XƏBƏRLƏR

“Geosiyasi dəyişikliklər fonunda Azərbaycanın xarici siyasəti” elmi-praktik seminar

16 mart, 2023

Beynəlxalq münasibətlər və Regionşünaslıq fakültəsi  nəzdində Beynəlxalq münasibətlər kafedrası 16 mart 2023-cü il tarixində “Geosiyasi dəyişikliklər fonunda Azərbaycanın xarici siyasəti” mövzusunda elmi–praktik seminar keçirib. Elmi-praktik seminarı giriş sözləri ilə açan seminarın  moderatoru Beynəlxalq münasibətlər kafedrasının müdiri professor Aida Yusifzadə  Cənubi Qafqazın müasir geosiyasi vəziyyəti və   yeni geosiyasi dəyişikliklər fonunda Azərbaycanın artan siyasi nüfuzu haqqında  məlumat verib.

Elmi-praktik seminarın məruzəçisi politoloq və millət vəkili Rasim Musabəyov 44 günlük müharibədə qazanılan uğurun Prezident İlham Əliyev cənablarının düzgün geosiyasi dəyərləndirməsi ilə həyata keçdiyi və müharibədə uğura aparan yolun məhz düzgün gesosiyasi dəyərləndirmədən keçməsi, müharibəyə başlanma və bitirmə vaxtının düzgün seçilməsi haqqında geniş məlumat verib.

Həyata keçirilən rasional və praqmatik xarici siyasət kursunun fonunda Azərbaycanın beynəlxalq münasibətlər sistemində bir sıra əhəmiyyətli uğurlar əldə etməsi, xüsusən də “üçtərəfli” bəyanatın imzalanmasının əhəmiyyətindən bəhs edərək, onun  ölkəmizin beynəlxalq nüfuzunun artmasına və xarici əlaqələrinin əhatə dairəsinin genişlənməsinə təkan verən mühüm faktor olduğunu qeyd edib.

Tədbir iştirakçıların böyük marağına səbəb olmuş və məruzələrlə bağlı geniş müzakirələr aparılmışdır. Seminar iştirakçılarından Beynəlxalq münasibətlər kafedrasının müəllimi Lamiyyə Namazova, Regionşünaslıq kafedrasının müdiri Sevdagül Əliyeva və  eləcə də universitetin doktorant və magistrantları mövzu ilə bağlı öz suallarını məruzəçiyə vermiş və sonda isə Elm və innovasiya məsələləri üzrə prorektor Novruz Məmmədov elmi-praktik seminarla bağlı öz fikirlərini bildirmişdir.