XƏBƏRLƏR

Başqa ölkələri tanımaq Azərbaycanı tanımaqdan KEÇİR - ADU-da Müsahibə

01 iyun, 2023

Azərbaycan Dillər Universitetinin Beynəlxalq jurnalistika şöbəsinin müdiri Nərgiz Çərkəzqızı Referans.az-a müsahibə verib.

Həmin müsahibəni təqdim edirik. 

-Sizcə, Kamal Abdulla rektor kimi ADU-ya hansı yeniliklər gətirdi?

İlk olaraq onu deyə bilərəm ki, ADU-da bir çox mərkəzlər açıldı: Multikulturalizm mərkəzi, Macar dili və mədəniyyəti mərkəzi, İndoneziya araşdırmalar mərkəzi, İsrail və Yaxın Şərq araşdırmalar mərkəzi, Serb dili və mədəniyyəti mərkəzi, Hindi dili və mədəniyyəti mərkəzi, Rusiyaşünaslıq mərkəzi, Pakistan dili və mədəniyyəti mərkəzi, Erməni araşdırmalar mərkəzi, Yunanıstan mədəniyyət mərkəzi və s. Adını çəkdiyim ölkələrin səfirləri, ayrı-ayrı nümayəndələri mərkəzlər tərəfindən universitetə dəvət olunur, müəllim və tələbə heyəti ilə görüşürlər. Eyni zamanda adını çəkdiyim ölkələrin bir çoxunda Azərbaycan mərkəzləri də fəaliyyət göstərir. Həmin mərkəzlərin də təşəbbüskarı məhz Azərbaycan Dillər Universitetidir, universitetin rektoru Kamal Abdulladır.

Kamal müəllim universitetə maraqlı bir ənənə gətirib – “Bir günlük xəlifə” ənənəsi. Ənənənin mahiyyəti ondan ibarətdir ki, ilin bir günündə ADU-nu xəlifə-tələbələr idarə edirlər – rektor, prorektor, dekan və şöbə müdirləri vəzifələrində. Xəlifə-tələbələri digər tələbə yoldaşları seçirlər. Seçilmiş tələbələr hətta vəzifədə olduqları bir günün əmək haqqını da alırlar. Xəlifə-tələbələr universitetin elmi-pedaqoji və ictimai həyatı ilə bağlı müxtəlif qərarlar qəbul edirlər. Həmin qərarlar universitet Elmi şurasında müzakirə olunur və həyata keçirilir.
 Kamal müəllim bir rektor olaraq universitetin ölkədaxili əlaqələrini də diqqət mərkəzində saxladı, orta məktəblərlə, xüsusən də qaçqın-köçkün məktəbləri ilə universitet arasında geniş əlaqələr yaratdı. Bu əlaqələrin bir forması bölgələrdəki orta məktəblərdə universitet müəllimlərinin və universitetin yuxarı kurs tələbələrinin xarici dillərdən dərs deməyidirsə, başqa bir forması universitetin keçirdiyi müxtəlif tədbirlərə orta məktəb müəllim və şagirdlərinin cəlb edilməsidir. Tədbirlərə misal olaraq bu yaxınlarda keçirilmiş “Heydər Əliyev və türk dövlətləri ilə əlaqələrin istiqamətləri” mövzusunda tələbə-şagird konfransını göstərmək olar. Konfransda Bakıdakı orta məktəblərlə yanaşı, Cəbrayıl (Cocuq Mərcanlı), Ağdam, Füzuli, Biləsuvar rayonlarındakı orta məktəblərin də müəllim-şagird heyəti iştirak edib. Ayrıca Yaradıcılıq fakültəsinin ADU-da fəaliyyət göstərməsi də akademik, Xalq yazıçısı Kamal Abdullanın adı ilə bağlı yeniliklərdəndir. Yüksək səviyyəli ədəbiyyatşünasların, eləcə də dilçilərin dərs dediyi bu fakültədə şeir, nəsr və dramaturgiya sahəsində xüsusi istedadı olan gənclər təhsil alırlar və söz sənətinin incəliklərinə yiyələnirlər. İki illik təhsil müqabilində Yaradıcılıq fakültəsinin məzunlarına ADU və Mədəniyyət Fondu adından xüsusi diplom verilir.
 Kamal müəllimin xüsusi diqqət yetirdiyi məsələlərdən biri universitet müəllimlərinin elmi səviyyəsinin daha da artırılmasıdır. Kamal müəllimin təşəbbüsü ilə bu istiqamətdə atılan müxtəlif addımlar sırasında tanınmış alimlərin universitetdə Elmi seminarının təşkil edilməsi, ən müasir və ən aktual mövzularda məruzələrin dinlənilməsidir.
 Azərbaycan Dillər Universitetində akademik Kamal Abdullanın adı ilə bağlı yenilikləri saymaqla qurtarmaz. Yeniliklər sayəsində universitetdə yaranmış sağlam elmi-pedaqoji şəraitin parlaq nəticəsidir ki, Azərbaycanda ilk dəfə olaraq universitetimiz QS beynəlxalq reytinq cədvəlində 161 ölkədən 1594 Ali Təhsil müəssisəsi arasında 301-ci yerə layiq görülüb. Bildiyiniz kimi, universitet bu il 75 yaşını qeyd edəcək. Düşünürəm ki, beynəlxalq reytinq cədvəlində layiqli yer tutmağımız 75 illiyimizə böyük hədiyyədir.

- Kamal Abdullanı bir insan kimi necə səciyyələndirərdiniz?

Zahirən zəhmli görünsə də, son dərəcə həssas qəlbi olan bir insan kimi.

- ADU-da jurnalistika ixtisası nə vaxtdan fəaliyyət göstərir?

İxtisas olaraq 2012/13-cü ildən tədris olunur. Amma Beynəlxalq jurnalistika şöbəsi olaraq Kamal müəllimin əmrinə əsasən 2021-ci ildən fəaliyyət göstəririk. 2022-ci ilin tədris ili başlayanda rektoratın qərarı ilə Beynəlxalq jurnalistika şöbəsi Rəşid Behbudov korpusundan Təbriz korpusuna köçürüldü. Bu bəzi tələbələr arasında narazılığa səbəb oldu. Ona görə ki, həmin tələbələr artıq Rəşid Behbudov korpusunun yaxınlığında kirayə ev tutmuşdular. Təbriz korpusuna getmək üçün onlar nəqliyyatdan istifadə etməliydilər. Belə bir məqamda Kamal müəllimin humanistliyi yenə də özünü göstərdi – rektorun əmrinə əsasən, 18 tələbəyə yanvar ayına qədər universitetin büdcəsindən 50 manat pul ödənildi ki, nəqliyyatla bağlı müvəqqəti çətinlik aradan qalxsın. 

Siz ADU-da neçə ildir dərs deyirsiniz?

2009-ci ildən ADU-da fəaliyyət göstərirəm. 2014-cü ildən isə ADU-da jurnalistika ixtisası üzrə dərs deyirəm.

-ADU-da jurnalistika ixtisası üzrə təhsil alan tələbələrin formalaşmasında bir rektor kimi Kamal Abdullanın rolunu nədə görürsünüz?

Universitetdə yaradılmış sağlam elmi-pedaqoji şəraitin mühüm göstəricilərindən biri olan kadr məsələsində, jurnalistika ixtisasına dərindən yiyələnmiş yüksək səviyyəli müəllimlərin universitetə cəlb edilməsində. ADU-da jurnalistika ixtisası üzrə dərslər ingilis dilində keçirildiyinə görə müəyyən çətinliklər qarşıya çıxır. Həm jurnalistikaya dərindən bələd olan, həm də bu ixtisası ingilis dilində tədris etməyi bacaran müəllimləri universitetə cəlb etməklə Kamal müəllim bu çətinliyi aradan qaldırır. Bununla yanaşı, Kamal müəllim universitetdə beynəlxalq jurnalistika üzrə ingilis dilində təhsil alan tələbələrin ana dilində – doğma Azərbaycan dilində yüksək peşəkarlıqla yazılar yazıb müsahibələr götürməsinə xüsusi diqqət yetirir və bu məsələ ilə bağlı müəyyən tədbirlər görür. Azərbaycan ədəbiyyatı kafedrasında əvvəldən müəyyənləşdirilmiş bədii əsərlərin – həm Azərbaycan, həm də dünya ədəbiyyatına aid nümunələrin oxudulması, bu oxu səviyyəsinin kafedra müəllimləri tərəfindən yoxlanılması və yalnız yoxlamadan müsbət qiymət alanların imtahana buraxılması ana dili ilə bağlı, ədəbi dilimizin yüksək səviyyədə mənimsədilməsi ilə bağlı mühüm tədbirlərdən biridir.
 Yeri gəlmişkən deyim ki, ADU-da xarici dillərin tədrisi Azərbaycan dilinin tədrisi ilə, xarici ölkələr ədəbiyyatının tədrisi Azərbaycan ədəbiyyatının tədrisi ilə paralellik yaradır və vəhdət təşkil edir. Akademik Kamal Abdullanın bir rektor kimi bu paralelliyə və vəhdətə xüsusi diqqət yetirməsini ADU-da ayrıca Azərbaycanşünaslıq mərkəzinin yaradılmasından və mərkəzin fəaliyyətinə geniş meydan verilməsindən də görmək olar. 

– Belə söyləmək olarmı ki, akademik Kamal Abdullanın bir rektor kimi idarəçilik kursunda başqa dilləri öyrənmək Azərbaycan dilini öyrənməkdən, başqa ölkələri tanımaq Azərbaycanı tanımaqdan başlayır?
 
– Əlbəttə.

Müəllif: Aqil Qarayev

LINK