XƏBƏRLƏR

ADU-da Xocalı faciəsinin ildönümü ilə bağlı tədbir keçirilib

24 fevral, 2023

Fevralın 23-də Azərbaycan Dillər Universitetində Tələbə Elmi Cəmiyyətinin təşkilatçılığı ilə  26 Fevral Xocalı faciəsinin ildönümü ilə bağlı tədbir keçirilib.

Dövlət Himni səsləndirilib, Xocalı faciəsi qurbanlarının, o cümlədən ölkəmizin ərazi bütövlüyünün bərpası uğrunda aparılan döyüşlərdə şəhid olmuş qəhrəman Vətən oğullarının əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

ADU-nun rektoru, akademik Kamal Abdulla Xocalı soyqırımı ilə bağlı fikirlərini bölüşüb: 

“Bu gün dünyada gedən proseslər onu göstərir ki, münaqişələr müxtəlif  səbəb və məqsədlər uğrunda baş verir. Bu münaqişələr siyasi, iqtisadi, coğrafi şərait və imkanların dəyərləndirilməsi fonunda geniş vüsət almaqdadır.

Xocalı faciəsi bir millətin var olmasının həzm olunmamasının göstəricisidir. Xocalı qurbanlarının günahı onların azərbaycanlı olmasında idi. Onlar azərbaycanlı olduğuna görə qətlə yetirildilər. Bu soyqırım həm də bütün insanlığa qarşı törədilmiş cinayət idi. Azərbaycan ordusu 44 gün ərzində  şəhidlərimizin qısasını almış oldu, Xocalı qurbanlarının qanı yerdə qalmadı”.

BM və Regionşünaslıq fakültəsinin tələbəsi Emin Məmmədov “Xocalı soyqırımı tarixi tədqiqatlarda” mövzusunda çıxış edib.

Qeyd olunub ki, Xocalı soyqırımı dünyanın bir çox ölkəsində soyqırım kimi tanınıb. Bildirilib ki, bu vəhşi əməliyyatda ermənilərlə yanaşı, Xankəndidəki 366-cı alayın 3 batalyonu, habelə xarici ölkələrdən gətirilmiş muzdlu quldurlar da yaxından iştirak ediblər.

BM və Regionşünaslıq fakültəsinin tələbəsi  Rahilə Məmmədova, Filologiya fakültəsinin tələbəsi  Badam Şirəlizadə, Təhsil 1 fakültəsinin tələbəsi Ləman Məmmədli və Lamiyə Əzimzadə  “Xocalı həqiqətlərinin  təbliği və tanıdılması” mövzusunda çıxış ediblər.

 Söylənilib ki, faciə ilə bağlı dünyanın bir sıra nüfüzulu kütləvi informasiya vasitələri məlumat verib. Xocalıya ədalət kompaniyası soyqırım faktını bir  daha dünyaya sübut etmiş oldu.

Təhsil 2 fakültəsinin tələbəsi Jalə Eyvazova “Xocalı faciəsi beynəlxalq hüquq müstəvisində” mövzusunda nitq söyləyib. Qeyd olunub ki, Xocalı soyqırımının beynəlxalq müstəvidə tanıdılması və erməni faşizminin ifşası ilə bağlı ilk praktik təşəbbüs isə ulu öndərimiz Heydər Əliyevin xalqın təkidli tələbilə hakimiyyətə qayıdışından sonrakı mərhələyə təsadüf edir.

Tədbir tələbələrin sualları ilə davam edib.