XƏBƏRLƏR

ADU-nun tələbələri bədii yaradıcılıq müsabiqə festivalında iştirak edib

10 may, 2023

Azərbaycan Dillər Universitetinin (ADU) tələbələri Elm və Təhsil Nazirliyi və Azərbaycan Təhsil İşçiləri Azad Həmkarlar İttifaqı Respublika Komitəsinin (ATİAHİ RK) birgə qərarı ilə ali təhsil müəssisələrinin tələbələri arasında keçirilmiş Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 100-cü ildönümünə həsr olunan bədii yaradıcılıq müsabiqə festivalında iştirak ediblər.

ADU-nun tələbələri adıçəkilən festivalda bədii qiraət, mahnı, rəqs nominasiyaları üzrə çıxış ediblər.

Tədbirdə Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının sədri, Milli Məclisin deputatı Səttar Möhbalıyev, elm və təhsil nazirinin müavini Firudin Qurbanov, ADU-nun Elmi işlər üzrə prorektoru, professor Novruz Məmmədov, ali təhsil müəssisələrinin rəhbərləri, tələbələr və digər qonaqlar iştirak ediblər.

Qeyd edək ki, Ümummilli lider Heydər Əliyevin anadan olmasının ildönümü münasibətilə təşkil olunan bədii yaradıcılıq festivalı 2004-cü ildən başlayaraq hər il keçirilir. Layihənin məqsədi tələbələri milli vətənpərvərlik, mədəniyyətimizə, incəsənətimizə, milli adət-ənənələrimizə hörmət ruhunda tərbiyə etmək, onların bədii-estetik səviyyəsini yüksəltməkdir. Festival həmçinin tələbələrin mədəni həyat tərzinin formalaşdırılması işinə kömək göstərmək, incəsənət və mədəniyyətimizin ayrı-ayrı sənət növləri üzrə istedadlı gənclərin üzə çıxarılması, onların qabiliyyətlərinin inkişaf etdirilməsinə dəstək vermək məqsədi daşıyır. Eyni zamanda festivalın keçirilməsi tələbə həmkarlar ittifaqı komitələrinin tələbələrin asudə vaxtlarının səmərəli və mənalı təşkilində, tələbə gənclərin cəmiyyət tərəfindən qəbul edilməyən mənfi hallara meylinin qarşısını almağa yönəldilib.