XƏBƏRLƏR

ADU-da “Təhsilimiz: dünəndən sabaha” adlı kitabın təqdimat mərasimi keçirilib

15 dekabr, 2022

Dekabrın 14-də Azərbaycan Dillər Universitetində əməkdar müəllim Asif Cahangirovun “Təhsilimiz: dünəndən sabaha” adlı kitabın təqdimat mərasimi keçirilib.

ADU-nun rektoru, akademik Kamal Abdulla qonaqları salamlayıb, tədbirin  əhəmiyyətindən danışıb. Qeyd olunub ki, kitabda təhsilə adi proses kimi baxılmayıb, onun cəmiyyətin dəyərlər sistemində mühüm yeri olan element olması öz təsdiqini tapıb:

“Bu gün təhsillə bağlı çoxlu kitablar yazılır. Ancaq sevindirici haldır ki, Asif müəllimin müəllifi olduğu kitab öz aktuallığı, mövzu baxımından müasirliyi ilə seçilir. Kitabın müəllifi birbaşa təhsillə bağlı bir şəxsdir. O, təhsilə kənardan gəlməyib. Bu baxımdan da kitabın əhəmiyyəti və fərqi önə çıxmış olur. Kitabda təhsillə bağlı bir neçə maraqlı proqnozlara rast gəlmək olar. Bu proqnozlar həm də müasir insanın düşüncə tərzinə yeni baxış üçün zəmin yaratmış olur.”

Kitabın elmi redaktoru  Ənvər Abbasov, professor Fərrux Rüstəmov və Amerika mərkəzinin direktoru Şəhla Xudiyeva kitabla bağlı fikirlərini bölüşüblər.

Bildirilib ki, kitabda əksər universitetlərin dünya ali təhsil məkanında cərəyan edən qlobal prosesləri layiqincə dəyərləndirə bilməməsi, ali məktəblərdə tələbələrdə səriştələrin inkişaf etdirmək əvəzinə nəzəriyyələrlə ifrat dərəcədə yüklənmiş biliyə üstünlük verilməsi, təhsillə elmi fəaliyyətin inteqrasiyası mənzərəsinin qənaətbəxş olmaması, universitetlərdə elmi tədqiqatların zəif aparılması və digər bu kimi ciddi problemlərə toxunulub.

Tədbir tələbələrin sualları ilə davam edib.