XƏBƏRLƏR

Azərbaycan Dillər Universitetində ənənəvi Çin bayramı qeyd olunub

07 fevral, 2023

Azərbaycan Dillər Universitetinin (ADU) nəzdində fəaliyyət göstərən Konfutsi İnstitutunda Bahar bayramının sonu və ilin tam ay ilə ilk gecəsinin başlanğıcını bildirən ənənəvi Çin fənərlər bayramı qeyd olunub.

ADU-nun Çin dili müəllimi Natəvan Hüseynova bayramın yaranması ilə bağlı əfsanələr, fənər festivalı ənənələri - Yangge rəqsi, alovlu əjdaha görünüşündə fənərlə rəqs, şirlərin rəqsi, müxtəlif çeşidli içliyi ilə düyü unundan böyük toplar formasında hazırlanan şirin bayram yeməyi “yuanxiao” barədə məlumat verib. O, bayramın əsas mərasimi - müxtəlif heyvanlar, çiçəklər və meyvələrə bənzər və əsl sənət əsərləri olan ənənəvi Çin çıraqlarından danışıb.

Tələbələr, həmçinin bayramın ayrılmaz hissəsi sayılan fənərlərə yapışdırılmış tapmacaların cavablarını tapmaqla əyləncəli bir gün keçiriblər.

Tədbirin sonunda standartlaşdırılmış Çin dili ixtisas imtahanı HSK uğurla keçmiş məktəb şagirdlərinə rəsmi sertifikatlar verilib.

Konfutsi İnstitutunun direktoru Rafiq Abbasov qeyd edib ki, ənənəvi Çin bayramlarının məzmunu müxtəlif və rəngarəng, qədim tarixə malik unikal Çin mədəni irsinin bir hissəsidir. Çinşünas tələbələrin ənənəvi Çin bayramlarında iştirakı onlara Çin etnosunun sosial-mədəni xüsusiyyətlərini daha yaxşı başa düşməyə imkan verir, Çin mədəniyyətinə maraq yaradır və Çin dilinin öyrənilməsi prosesini tamamlayır.