sənəti və ana təbiət” mövzusunda dəyirmi masa keçirilmişdir. Tədbiri Azərbaycan ədəbiyyatı kafedrasının müdiri akademik Muxtar İmanov giriş sözü ilə açmışdır.
Tədbirdə Azərbaycan ədəbiyyatı kafedrasının dosenti, filologiya üzrə fəlsəfə doktoru Aytən Hacıyeva “Klassik Azərbaycan ədəbiyyatında təbiət mövzusu”, Xarici ölkələr ədəbiyyatı kafedrasının müəllimi Qismət Rüstəmov “Ekoloji ədəbi tənqid”, Azərbaycan ədəbiyyatı kafedrasının jurnalistika ixtisaslı müəllimi dosent, filologiya üzrə fəlsəfə doktoru Aynurə Hüseynova “Çağdaş Azərbaycan jurnalistikası və ekoloji terror problemi”, müəllim Günel Qəribova “COP-29 konfransı Azərbaycan və dünya mətbuatında” adlı məruzələrlə çıxış etmişlər.
Tədbirdə Ekologiya və Təbii Sərvətlər Nazirliyi Milli Hidrometeorologiya Xidməti İqlim dəyişmələri mərkəzinin direktor müavini Aygün Nərimanova qonaq qismində çıxış etmişdir.
Dəyirmi masada ADU-nun Doktorantura şöbəsinin müdiri Nərgiz Qarayeva və Azərbaycan ədəbiyyatı kafedrasına təhkim olunmuş elmlər doktoru proqramı üzrə doktorant və dissertantlar, II kurs magistrantlar və Beynəlxalq jurnalistika şöbəsinin II kurs tələbələri də iştirak etmişlər.





















