XƏBƏRLƏR

KAMAL ABDULLA: "AZƏRBAYCAN DİLLƏR UNİVERSİTETİNİN "MÜASİR DİLLƏR" ÜZRƏ DÜNYANIN ƏN YAXŞI 301-340 UNİVERSİTETLƏR QRUPUNA DAXİL OLMASINI BÖYÜK UĞUR HESAB EDİRƏM"

29 mart, 2023

AKADEMİK KAMAL ABDULLA: "AZƏRBAYCAN DİLLƏR UNİVERSİTETİNİN "MÜASİR DİLLƏR" ÜZRƏ DÜNYANIN ƏN YAXŞI 301-340 UNİVERSİTETLƏR QRUPUNA DAXİL OLMASINI BÖYÜK UĞUR HESAB EDİRƏM"

QS dünya universitetləri reytinqi (QS World University Rankings) Böyük Britaniyanın konsaltinq şirkəti "Quacquarelli Symonds" (QS) tərəfindən tərtib olunur. 2004-cü ildən etibarən nəşr edilən reytinq hazırda 1600-ə yaxın dünya universitetinin fəaliyyətini - akademik nüfuz, sitat gətirmə, müəllim-tələbə nisbəti, işəgötürənlər arasında nüfuzu, əcnəbi müəllimlərin sayı və əcnəbi tələbələrin sayı üzrə qiymətləndirir.

Bu günlərdə QS 2023 sahələr üzrə dünya universitetlərinin reytinqi (QS World University Rankings by Subject 2023) açıqlanıb. Reytinqdə 161 ölkədən 1594 ali təhsil müəssisəsi iştirak edib. QS sahələr üzrə dünya universitetlərinin reytinqi 5 kateqoriya üzrə qruplaşdırılmış 54 sahəni əhatə edir. Reytinqin qiymətləndirmə metodologiyasında 5 əsas indikator nəzərə alınır: akademik nüfuz, işəgötürənlər arasında nüfuz, istinadlar, H-indeks və beynəlxalq elmi əməkdaşlıq.

Azərbaycandan ilk dəfə iki ali təhsil müəssisəsi QS sahələr üzrə dünya universitetlərinin reytinqinə daxil olub.  Bu ali təhsil universitetlərindən biri Azərbaycan Dillər Universitetidir (ADU). Universitet "Müasir dillər" üzrə dünyada ən yaxşı 301 - 340 universitetlər qrupuna daxil olub.

Dillər Universitetinin uğuru

Azərbaycan Dillər Universitetinin rektoru, akademik Kamal Abdullanın sözlərinə görə, QS reytinqi akademik nüfuza, universitetlərin müəllim-tələbə sayının nisbətinə, məqaləyə istinadlara, xarici müəllim və tələbələrin, elmi dərəcəli kadrların, müəllimlərin məqalələrinin sayına, işəgötürənlərin nüfuzuna, həmçinin, internet resurslarının səmərəliliyinə görə müəyyənləşdirilir. Ali təhsil müəssisəsinin QS dünya universitetlərinin reytinqindəki mövqeyinə təhsil ocağının hazırki və gələcək fəaliyyəti, həmçinin, dil, iqtisadiyyat və mədəniyyət kimi digər amillər də təsir göstərir: "Universitetin QS sahələr üzrə dünya universitetlərinin reytinqinə daxil olması xəbərini biz ilk dəfə Elm və Təhsil Nazirliyinin saytından öyrəndik. Azərbaycan Dillər Universitetinin "Müasir dillər" üzrə dünyada ən yaxşı 301-340 universitetlər qrupuna daxil olmasını böyük uğur hesab edirəm. Rəhbəri olduğum universitetin "Müasir dillər" üzrə dünyada ən yaxşı 301-340 universitetlər qrupuna daxil olması qürurvericidir. Bu bütövlükdə Azərbaycan təhsili üçün çox önəmli hadisədir. Universitet tərəfindən görülən işlərin hesabatı bizim tərəfimizdən Elm və Təhsil Nazirliyinə təqdim olunub. Nazirlik bu hesabatı öz bazasına yerləşdirib. QS dünya universitetləri reytinqi müəyyən edilərkən o hesabatda yer alan nəticələr dəyərləndirilib. Reytinqdə yer dünyanın 1594 nüfuzlu ali təhsil müəssisəsi arasında 304 yerdə olmaq böyük göstəricidir".

ADU-nun dil mərkəzləri

Rektor deyir ki, ölkənin aparıcı ali təhsil müəssisələrindən biri sayılan Azərbaycan Dillər Universitetində hazırda bir çox dilləri təbliğ edən, öyrədən, 20-dən çox dil və mədəniyyət mərkəzləri var. Bu mərkəzlər müxtəlif dillərin və həmin dillərin xalqlarının mədəniyyətini, tarixini, ədəbiyyatını Azərbaycanda təbliğ edir. Bunlar Rusiyaşünaslıq mərkəzi, Skandinaviya mərkəzi, İndoneziya araşdırmalar mərkəzi, İsrail və Yaxın Şərq araşdırmalar mərkəzi, Hind dili və mədəniyyəti mərkəzi, Alman oxu zalı, Yaponiya Araşdırmalar mərkəzi, İtalyan dili mərkəzi, Amerika mərkəzi, İspan dili mərkəzi, Koreya mədəniyyəti mərkəzi, Rumin dili və mədəniyyəti mərkəzi, Frankofoniya mərkəzi, Fransız dili və mədəniyyəti mərkəzi, Pakistan dili və mədəniyyəti mərkəzi, Türkiyə və Ermənistan araşdırmaları mərkəzi, Konfitsu İnstitutu, Avstriya kitabxanası, Yunan araşdırma və mədəniyyət mərkəzi, Germanistika İnstitutu, Serb dili və mədəniyyəti mərkəzidir: "Mərkəzlərdə danışıq klubları, eləcə də müxtəlif mədəni tədbirlər təşkil olunur. Eləcə də, Azərbaycan Dillər Universitetində fəaliyyət göstərən mərkəzlərə alternativ olaraq həmin ölkələrin nüfuzlu universitetlərində "Azərbaycan dili və mədəniyyəti" Mərkəzləri açılmağa başlayıb. Xalqımızın, dövlətimizin zəngin tarixini, mədəniyyətini, dilini dünyada daha yaxşı tanıtmaq məqsədilə hazırda Çin Xalq Respublikasında, Rumıniyada, Serbiya, Pakistan, İndoneziya, Rusiyada Azərbaycan dili və mədəniyyəti mərkəzi fəaliyyət göstərir. O cümlədən, Serbiya və Litvada Azərbaycan dilinin tədrisinə başlanılıb.  Mərakeş, Macarıstan və Xorvatiyada da "Azərbaycan dili və mədəniyyəti" mərkəzinin açılması və Azərbaycan dilinin tədrisi planlaşdırılır: "ADU-nun elmi-təşkili strukturu Elm şöbəsi, Doktorantura və Magistratura şöbələrini birləşdirir. Struktur həm də Azərbaycanşünaslıq, Multikulturalizm, Rusiyaşünaslıq, Tərcümə araşdırmaları mərkəzi və Klassik dillər və mədəniyyətlər institutu elmi tədqiqat laboratoriyalarının fəaliyyətini əlaqələndirir. ADU-da 6 fakültə, 1 kitabxana və 31 kafedra, 1 idman klubu fəaliyyət göstərir. Universitetin Elmi şöbə öz fəaliyyətini kafedralar üzrə planlaşdırılmış elmi tədqiqat işlərinin vaxtında və keyfiyyətlə yerinə yetirilməsi, əldə olunan elmi nəticələrin birbaşa tədris prosesinə tətbiq edilməsi, TEC xətti ilə tələbə-gənclərin elmi yaradıcılığının stimullaşdırılması, onlarda elmi tədqiqat işlərinə meylin artırılması istiqamətində qurub. Elm şöbəsi  Magistratura və Doktorantura şöbələri, eləcə də, Tələbə Elmi Cəmiyyəti ilə sıx əlaqədə işləyir, onların fəaliyyətinin elmi-metodiki təminatını dəstəkləyir, digər zəruri işləri həyata keçirir. Doktorantura şöbəsi isə fəlsəfə və elmlər doktoru hazırlanması işini əlaqələndirir, doktorant və dissertantların nail olduqları elmi nəticələrin təşviqi sahəsində iş aparır. Elm şöbəsi Universitetin kafedra və laboratoriyalarında yerinə yetirilən elmi tədqiqat işlərinin planlaşdırılması, icrasının təşkili, eyni zamanda, elmi və elmi-tədris qurumlarının fəaliyyətinin  koordinasiyası ilə məşğuldur. Doktorantura şöbəsi elmi və elmi-pedaqoji kadrların hazırlanması işlərini əlaqələndirir, lazımi sənədləşmə və təşkilati işləri yerinə yetirir. Azərbaycan Dillər Universitetinin Tələbə Elmi Cəmiyyəti elmi tədqiqat və elmi-təşkilati işlərində fəal iştirak edən ali təhsil pilləsinin bakalavriat və magistratura səviyyələrində təhsil alan tələbələrin könüllü ictimai təşkilatıdır. Cəmiyyət müxtəlif səviyyəli tədbirlərin - elmi seminar və konfranslar, tələbə elmi işlərinə, habelə kurs, buraxılış, dissertasiya işlərinə baxış müsabiqələri, müxtəlif ixtisas və fənlər üzrə olimpiadalar, diskussiya klubları, simpoziumlar, tanınmış alimlərin seminar, mühazirələrinin dinlənilməsi və s. tədbirlərin təşkilinin, keçirilməsində tələbələrin iştirakını təmin edir".

Universitetin elmi tədqiqat işləri

Kamal Abdulla dediyinə görə, universitetdə elmi tədqiqat və elmi-metodik işlər əsasən kafedralarda cəmləşib. Bu işin mühüm bir hissəsini də elmi-tədqiqat laboratoriyaları  yerinə yetirir. Elmi tədqiqat fəaliyyəti perspektiv və cari planlar əsasında aparılır. Həmin planlar kafedra və laboratoriyaların iclaslarında, fakültə və universitet elmi şuralarında təsdiq edilir. Azərbaycan Dillər Universitetində fəaliyyət göstərən bütün kafedralar və laboratoriyalar elmi-tədqiqat işlərini ilin əvvəlində planlaşdırır və ilin sonunda onların yerinə yetirilməsi barədə hesabat verirlər. Azərbaycan Dillər  Universitetində elmin müxtəlif sahələrini əhatə edən elmi tədqiqatişləri ilin əvvəlində müəyyən edilir və Universitet Elmi şurasının qərarı ilə təsdiqlənən üç illik plan üzrə yerinə yetirilir. 31 kafedra və 27 mərkəzdə plan üzrə elmi tədqiqat işləri yerinə yetirilir. Elmi tədqiqat  əsasən  istiqamətlər üzrə aparılır: "Elmi tədqiqat işlərinin informasiya təminatına ADU-da bir neçə il əvvəl başlanmışdır. Universitetdə elmi tədqiqat işlərinin informasiya təminatı məqsədilə müasir informasiya texnologiyalarının tətbiqinə xüsusi önəm verilir. Bu məqsədlə kitabxanada lokal kompüter şəbəkəsi yaradılıb, internetə çıxış təmin edilib. Portativ kompyuterləri olan oxucular kitabxananın oxu zalında internetə məsafədən də qoşula bilərlər.  Universitet kitabxanasında İRBİS Kitabxana Avtomatlaşdırılma Sisteminin (İRBİS 64) versiyasının tam komplekti tətbiq edilmişdir. Bu sistem fondun komplektləşməsindən tutmuş, kitab verilişinədək bütün kitabxana proseslərinin avtomatlaşdırılmasını təmin edir. Hər bir internet istifadəçisi Kitabxananın Web səhifəsinə daxil olmaqla onun Elektron kataloqundan və digər elektron resurslarından istifadə edə bilər".

Professor-müəllim heyəti

Kamal Abdullanın sözlərinə əsasən, universitetdə təhsilin səviyyəsinin yüksəldilməsi, professor-müəllim heyətinin, tələbə, magistrant və doktorantların elmi və elmi-metodik fəaliyyət istiqamətlərinin bilavasitə tədris prosesinə inteqrasiyasına yardım məqsədi ilə əldə olunan elmi nəticələrin elektron variantlarının hazırlanması və elektron resurslar bazasına yerləşdirilməsi, elmi tədqiqat işlərinin mövzularına dair müvafiq informasiya təminatı, dünya standartlarına uyğun müasir məlumat-biblioqrafiya xidməti göstərilməsi işi aparılır.  Elmi-pedaqoji kadrların hazırlanması Universitetdə ştat üzrə 830  nəfərdən ibarət professor-müəllim  heyəti fəaliyyət göstərir. Onlardan  2 nəfər AMEA-nın həqiqi üzvü, 36 nəfər elmlər doktoru, 19 nəfər professor, 270 nəfər fəlsəfə doktoru, 165 nəfər dosent, 595 nəfər müəllimdir.

ADU-nun jurnalları

Rektor bildirib ki, ADU-da iki jurnal - "Elmi xəbərlər" və "Dil və ədəbiyyat" jurnalı nəşr olunur. Hər iki jurnalın buraxılış dövriliyi ildə 4 (dörd) dəfədir. Jurnallara təqdim olunan məqalələrin dünya standartlarına uyğunluğunu təmin etmək məqsədilə məqalələrə qoyulan tələblərdə bir sıra dəyişikliklər edilib. Beynəlxalq əməkdaşlıq çərçivəsində xarici alimlər cəlb edilməklə məqalə müəlliflərinin coğrafiyası genişləndirilib. Bu istiqamətdə jurnalda məqalələrin ingilis dilində çapına üstünlük verilməsi əsas istiqamət kimi müəyyənləşdirilib. Gürcüstan, Özbəkistan, Misir, İndoneziya, Rusiya, Türkiyə, Çin kimi ölkələrdən olan müəlliflərin məqalələrinin çapına yer verilib. Bəzi məqalələrin tam mətninin ingilis dilində olmaması və xarici alimlərin bu məqalələrin nəticələri ilə tanış olmasında çətinlik yaratmaması üçün ingilis və rus dillərində açar sözlər və xülasə verilir. Ölkənin mütəxəssisləri ilə yanaşı xarici alimlər dəvət olunmaqla jurnalların redaksiya tərkibi genişləndirilib. Rumıniya, Rusiya, Macarıstan, Almaniya, Gürcüstan, Belarusiya, Türkiyədən olan nüfuzlu alimlər jurnalın redaksiya heyətinin üzvləridir. Jurnalın hər bir sayı Universitetin saytında DSpace rəqəmsal arxivində yerləşdirilir.

CBC radiosu ilə əməkdaşlıq

Kamal Abdullanın dediyinə görə, CBC radiosunun hazırladığı "Qarabağda yaşayan ermənilərə Azərbaycan dili kursları" layihəsi ADU-nun Erməni Araşdırmaları Mərkəzi tərəfindən icra edilib. Mərkəz əməkdaşları hər həftə müxtəlif mətn və dialoqlar hazırlayaraq CBC radioda çıxış edib və bu layihəni uğurla yerinə yetiriblər. Bu layihəyə praktika qazanmaları üçün universitetin Qafqazşünaslıq ixtisası üzrə təhsil alan 5 tələbəsi də cəlb edilib. Layihəni uğurla başa vurduqları üçün CBC rəhbərliyi tərəfindən Erməni Araşdırmaları Mərkəzinə təşəkkür məktubu göndərilib: "Bildiyimiz kimi ölkədə Erməni dili üzrə dərs vəsaitlərinə ciddi tələbat var. Bu vaxta qədər bir neçə müəllif tərəfindən "Erməni dili" adı altında kitablar nəşr edilib, lakin bu kitabların əksəriyyəti Erməni dilinin qrammatikası haqqındadır. Mərkəz əməkdaşları bu problemi aradan qaldırmaq üçün ciddi səylə çalışmalarını davam etdirirlər. Müxtəlif səviyyələrdən ibarət dərs vəsaitlərinin hazırlanması nəzərdə tutulur. Qeyd edim ki, mərkəzin müəllimləri universitetin təlim və tədris mərkəzində ödənişli Erməni dili kurslarının təşkili ilə bağlı univeristet rəhbərliyinə müraciət edib və bu müraciət əsasında kursla bağlı elan verilib. Hal-hazırda kurslara qeydiyyat prosesi davam edir. Kursların 2023-cü ilin fevral ayında fəaliyyətə başlaması nəzərdə tutulur".

Zəngin kitabxana fonduna malik ADU

Rektor vurğulayıb ki, Azərbaycan Dillər Universiteti zəngin kitabxana fonduna malikdir. Kitabxana tələbə, doktorant, dissertant, elmi işçi, professor-müəllim heyətinə və Universitetin digər kateqoriyadan olan oxucularının informasiya tələbatına uyğun xidmət göstərir. Kitabxana fondunda fənn proqramlarında tövsiyə olunmuş tədris-metodik vəsaitlər və onların nüsxələri mövcud normalara uyğundur. Kitabxananın fəaliyyətinin əsas istiqamətləri  kitablar və digər sənəd növləri üzrə fondlar formalaşdıraraq, informasiya ehtiyatları yaratmaq, onları mühafizə etmək, həmin fondları özündə əks etdirən mükəmməl ənənəvi və elektron kataloq-kartoteka və biblioqrafik vəsaitlər sistemi tətbiq etmək, onu daim inkişaf etdirməklə bu fondları oxucuların istifadəsinə verməkdən ibarətdir. Kitabxanada müasir informasiya texnologiyalarının tətbiqinə xüsusi önəm verilir. Elektron kitabxananın ən müasir prinsiplər əsasında qurulması və elektron fondların inkişaf etdirilməsi məqsədilə burada Rəqəmsallaşdırma şöbəsi də fəaliyyət göstərir.  Portativ kompyuterləri olan oxucular kitabxananın oxu zalından internetə simsiz əlaqə sistemi ilə də qoşula bilərlər. Kitabxanada İRBİS Kitabxana Avtomatlaşdırılma Sisteminin (İRBİS 64)  tam komplekti tətbiq edilir. Bu sistem fondun komplektləşməsindən tutmuş, kitab verilişinədək bütün kitabxana proseslərinin avtomatlaşdırılmasını təmin edir. Hər bir İnternet istifadəçisi Kitabxananın Web səhifəsinə daxil olaraq onun Elektron kataloqundan və digər elektron resurslarından istifadə edə bilər. Kitabxanada Azərbaycan, rus və digər xarici dillərdə olan ədəbiyyatı əks etdirən əlifba və sistemli kataloq tərtib edilib. 2006-cı ildən etibarən Kitabxananın aldığı bütün kitablar haqqında məlumat Elektron kataloqa (EK) daxil edilir. ADU-nun elektron kitabxanası ümumi istifadə üçün açıq olan vokal və uzaq məsafədə yerləşən paylanmış informasiya ehtiyatlarına malikdir. Elektron kitabxananın informasiya ehtiyacı rəqəmli formada hazırlanmış müxtəlif formatlı sənədlərdən ibarətdir.

ADU-nun beynəlxalq əlaqələri

Akademik qeyd edib ki, ADU Erasmus+ proqramı çərçivəsində İtaliyanın Kafoskari Universiteti, Rumıniyanın Babes-Bolyai, Lucian Blaga, Buharest, Alexandru Yoan Kuza Yasi, Piteşti və Transilvaniya Universitetləri, Fransanın Bordo, Ruan Universitetləri, Polşanın Konin Universiteti, Serbiyanın Belqrad Universiteti, Türkiyənin Hacettepe, Sivas Cümhuriyyət, Qafqaz, İspaniyanın Kadiz və Mursiya Universitetləri ilə əməkdaşlıq edir, eyni zamanda, Litvanın Vilnus Universiteti, Türkiyənin Sakarya Uygulamalı Bilimlər və İstanbul Aydın Universiteti ilə müqavilə imzalanmağı planlaşdırılır. Universitetimiz ümumilikdə 23 xarici universitet ilə əməkdaşlıq edir. ADU-nun Türkiyənin 9 Eylül, Hacettepe, Sivas Cumhuriyyət, Qafqaz, Atılım, Alanya Alaatdin Keykubat, Sakarya Uygulamalı Bilimlər, Bandırma Onyeddi Eylül, Tekirdağ Namık Kemal, Erciyez, Üsküdar, Çanakkale Onsekkiz Mart, Ankara və İstanbul Aydın Universitetləri, Praqanın  Beynəlxalq və İctimai Əlaqələr ofisi, Çexiya Karaqanda Universiteti, Qazaxıstanın Atrau Universiteti, Serbiyanın Belqrad Universiteti, Gürcüstanın Batumi Dənizçilik Məktəbi, Rusiyanın Ural Federal Universiteti,  Tolstoy adına Tula Dövlət Pedaqoji Universiteti, Xakasiya Universiteti, Belarusiyanın Baranoviçi Universiteti, İndoneziyanın İslam Malanq Universiteti, İndoneziya Universiteti, Xorvatiyanın Zaqreb Universiteti, Macarıstanın Elte Universiteti, Rumıniyanın Babeş -  Bolyai Universiteti ilə tərəfdaşlıq müqavilələri var və genişlənir.  Bu proqramlar çərçivəsində son on ildə 500-dən çox tələbə dünya universitetlərinə göndərilib. Əməkdaşlıq müqavilələri müəllimlərin təkmilləşməsini, birgə tədqiqatların həyata keçirilməsini, birgə nəşrlər, elmi və elmi-metodik əsərlərin jurnallarda dərc olunmasını, professor-müəllim  heyətinin peşə hazırlığının artırılması istiqamətində birgə layihələri, inzibati işçilərin kvalifikasiyasının aparılması və sair nəzərdə tutur. 

Əcnəbi tələbələr

Kamal Abdullanın söylədiyinə görə, ADU-nun  İngiltərənin Essex Universiteti və Fransanın Strazburq Universiteti ilə ikili diplom layihələri var. Bundan əlavə, Türkiyənin Atılım Universiteti ilə ikili diplom proqramı yekunlaşmaq ərəfəsindədir, o cümlədən, Türkiyənin Kars Qafqaz Universiteti və Ordu Universiteti ilə bununla bağlı müzakirələr aparılır: "ADU-da cari il 115 əcnəbi tələbə təhsil alıb. Hazırda 98 əcnəbi tələbəmiz var. ADU-da 4 nəfər Çin, 1 nəfər macar, 1 nəfər  rumın, 1 nəfər alman, 1 nəfər Pakistan, 1 nəfər italyan olmaqla 9 nəfər müəllim fəaliyyət göstərir".

ADU-nun hədəfləri

Rektor deyib ki, bugünədək çox uğurlar əldə edilib. Görülən işlər az deyil: "Elmlə təhsilin inteqrasiyasında daha da irəli getməyi, daha böyük uğurlar qazanmağı, rəhbəri olduğu universitetdə bir çox dilləri təbliğ edən, öyrədən, dil və mədəniyyət mərkəzləri açmağı planlaşdırırıq. Həmin dillərin xalqlarının mədəniyyəti, tarixi, ədəbiyyatı təbliğ olunur. Biz çalışırıq ki, o ölkələrin universitelərində Azərbaycan dilini və mədəniyyətini təbliğ edən mərkəzlər yaradaq. Biz artıq bu istiqaməti ikitərəfli etməyə çalışırıq. ADU-da müxtəlif dilləri, onların mədəniyyətlərini təbliğ ediriksə, öyrəniriksə və bu istiqamətdə tələbələrimiz varsa, qarşımıza məqsəd qoymuşuq ki, biz də mədəniyyətimizi xarici ölkələrdə təbliğ edək. Artıq bu istiqamətdə müəyyən işlər görürük, səfirliklərlə əlaqə saxlayırıq. Hər şey qarşılıqlı olmalıdır. Onlar da Azərbaycan həqiqətlərini, mədəniyyətini öz universitetlərində təbliğ etməlidirlər. Necə ki, onlar burada mərkəzlərin yaradılmasında müəyyən maddi yardım göstəriblər, eləcə də bizim universitet həmin ölkələrdə Azərbaycan mədəniyyətinin yayılması ilə bağlı müəyyən vəsait qoymağa hazırdır. Eyni zamanda, ADU-da yeni mərkəzlərin açılması da planlaşdırılır".

Sevinc QARAYEVA, "525-ci qəzet"