Xorvatiyanın ölkəmizdəki səfiri ADU-da olub
Dekabrın 16-da Azərbaycan Dillər Universitetinin (ADU) rektoru, akademik Kamal Abdulla ilə Xorvatiyanın ölkəmizdəki səfiri Branko Zebiç arasında görüş keçirilib.
Akademik Kamal Abdulla qonağı salamlayıb, onu universitetdə görməkdən məmnun olduğunu bildirib. Rektor universitetdə fəaliyyət göstərən bir çox ölkələrin dil və mədəniyyət mərkəzlərinin mövcudluğundan danışıb.
Xorvatiyanın ölkəmizdəki səfiri Branko Zebiç ADU-da olmaqdan məmnun olduğunu deyib və hər iki ölkənin universitetləri arasında müxtəlif istiqamətli əlaqələri dəstəklədiyini bildirib. Tərcümə sahəsinə toxunan səfir, xorvat dilində olan ədəbi-bədii kitabların Azərbaycan dilinə çevrilməsi təşəbbüsünü irəli sürüb.
Görüşdə qarşılıqlı əməkdaşlığın gələcək perspektivləri, yeni layihələrin həyata keçirilməsi, əlaqələrin genişləndirilməsi və digər məsələlər ətrafında fikir mübadiləsi aparılıb.
Daha sonra diplomat “Səfir saatı” layihəsi çərçivəsində tələbələrlə görüşüb.