XƏBƏRLƏR

“COP29- Ekoloji dayanıqlığa və yaşıl artıma diqqət” mövzusunda dəyirmi masa keçirilib

17 may, 2024

Azərbaycan Dillər Universitetinin Elmi Kitabxana və İnformasiya Xidməti Mərkəzi, Təhsil1 fakültəsi və Rektorun sosial məsələlər üzrə müşavirinin   birgə təşkilatçılığı ilə “COP29- Ekoloji dayanıqlığa və yaşıl artıma diqqət” mövzusunda dəyirmi masa keçirilib.

Rektorun sosial məsələlər üzrə müşaviri Ələddin Əliyev tədbiri giriş sözü ilə açıb, “COP29 – Azərbaycanın beynəlxalq aləmdə artan nüfuzu” mövzusunda çıxış edib. Müşavir bildirib ki, COP29-un Azərbaycanda keçirilməsi ilə bağlı qərar ölkəmizə növbəti dəfə böyük etimad və inamın göstəricisidir. Dünya birliyinin Azərbaycana göstərdiyi inam və etimad isə Prezident İlham Əliyevin həyata keçirdiyi uğurlu daxili və xarici siyasətin nəticəsidir. Ölkəmizin bu tədbirə ev sahibi kimi seçilməsi həm də onu göstərdi ki, Azərbaycan qlobal səviyyədə iqlim dəyişiklikləri ilə mübarizə aparan dövlət kimi özünü tanıda bilib və beynəlxalq ictimaiyyət tərəfindən qəbul edilib. 

Tədbirdə rektorun köməkçisi Anar Osmanlı, “Təmiz ətraf mühitə nail olmaq və yaşıl inkişafın təşviqi” mövzusunda çıxış edib. Rektor köməkçisi çıxışında ekoloji tarazlığın və ətraf mühitin qorunması, alternativ enerji mənbələrindən səmərəli istifadə, eləcə də, iqlim dəyişmələrinin qarşısının alınması istiqamətində görülən işlərin əhəmiyyətindən danışıb, Azərbaycan Prezidentinin Sərəncamı ilə 2024-cü ilin respublikamızda “Yaşıl dünya naminə həmrəylik ili” elan edilməsinin ölkəmizdə ətraf mühitin mühafizəsi sahəsində aparılan məqsədyönlü və ardıcıl dövlət siyasətinin tərkib hissəsi olduğunu diqqətə çatdırıb.

Təhsil 1 fakültəsinin dekanı professor Fikrət Cahangirov “Azərbaycan COP29-un varisi kimi”  mözusunda çıxış edərək, BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası (COP29) kimi qlobal tədbirin ölkəmizdə keçirilməsinin böyük əhəmiyyətindən bəhs edib.

Təhsil 2 fakültəsinin dekanı dosent Salman Nuriyev “Azərbaycanda ətraf mühitin mühafizəsi və iqtisadi artım arasında tarazlığın yaradılması” mövzusunda çıxış edib.

Diqqətə çatdırılıb ki, son illər dünyada ekoloji tarazlığın pozulması bütün ölkələrdə olduğu kimi, Azərbaycanda da bu sahəyə diqqətin artırılmasını zəruri edib.

Tibbi biliklər və mülki müdafiə kafedrasının müdiri dosent Sevda Zamanova  “COP 29-dan irəli gələn maliyyə və investisiya imkanları” mövzusunda çıxış edib. Vurğulanıb ki, COP 29-dan irəli gələn maliyyə və investisiya imkanları Azərbaycanın iqtisadi istəkləri üçün çox vacibdir. COP29 təkcə ətraf mühit layihələri üçün deyil, həm də işğaldan azad edilmiş ərazilərə qayıdışla bağlı yaşıl təşəbbüslər üçün kanal rolunu oynayır.

Elmi Kitabxana və İnformasiya Xidməti Mərkəzinin direktoru Cəmilə Əliyeva “Azərbaycanda iqlim siyasəti  və COP29-a sədrliyə gətirib çıxaran fəaliyyəti” mövzusunda məruzə ilə çıxış edib.

Məruzə və çıxışlarda COP29-un ölkəmizdə keçirilməsinə dair qərarın həm yerli, həm də xarici müşahidəçilər tərəfindən çox mühüm bir hadisə kimi qiymətləndirildiyi qeyd edilib.

Bildirilib ki, bu tədbirin ölkəmizdə keçirilməsi qərarı Azərbaycanın beynəlxalq aləmdə nüfuzunun daha da yüksəldiyini göstərir.

Eyni tarixdə həmçinin, ADU-nun Filologiya və Beynəlxalq Münasibətlər və Regionşünaslıq fakültəsi ilə birgə “Tərəflər Konfransının 29-cu sessiyası və Yaşıl dünya naminə həmrəylik” adlı maarifləndirmə tədbiri keçirilib.

EKİXM-in direktoru Cəmilə Əliyeva Tərəflər Konfransının Azərbaycanda keçirilməsinin ölkəmiz üçün siyasi və iqtisadi əhəmiyyətini vurğulamaqla yanaşı, beynəlxalq tədbir çərçivəsində ölkənin qazanacağı təcrübənin töhvələrini də qeyd edib. Eyni zamanda, konfransın keçirilmə məqsədləri və diqqət sahələri tələbələrin nəzərinə çatdırılıb. Tələbələrə COP 29 ilə bağlı ADU-da keçirilməsi planlaşdırılan tədbirlər planı haqqında ətraflı məlumat verilib.

Daha sonra, kitabxana şöbəsinin əməkdaşı Gülnar Əliyeva, tərəflər konfransının 29-cu sessiyasında qarşıya qoyulan məqsədlər, Paris Sazişi və ondan irəli gələn öhdəliklər haqqında məlumat verib. O, konfransın təşkili və keçirilməsi müddətində həmrəylik və həmkarlıq üçün könüllülüyün əhəmiyyətindan danışıb.

Sonda tələbələr tərəfindən verilən suallar cavablandırılıb.