ADU-da “Yaşıl təfəkkürün formalaşmasında təhsilin rolu” mövzusunda Respublika elmi-praktik konfransı keçirilib
Mayın 16-da Azərbaycan Dillər Universitetində “Yaşıl dünya naminə həmrəylik ili” çərçivəsində “Yaşıl təfəkkürün formalaşmasında təhsilin rolu” mövzusunda Respublika elmi-praktik konfransı keçirilib. Tədbirdə millət vəkilləri, ADU-nun müəllim-professor heyəti və tələbələr iştirak ediblər.
Azərbaycan Dillər Universitetinin rektoru, akademik Kamal Abdulla konfrans iştirakçılarını salamlayaraq tədbirin əhəmiyyətindən danışıb. Bildirilib ki, Azərbaycanın iqlim dəyişikliyi ilə mübarizədə dünyanın ən mötəbər tədbirlərindən olan COP29-a yekdil qərarla ev sahibi seçilməsi həm respublikamız, həm də bütün dünya üçün mühüm əhəmiyyət kəsb edir. Azərbaycan Dillər Universitetində keçirilən “Yaşıl təfəkkürün formalaşmasında təhsilin rolu” adlı elmi-praktik konfrans iqlim dəyişikliyi problemləri haqqında tələbələrin məlumatlılığının artırılmasına kömək edəcək, insanların ətraf mühitin mühafizəsi fəaliyyətlərində iştirakını təşviq edəcək.
Konfransda çıxış edən Milli Məclisin Təbii ehtiyatlar, energetika və ekologiya komitəsinin sədri Sadiq Qurbanov BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası - COP29-un Azərbaycanda keçirilməsinin əhəmiyyətindən danışıb. Millət vəkili bildirib ki, müasir dünyanı narahat edən qlobal ətraf mühit problemləri - iqlim dəyişmələri, su ehtiyatlarının tükənməsi, torpaqların deqradasiyası, atmosfer havasının çirklənməsi və s. problemlər həllini gözləyən təxirəsalınmaz məsələlərdəndir. İqlim dəyişmələri və onların canlı aləmə təsiri dünya ictimaiyyətini getdikcə daha çox narahat edir. İstixana qazlarının emissiyalarının artması ilə təbii istixanaların təsirinin güclənməsi, yer səthi və atmosferin əlavə olaraq istiləşməsi ilə nəticələnir ki, bu da bəşəriyyəti təhlükəyə məruz qoya bilər.
Bu kimi ekoloji problemlərin qarşısını almaq üçün BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasına Tərəflərin Konfransı – COP Konvensiyasının ali qərar qəbul edən orqanıdır. Hər il dünyanın hər yerindən hökumət nümayəndələri COP-da toplaşaraq iqlim dəyişmələrinin qarşısının alınması və fəsadlarının aradan qaldırılması istiqamətində birgə səylər göstərmək üçün çağırışlar edir.
Qlobal ekoloji böhran şəraitində iqtisadiyyat, cəmiyyət və ətraf mühit arasında zəruri balansın saxlanması, həmçinin, bizim ətraf mühitə münasibətimizdən asılıdır. Yaşıl iqtisadiyyata keçmək üçün yaşıl təfəkkürün formalaşması vacib şərtdir. Təbiəti qorumaq üçün hamılıqla bu amal uğrunda birləşməliyik.
Milli Məclisin Təbii ehtiyatlar, energetika və ekologiya komitəsinin üzvü İltizam Yusifov çıxış edərək bildirib ki, COP29-un Azərbaycanda keçirilməsi, ilk növbədə, BMT tərəfindən Azərbaycanın iqlim məsələsində üzərinə götürdüyü öhdəlikləri yerinə yetirməsinin etirafıdır. Bundan əlavə, COP29-un Azərbaycanda keçirilməsi BMT səviyyəsində ölkədə siyasi və iqtisadi sabitliyin tanınmasından xəbər verir.
Azərbaycan bərpa olunan enerji sahəsində qabaqcıl ölkələr sırasına yüksəlmək əzmindədir və bu məqsədlə zəngin potensialından istifadə edir. Təmiz ətraf mühit və “yaşıl artım” ölkəsinə çevrilmək Azərbaycan dövlətinin milli hədəflərindən biridir.
Konfransda ADU-nun Beynəlxalq əlaqələr üzrə prorektoru, dosent Jalə Qəribovanın “Universitetlərin reytinq cədvəlində davamlı inkişaf komponenti” mövzusunda çıxışı dinlənilib.
Rumıniyanın Aleksandr İoan Kuza adına Yassı Universitetində Azərbaycan Multikulturalizmi mərkəzinin direktoru, filologiya elmləri doktoru, professor Lyudmila Bejenaru Ulu Öndər Heydər Əliyevin Azərbaycanda ekoloji problemlərin davamlı inkişaf prinsipləri əsasında həll edilməsi istiqamətində həyata keçirdiyi mühüm tədbirlərdən danışıb. Bildirilib ki, Ulu Öndərin fəaliyyəti dövründə ölkədəki ekoloji vəziyyət həmişə xüsusi diqqət mərkəzində olub, ətraf mühitin mühafizəsi ilə bağlı müəyyən olunmuş prioritetlər üzrə tədbirlər görülüb. Xalqımızın Ümummilli Lideri Abşeronun yaşıllıqlar diyarına çevrilməsi üçün bir çox tədbirlərin görülməsinə nail olub. Ulu Öndər Heydər Əliyevin uzaqgörən siyasəti, o cümlədən, ekologiya sahəsində verdiyi tövsiyələr bu gün də görülən işlərdə rəhbər tutulmaqdadır.
Konfransda çıxış edən ADU-nun Filologiya fakültəsinin dekanı Həmidə Əliyeva bildirib ki, COP29-un Azərbaycanda keçirilməsi dünyanın diqqətini respublikamıza cəlb edəcək və onun davamlı inkişaf prinsiplərinə bağlılığını nümayiş etdirəcək. Bu mötəbər tədbir ölkəmizin beynəlxalq arenada nüfuzunun daha da artmasına və Azərbaycan həqiqətlərinin dünya ictimaiyyətinə çatdırılmasına güclü təkan verəcək.