XƏBƏRLƏR

ADU-da müştərək dərs keçirilib

15 may, 2024

Azərbaycan Dillər Universitetinin Filologiya fakültəsinin 338a/338b qruplarında Türkologiyaya giriş fənni üzrə Azərbaycan dilçiliyi kafedrasının müəllimi Firuzə Ağaməmmədova ilə Türk Dünyası Araşdırmaları Mərkəzinin mütəxəssisi, Ege Universitetinin məzunu Cəlal İbrahimlinin müştərək dərsi keçirilib.

Dərsdə müasir dövrdə türk dillərinin yayıldığı coğrafi areal haqda məlumat verilib, uzun tarixi inkişaf yolu keçmiş müasir türk dillərinin qədim dil xüsusiyyətlərini qorumaqla bərabər bir sıra fonetik, leksik və qrammatik özəlliklər əldə etdiyi qeyd olunub.

 Səs əvəzlənmələrinin müxtəlifliyi, lüğət tərkibində baş vermiş dəyişikliklər oğuz, qıpçaq, bulqar, qarluq, oğuz-uyğur qrupları üzrə müqayisə edilib. Müasir Azərbaycan ədəbi dilində işləkliyini itirmiş leksik vahidlərə dialektlərdə rast gəlindiyindən bəhs edilib.

Sonra tələbələrin sualları cavablandırılıb.

Azərbaycan dilçiliyi kafedrasının müdiri dos.Fərəh Niftəliyeva müştərək dərsin əhəmiyyətindən danışıb. O, dərsin eyni kökdən törəyən dillərin öyrənilməsi, türkdilli xalqlar arasında əlaqələrin genişləndirilməsi, Türk Dünyası Birliyinin möhkəmləndirilməsi istiqamətində aparılan işlərdə gəncləri daha fəal olmağa təşviq edəcəyini qeyd edib.