XƏBƏRLƏR

“Ulu Öndər Heydər Əliyev Azərbaycan dövlətçiliyinin xilaskarı kimi” mövzusunda qiraət keçirilib

16 mart, 2023

15 mart 2023-cü il tarixində ADU-nun, Təhsil-2 fakültəsi nəzdində İngilis dilinin leksikologiyası və üslubiyyatı-2 kafedrasının təşkil etdiyi “Ulu Öndər Heydər Əliyev Azərbaycan dövlətçiliyinin xilaskarı kimi” mövzusunda qiraət keçirilib.

Tədbirdə rektorun məsləhətçisi i.f.d. Anar Osmanlı, Təhsil-2 fakültəsinin dekanı dos. Salman Nuriyev, İctimai əsaslarla tələbə dekan müavini Jalə Eyvazova, İngilis dilinin leksikologiyası və üslubiyyatı-2 kafedrasının müdiri dos. Mehriban Hüseynova və digər kafedra müdirləri iştirak etdilər. Tədbiri Təhsil-2 fakültəsinin dekanı dos.Salman Nuriyev açdı və öz fikirlərini bildirdi: “Vətəni, xalqı qarşısında misilsiz xidmətlərinə görədir ki, bu gün ümummilli lider Heydər Əliyevin anadan olmasının 100 illik yubileyi ölkəmizin hər yerində və onun hüdudlarından kənarda hər bir Azərbaycanlının yüksək ehtiramı və dərin minnətdarlıq hissi ilə geniş qeyd olunur”. Sonra 221b qrup tələbəsi Nəzrin Kərimova Ulu öndər Heydər Əliyevə həsr etdiyi şeiri səsləndirdi, daha sonra 220A qrup tələbələri Həsənova Səma, Qasımzadə Aysu, Allahverdi Pərvanə, Cəfərova Ləman, 220B qrup tələbələri Ağacanova Cəvahir, İsmayılova Sonara, Məmmədov Elvin, 223B qrup tələbələri Güləhmədova Ella, İsmayılova Gülbahar, 228A qrup tələbəsi Səmədli Ceyhunə Heydər Əliyevə həsr olunmuş şeirlər səsləndirdilər.

İctimai əsaslarla tələbə dekan müavini Jalə Eyvazova öz çıxışında  bunları bildirdi: “Müstəsna xidmətləri ilə əbədilik qazanan ümummilli lider Heydər Əliyevin mənalı həyat yolu, zəngin və çoxşaxəli irsi tükənməz ibrət məktəbidir. Ötən illərə nəzər salarkən Azərbaycan xalqının öz müdrik liderinin rəhbərliyi ilə qazanmış olduğu mühüm tarixi nailiyyətlərin bir daha şahidi oluruq. İntibah və milli şüurun oyanışı Heydər Əliyevin hakimiyyətə gəlişi ilə başlamış, müstəqilliyimiz məhz onun sayəsində əbədi və dönməz xarakter almışdır. Ölkəmiz dünyada layiq olduğu mərtəbəyə Ulu Öndərin uzaqgörənliyi, müdrikliyi, qətiyyəti, dəmir iradəsi, zəngin dövlətçilik təcrübəsi sayəsində yüksələ bilmişdir”.

İngilis dilinin leksikologiyası və üslubiyyatı-2 kafedrasının müdiri dos.Mehriban Hüseynova çıxış edərək bildirdi: “Heydər Əliyev keçdiyi böyük, mənalı və şərəfli həyat yolu zaman və məkan anlayışına sığmır. Ümummilli lider Heydər Əliyevin xarakterində və fəaliyyətində doğma xalqına bağlılıq və təəssübkeşlik hələ gənc yaşlarından özünü göstərirdi. Naxçıvanda sadə, zəhmətkeş bir Azərbaycanlı ailəsində dünyaya göz açan bu böyük insan hələ gəncliyindən yüksək vəzifələr tutmuş, çiyinlərində böyük bir ölkənin yükünü daşımışdır”.

Rektorun məsləhətçisi i.f.d. Anar Osmanlı öz çıxışında bunları qeyd etdi: Cənab prezident İlham Əliyevin 29 sentyabr 2022-ci il sərəncamına uyğun olaraq Azərbaycan Elm və Təhsil Nazirliyi və Nazirlər kabinetinə tapşırılmışdır ki, Ulu Öndər Heydər Əliyevin 100 illiyinə həsr olunmuş tədbirlər planı hazırlansın. Bu sərəncamdan irəli gələrək Azərbaycan Dillər Universitetinin rektoru hörmətli akademik Kamal Abdullanın müvafiq əmrinə uyğun olaraq hər fakültədə müxtəlif tədbirlər həyata keçirilir. Təhsil-2 fakültəsində İngilis dilinin leksikologiyası və üslubiyyatı-2 kafedrasında keçirlən tədbir çox gözəl və maraqlı oldu. Tələbələrimizin Ulu Öndərə sevgisi sonsuzdur. Azərbaycan gənclərinin bu formada yetişməsi bizim qürur mənbəyimizdir”.

Tədbirdə iştirak edən tələbələrə təşəkkürnamələr təqdim olunacaq.