XƏBƏRLƏR

ADU-nun rektoru semestr ərzində yüksək nəticə göstərən tələbələrlə görüşüb

23 fevral, 2023
Fevralın 22-də ADU-nun rektoru, akademik Kamal Abdulla semestr ərzində ən yüksək nəticə göstərmiş tələbələrlə görüşüb. Rektor tələbələrlə birlikdə nahar edib, onların fəaliyyəti, dərsləri, universitet həyatı ilə yaxından tanış olub. 
 
Akademik Kamal Abdulla tələbələri maraqlandıran suallara cavab verib, elmi-ədəbi mövzularda müzakirə aparılıb.
 
Rektor tələbələri Azərbaycanın ictimai həyatında fəal iştirak etməyə, dövlətçiliyə sadiq ruhda yaşamağa, müasir dünya elminə inteqrasiya olmağa və bütün varlıqları ilə Vətənə, xalqa, Prezidentə layiq vətəndaş kimi öz üzərlərinə düşən vəzifələri yüksək bacarıqla yerinə yetirməyə çağırıb. 
 
Bildirilib ki, elmə, təhsilə olan diqqət və qayğı bu gün hər bir gəncin istedadının və bacarığının ortaya çıxması üçün olduqca əlverişli imkanlar yaradır. Bu imkanlar hər kəs üçün əlçatan və bərabərdir. Tələbələrin gözü ilə universitet həyatının görməyin zəruri olduğunu bildirən rektor Kamal Abdulla gəncliyə, gələcəyə inamla baxdığını, Azərbaycanın inkişafında gənclərin rolunun müstəsna əhəmiyyət kəsb etdiyini vurğulayıb.
 
Tələbələr öz növbəsində onları maraqlandıran suallarla çıxış edib, yaradılan şəraitə görə rəhbərliyə və universitet kollektivinə təşəkkürünü bildirib. Qeyd olunub ki, ADU-da həm təhsilalanlar üçün, həm də təhsilverənlər üçün olduqca münbit və əlverişli şərait yaradılıb. Bu münbit və əlverişli şərait sayəsində təhsil və elm imkanları da artmış olur.
 
Səmimi söhbət əsnasında Kamal Abdulla tələbələrin təhsil uğurlarından, elmi-təcrübi fəaliyyətin əhəmiyyətindən danışarkən bir məsələni xüsusi olaraq vurğulayıb. Bildirilib ki, hər bir tələbə ilk növbədə doğma dilini, doğma Vətənini, doğma xalqını sevməli, müdafiə etməli və bununla da əcdadlarının miras qoyduğu  torpağa sədaqətini nümayiş etdirməlidir.
Görüşdən müsbət təssüratlarla ayrılan tələbələr öz fikirlərini bölüşüblər. Tərcümə fakültəsinin 3-cü kurs tələbəsi Sevinc Məhərrəmova rektorla görüşün əhəmiyyətindən söz açıb:
 
“Bu gün unudulmaz bir gün oldu. Mən bu görüşü hər zaman xatırlayacam. Rektorun bizimlə bərabər oturub eyni süfrədə nahar etməsi və səmimi söhbəti məni olduqca sevindirdi. Bu görüş bizə stimul verdi. Bu görüş bizi bir-birimizə daha yaxın etdi. Biz bir daha anladıq ki, universitet bizim ikinci evimizdir. Bu şəraitə görə və səmimi görüşə görə Kamal müəllimə sonsuz təşəkkürümü bildirirəm”.
 
Təhsil-1 fakültəsinin dördüncü kurs tələbəsi Zeynəb Salmanova görüşlə bağlı fikirlərini bölüşüb:
 
“Əlbəttə, ilk dəfədir ki, belə bir görüşün həm şahidi, həm də iştirakçısı oluram. Rektorla bir süfrədə bir masada səmimi və pozitiv bir görüşdən doğan məmnunluğumu gizlədə bilmərəm. Biz bu görüşdə həm elmi, həm fəlsəfi, həm də bədii mövzularda müzakirələr apardıq. Dolğun bir görüş oldu. Bu günün sehrini hələ uzun müddət xatırlayacam”. 
 
ADU-nun THİK sədri Zəhra Hüseynova tələbələrlə görüşlərin mütəmadi xarakter alacağını söyləyib:
 
“Bu kimi görüşlər tələbələr üçün həm vacib, həm də faydalıdır. Universitetimizin rektoru, akademik, Xalq yazıçısı Kamal Abdulla hər bir tələbəni diqqətlə dinləyir, fikirlərinə və düşüncələrinə önəm verir. Bu da tələbələrə stimul və motivasiya üçün əlavə qaynaqdır. Məhz bu addım tələbələrin uğurlarına həm də dəstək vermiş olur”.
 
Görüşdə akademik Kamal Abdulla yeni kitabını tələbələr üçün imzalayıb, onlarla birgə xatirə fotosu çəkdirib.