ADU-da “Alman dili günü”nə həsr edilmiş tədbir keçirilib
Dekabrın 14-də Azərbaycan Dillər Universitetində Təhsil 1 fakültəsi nəzdində Alman dilinin leksikologiyası və üslubiyyatı kafedrasının dosenti, Alman Dili Birliyinin ölkəmizdəki rəhbəri fil.f.d. Gülənbər Pirnəzərovanın təşəbbüsü və təşkilatçılığı ilə “Alman dili günü”nə həsr edilmiş tədbir keçirilib.
Tədbir zamanı alman dilinin tarixi haqqında prezentasiya təqdim olunub.
Ərsəyə gəlməsində zəhməti keçən hər kəsə təşəkkürünü bildirən rektor məsləhətçisi Anar Osmanlı, belə tədbirlərin gələcəkdə daha geniş şəkildə, daha böyük səhnələrdə keçiriləcəyini ümid edib.
ADU-nun Kitabxana İnformasiya mərkəzinin bölmə müdiri G.Məmmədova tədbirin yüksək səviyyədə təşkil olunduğunu xüsüsi vurğulayıb.
Bədii hissədə tələbələr tərəfindən alman dilində mahnılar ifa olunub, H.Hessenin “Im Nebel” şeiri səsləndirilib, nənə və nəvə arasında anlaşılmazlığı göstərən səhnəcik oynanılıb.
Qrim qardaşlarının “Henzel və Qretel” nağılı, tanınmış alman şairi Y.V.Götenin “Heidenröslein” şeiri səhnələşdirilib.
Təhsil 1 fakültəsinin 414r qrup tələbəsi Fatimə Kərimova özünün alman dilinə tərcümə etdiyi istiqlal və məhəbbət şairi Əhməd Cavadın “Nə yazım” şeirini səsləndirib.
Tədbirdə tələbələr tərəfindən dillə bağlı aforizmlər də söylənilib.
Sonda təşəbbüskar və təşkilatçı G.Pirnəzərova tədbirin yüksək səviyyədə təşkil olunmasına və keçirilməsinə dəstək göstərən universitet rəhbərliyinə, rektor köməkçisi A.Osmanlıya, Təhsil 1 fakültəsi nəzdində Alman dilinin leksikologiyası və üslubiyyatı kafedrasının müdiri fil.f.d., dos. X.S.Əsgərovaya, tələbələrin hazırlanmasında dəstəyini əsirgəməyən əməkdaşlardan U.Aslanova, G.Nəcəfova, S.Əlizadə, T.Gözəlova və Ş.Aslanovaya təşəkürünü bildirib.