XƏBƏRLƏR

Azərbaycanlıların timsalında dünyada xalqların deportasiyası problemi müzakirə edilib

18 dekabr, 2022

Bakı Politoloqlar Klubunun təşkilatçılığı, "News.az" beynəlxalq xəbər agentliyinin mətbuat, Azərbaycan Dillər Universitetinin təşkilati dəstəyi ilə “Azərbaycanlıların timsalında dünyada xalqların deportasiyası problemi: mövcud vəziyyət və problemlər” mövzusunda beynəlxalq konfrans keçirilib.

AZƏRTAC xəbər verir ki, tədbirdə Azərbaycanda fəaliyyət göstərən Türkiyənin, Avropa İttifaqının, ABŞ-ın, İsrailin, Qazaxıstanın, Türkmənistanın, Özbəkistanın və Mərakeşin diplomatik korpusunun nümayəndələri, Fransa və İsraildən, həmçinin yerli ekspertlər iştirak ediblər.

Tədbirdə azərbaycanlıların ötən əsr boyunca dörd dəfə indiki Ermənistan ərazisindən deportasiya edilməsi ətrafında fikir mübadiləsi aparılıb.

Konfransı giriş sözü ilə açan Bakı Politoloqlar Klubunun rəhbəri Zaur Məmmədov bildirib ki, xalqların deportasiyası tarix boyunca ən ağır səhifələrdən olub. Təəssüf ki, Azərbaycanlılar da bu bəladan yan ötüşməyib və yaxın keçmişdə bir neçə dəfə deportasiyaya uğrayıblar.

Azərbaycan Dillər Universitetinin rektoru akademik Kamal Abdulla qonaqları salamlayaraq ölkəmizdə bütün xalqlara tolerant münasibət göstərilməsindən söz açıb və deportasiyanın dünya tarixinin ən faciəvi səhifələrindən biri olduğunu qeyd edib.

Giriş nitqlərindən sonra azərbaycanlıların ötən əsr boyunca uğradıqları deportasiya və kütləvi qırğınlarla bağlı videoçarx izlənilib.

Daha sonra tədbir İnkişaf və Diplomatiya İnstitutunun tədqiqatçısı, eləcə də ADA universitetinin müştərək professoru fransalı ekspert Maksim Qauin 1918-1920-ci illərdə azərbaycanlıların deportasiyası ilə bağlı apardığı araşdırmalardan bəhs edib, azərbaycanlılara qarşı erməni millətçilərinin apardığı etnik təmizləmə siyasəti barədə danışıb.

Konfransa onlayn şəkildə qatılan israilli ekspert Mixail Finkel deportasiya ilə bağlı hüquqi məsələlərə toxunub, insanlıq əleyhinə törədilmiş bu cinayət faktı ilə bağlı məlumat verib.

Deportasiya məsələləri ilə bağlı Doshisha Universitetinin (Yaponiya) və ADA Universitetinin keçmiş professoru Rəhman Şahhüseynli danışıb, hazırda bununla bağlı dünyadakı mövcud vəziyyətdən bəhs edərək öz xatirələrini bölüşüb.

Tədbirdə, həmçinin özləri və yaxınları deportasiya ilə üzləşən şəxslərin hekayələri dinlənilib. Qərbi Azərbaycan İcmasının mətbuat katibi, "News.az" beynəlxalq xəbər agentliyinin rəhbəri və Bakı Politoloqlar Klubunun üzvü Ülviyyə Zülfiqar, Fransada yaşayan azərbaycanlı hüquqşünas Zaur Sadıqbəyli, Yeni Azərbaycan qəzetinin baş redaktoru Alqış Musayev deportasiya olunduqları günləri diplomatik korpusların nümayəndələrinin diqqətinə çatdırıblar.

Sonda Zaur Məmmədov diplomatik korpusların nümayəndələrinə vaxt ayırıb görüşdə iştirak etdikləri üçün təşəkkürünü bildirib.