XƏBƏRLƏR

Şərq və Qərb mədəniyyətinin qovşağında yerləşən ali təhsil ocağı

18 may, 2023

Azərbaycan Dillər Universiteti - 75 

ADU-nun dosenti, filologiya üzrə fəlsəfə doktoru Vüsalə Ağabəylinin "Xalq qəzeti"ndə dərc olunan "Şərq və Qərb mədəniyyətinin qovşağında yerləşən ali təhsil ocağı" yazısını təqdim edirik.

 

  Dünyanın istənilən ölkəsində təhsilin əsas meyarlarından biri xarici dildir. Hər bir elm adamı, tədqiqatçı bunu təsdiq edə bilər ki, xarici dildə kifayət qədər bilik, mənbə və informasiya mübadiləsi yoxdursa, araşdırılan elm sadəcə maklaturaya çevrilib qalır. Bu gün müxtəlif dünya universitetlərində fəaliyyət göstərən alimlərin özünəməxsus ORCID kodu ilə tanınması, elmi əsərlərinin DOI kodu vasitəsilə Beynəlxalq Elmi Kitabxanaya, Crossref təşkilatı bazasına, o cümlədən, SCOPUS, WEB OF SCIENCES indeksli jurnallara çıxışı məhz xarici dillərin inkişafı sayəsindədir.

Hələ ötən əsrin 20-ci illərindən Azər­baycanda xarici dillərin tədrisi önəmli hesab edilmiş, Azərbaycan Pedaqoji İns­titutunda Xarici dillər kafedrası və onun əsasında fakültə yaradılmışdır. Daha sonra isə xarici dil mütəxəssislərinin ha­zırlanmasını yaxşılaşdırmaq məqsədilə 1948/1949-cu tədris ilindən Bakı şəhə­rində APİ-nin Xarici dillər fakültəsinin bazasında Pedaqoji Xarici Dillər İnstitutu yaradıldı. Bəli, həmin tarixdən artıq 75 il keçir. Dövlətimiz, o cümlədən, dünyanın bir çox ölkələrinə kifayət qədər potensial­lı kadr hazırlayan Azərbaycan Dillər Uni­versitetinin indi 75 yaşı var və bu təhsil ocağı hazırda dünyanın müasir standart­ları ilə ayaqlaşmağa çalışaraq, qapılarını tələbələrinin üzünə geniş açır. 

Mədəni ruhu, pozitiv atmosferi ilə seçilən bu universitet qədim ənənələri qorumaqla yanaşı, Şərq mədəniyyətini və Qərb təfəkkürünü özündə cəmləşdirir. Əbəs yerə ADU-nu Şərqlə Qərbin qovşa­ğında olan bir təhsil ocağı adlandırmadıq. Burada aparıcı dünya ölkələrinin – Alma­niya, Fransa, İtaliya, İspaniya, Koreya, Amerika, Yaponiya, İndoneziya, Avstriya və s. ölkələrin mərkəzləri fəaliyyət göstə­rir. Tələbələr müvafiq ixtisaslar üzrə seç­diyi ölkəni yalnız nəzəri biliklər əsasında deyil, həm də aidiyyatı olan mərkəzlərdə o ölkənin mühitini, ənənələrini və ab-ha­vasını duyaraq, həmin ölkələrin səfirləri və nümayəndələri ilə tez-tez görüşərək təhsil alırlar.

Fərəhlə vurğulamaq lazımdır ki, son dövrlər ADU-nun multikultural əlaqələri akademik Kamal Abdullayevin sayəsin­də daha da genişlənmişdir. Burada Ser­biya, Macarıstan, Pakistan, Yunanıstan kimi ölkələrin mərkəzləri də fəaliyyət göstərməyə başlamışdır. Yeni yaradıl­mış mərkəzlərdən Erməni Araşdırmalar Mərkəzinin isə rolu 44 günlük Vətən sa­vaşında daha çox önəm kəsb etmişdir. Bundan başqa, 2018-ci ildən bəri Ser­biyada, İndoneziyada, Rusiyada, Çində və Pakistanda açılmış Azərbaycan dili mərkəzləri, əslində, yalnız ADU üçün de­yil, həm də bütöv Azərbaycan üçün əhə­miyyətli addımdır. Həmin mərkəzlərdə fəaliyyət göstərən ADU mütəxəssislərinin məqsədi yalnız Azərbaycan dilinin tədrisi deyil, həmçinin Azərbaycan mədəniyyə­tinin, tarixinin tanınmasına, o cümlədən, ölkənin maraqlarının qorunmasına xid­mət edir. 2018-ci ildə Serbiya Respubli­kasının Prezidenti Aleksandr Vuçiçə fəxri doktor diplomunun verilməsi üçün məhz ADU-nun seçilməsi də universitetin nü­fuzunun göstəricilərindəndir. Bundan başqa, Prezident İlham Əliyevin sərən­camı ilə 2017-ci ildə Azərbaycanın digər ali təhsil müəssisələri arasında ilk olaraq, ADU-ya publik hüquqlu şəxs statusu ve­rilməsi də ölkə başçısının universitetə olan diqqətinin göstəricisidir. 

L.Berne demişkən, alim bank xə­zinədarına oxşayır, onun əlində böyük xəzinələrin açarı var, amma bu xəzinələr onun deyil. Dillər Universitetinin alimləri, müəllimləri də əllərində xəzinə açarı da­şıyırlar. O açarlar ki, dünyanın müxtəlif ölkələrində xəzinələri açmaq potensialı­na malik kadrlardır. Danılmaz faktdır ki, bu universitetin yetirmələri istər tərcümə­çi, istər siyasətçi, istər tədqiqatçı kimi bir çox ölkələrdə çalışırlar. Hazırda Azərbay­canın digər təhsil ocaqlarında xarici dillər üzrə fəaliyyət göstərən kadrların da bö­yük əksəriyyəti ADU-nun payına düşür. 

Bütün dünyanı hazırlıqsız saran koro­navirus pandemiyası zamanı tədris pro­sesinin pozulmaması məqsədilə ADU-da elektron kitabxana, Pdf. dərs vəsaitləri tələbələrə əlçatan olmuş, informasiya tex­nologiyaları, virtual məkanın idarə olun­ması üzrə təkmilləşdirilmə təlimləri keçiril­mişdir. Bununla yanaşı, artıq universitetin elektronlaşdırılması istiqamətində əsaslı addımlar atılmış, növbəti tədris ilindən etibarən elektron jurnal, tələbə-müəllim kabineti və s. innovativ yeniliklərin tətbiqi­nin nəzərdə tutulmasını isə şəffaflığın art­masına xidmət edəcək nüanslardan biri kimi dəyərləndirmək olar. 

Bu gün Essex və Strazburq univer­sitetləri ilə ikili proqramlar Erasmus + və Mövlanə kimi mübadilə proqramlarını həyata keçirən ADU TURFLİ proqramı, CLS yay məktəbi, OPI təlimi və s. kimi beynəlxalq təlim və tədris layihələrində iştirak tədrisin keyfiyyətinə xidmət edir.

Sokrat deyirdi ki, təhsil bir qığılcım­la atəşi yandırmaqdır, boş bir qabı dol­durmaq deyil. Bu baxımdan da təhsilin səmərəliliyinin təşkili məqsədilə, univer­sitetin potensiallı qığılcımlarını atəşə çevirmək üçün mütəxəssislərin cəlb olunduğu ixtisasartırma kursları, bey­nəlxalq konfranslar, Nizami layihəsi və PETRA layihəsində iştirak da son beş ildə ADU-nun inkişafı baxımından atılan önəmli addımlardandır. 2017–2018-ci il­lərdə şəxsən iştirak etdiyim Beynəlxalq PETRA layihəsi Azərbaycan, İspaniya, Finlandiya, Türkiyə, Macarıstan və Avst­riyadan, ümumilikdə, 14 universitet ilə birlikdə Azərbaycan universitetlərində ali təhsilin keyfiyyətinin inkişaf etdirilməsi məqsədi daşıyır. Müxtəlif ölkələrin uni­versitetlərində təşkil olunan seminarlar­dan ən əsası isə 2018-ci ilin iyun ayında Finlandiyada təşkil edilənlər idi. Çünki bu seminarlar hələ xəbərsiz olduğumuz, 2020-ci ildə dünyanı bürüyəcək korona­virus zamanı xüsusi önəm kəsb edəcək distant təhsilə həsr olunmuşdu. ADU-nu təmsil edən mütəxəssislər olaraq, biz, artıq 2018-ci ildə distant təhsil – elektron təhsil – elekron kitabxana – elektron la­boratoriyaların yaradılması, müəllim və tələbələr üçün xüsusi bir portal olan MO­ODLE-nin seçilməsi, dərs materiallarının, qiymətləndirmə meyarlarının, tələbələrin iştirakının hətta müzakirəsinin bu por­talda izlənməsi mexanizminin izahatı ilə tanış olmuşduq.

Bütün bu qeyd etdiklərimizin, bəlkə qeyd etməyi unutduqlarımızın fonunda ADU-da son dövrlərdə rektor, akademik Kamal Abdullayev tərəfindən aparılan is­lahatlar, innovativ addımlar bu gün 75 ya­şını qeyd edən universitetin təbriki üçün ən gözəl hədiyyələrdir. Yeri gəlmişkən, beynəlxalq arenaya doğru irəliləmənin təsdiqi olaraq, Azərbaycan ali təhsil mə­kanında ilk dəfə olaraq universitetimizin QS beynəlxalq reytinq cədvəlində 301-340-cı yerə layiq görülməsi münasibətilə bütün universitet kollektivini və rektor, akademik Kamal Abdullayevi ürəkdən təbrik edirik.

Yetmiş beş yaşlı ADU-nun gövdəsi ilə budaqlarını müqayisə etdikdə, onun bö­yük bir inkişaf yolu keçdiyini görməmək mümkün deyil. Yazın gəlişi ilə çiçəklənən tumurcuqlar kimi universitetin inkişafı və müəllim-tələbələrin rifahı üçün atılan hər bir addım və yenilik gələcəyin meyvələ­rindən, faydalı bəhərindən xəbər verir. 

P.S. “Xalq qəzeti”nin kollektivi də Azərbaycan Dillər Universitetinin 75 yaşını təbrik edir, ADU-nun professor-müəllim heyəti və tələ­bələrinə uğurlar arzulayır.