XƏBƏRLƏR

Kamal Abdulla İsrailin Azərbaycandakı səfiri ilə görüşüb

25 yanvar, 2023

Yanvarın 25-də Azərbaycan Dillər Universitetinin (ADU) rektoru, akademik Kamal Abdulla İsrailin ölkəmizdəki fövqəladə və səlahiyyətli səfiri Corc Diklə görüşüb.

Qonaqları universitetdə görməkdə məmnun olduğunu bildirən rektor Azərbaycan-İsrail münasibətlərinin inkişafından söhbət açıb.

Görüşdə Holokost qurbanlarının xatirəsi dərin hüznlə yad edilib. Qeyd olunub ki, insanlıq adına böyük cinayət olan bu soyqırım həm də zülmə qarşı mübarizənin bir simvolu kimi tarixin yaddaşına həkk olunub:

“Bu gün bizim üçün eyni zamanda qardaşlıq günüdür, birlik günüdür, insan əqidəsinin, insan gücünün təntənəsi günüdür. Bu gün həm də insanlığın şərə qarşı mübarizəsinin simvola çevrildiyi bir gündür. Mən dərin hüznlə Azərbaycan ziyalıları adından, universitetimizin kollektivi adından sizə başsağlığı verirəm. Qeyd etmək istəyirəm ki, Holokost qurbanları öz həyatlarını boşuna qurban vermədilər. Onlar yəhudi xalqının əzmkarlığını, mübarizəsini, əzəmətini bir daha bütün dünyaya sübut etmiş oldular.  Bu gün İsrail və Azərbaycan arasında olan qardaşlıq münasibətlərini hər an hiss edirik”.

İsrailin ölkəmizdəki fövqəladə və səlahiyyətli səfiri Corc Dik göstərilən qonaqpərvərliyə və diqqətə görə universitet rəhbərliyinə və kollektivinə öz təşəkkürünü bildirib.

Qeyd olunub ki, Azərbaycan müsəlman dünyasında yeganə ölkədir ki, çoxsaylı yəhudi icmasına ev sahibliyi edir. Bu, Azərbaycanın sahib olduğu və dəstəklədiyi dəyərlərin göstəricisidir:

“Tarix boyu nifrət hissi faciələrə gətirib çıxarıb və ötən əsrdə bunu yəhudilər də yaşayıblar. Dünyada olan ölkələrin hər birinin öz faciəsi var. Holokostun beynəlxalq anım günündə bütün ölkələrin qurbanlarının xatirəsini ehtiramla anırıq. Belə hadisələri unutmamaqla biz onların təkrarlanmamasına nail ola bilərik. Kütləvi qırğınlar, soyqırımlar dünyada bu gün də baş verir və biz bunu görməzdən gələ bilmərik. İnanıram ki, biz gələcəkdə elə bir dünyada yaşayacağıq ki, bu cür hadisələr baş verməyəcək”.

Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin icraçı direktoru Rəvan Həsənov  görüşün əhəmiyyətindən danışıb. Qeyd olunub ki, hər il olduğu kimi, bu il də Azərbaycanda Holokost qurbanlarının anım günü keçirilir. Azərbaycan dünyada tolerantlıq və multikulturalizmin ünvanlarından biridir. Ölkəmizdə yəhudi irsi tarixən olub, xalqlarımız hər zaman bir yerdə yaşayıb, xoş gündə də, pis gündə də həmişə bir-birinə dayaq olub. Bu, Birinci və İkinci Qarabağ müharibələrində də sübut olunub.

Azərbaycandakı Dağ Yəhudiləri İcmasının rəhbəri Milix Yevdayev və başqaları 1941-1945-ci illərdə Holokost zamanı 6 milyondan çox yəhudi qırğına məruz qaldığını qeyd edib. Bildirilib ki, onların 1,5 milyonu uşaqlar olub. Belə vəhşiliklərin böyük və ya kiçiyi olmur. Xocalı faciəsi də həmin faciələrdəndir. O faciədə 613 azərbaycanlı qətlə yetirilib, onların arasında qadınlar, uşaqlar da olub.