XƏBƏRLƏR

Mahmud Athar: "Mərkəzlərin açılmasının məqsədi mədəniyyət, təhsil, elm mübadiləsi aparmaq, xarici münasibətlərin inkişafında rol oynamaqdır".

18 noyabr, 2022

Pakistan və Azərbaycan  tarixi kökləri dərin, qardaş ölkələrdir. Bu əlaqələrin tarixi azərbaycanlı xeyriyyəçi Hacı Zeynalabdin Tağıyevin adı ilə birbaşa bağlıdır. Ümummilli lider Heydər Əliyevin prezidentliyi dövründən daha da güclənmiş əlaqələr, Müzəffər Ali Baş Komandan İlham Əliyevin prezidentliyi dövründə davamlı olaraq inkişaf edib.

Vətən müharibəsində Pakistan tərəfindən ölkəmizə göstərilən  diplomatik dəstək qardaşlıq münasibətlərimizi daha çox gücləndirdi.

Həmsöhbətimiz də qardaş ölkə Pakistanın vətəndaşı, Azərbaycan Dillər Universitetinin Pakistan Mədəniyyət Mərkəzinin rəhbəri,  univerisitetin müəllimi Mahmud Athardır.

 M. Atharla olan söhbətimiz zamanı  Pakistan Mədəniyyət Mərkəzi və iki ölkə arasındakı münasibətlərin inkişafı barədə suallara cavab aldıq.

- Mahmud müəllim, Pakistan Mədəniyyət Mərkəzinin açılmasının ideyası haqqında nə  deyə bilərsiniz?

- Bildiyiniz kimi, Pakistan və Azərbaycan arasında uzun tarixə malik nümunəvi qardaşlıq əlaqələri mövcuddur. Bunları nəzərə alaraq, hər iki xalqın elm, təhsil və mədəni əlaqələrinin inkişafına böyük töhfə olacağı məqsədi ilə mərkəzin  açılmasına qərar verildi.

Mərkəzin açılması təşəbbüsü universitetin rektoru, akademik Kamal Abdullanın  2021-ci ilin mart ayında  Pakistan İslam Respublikasının Azərbaycandakı səfiri cənab Bilal Hayəni  universitetə dəvəti zamanı oldu. Həmin görüşdə ölkələrin dilini və mədəniyyətini öyrənməyin vacibliyi vurğulandı. Beləliklə də, hər iki ölkə tələbələrinə bir birinin  dili və mədəniyyətini tanıtmaq məqsədi ilə ölkələr arasında belə bir mərkəzin açılması təklifi irəli sürüldü.

Pakistan dövləti də təklifin aktuallığını nəzərə alaraq dəstəklədi.  Nəticə olaraq, Azərbaycan Dillər Universiteti  ilə Pakistan Milli Müasir Dillər Universiteti  arasında Anlaşma Memorandumu imzalandı.

Onu da bildirim ki, Pakistanda açılış mərasimi yüksək rütbəli qonaqların iştirakı ilə keçirildi.

- ADU-nun Pakistan Mədəniyyət Mərkəzinin fəaliyyəti haqqında danışmağınızı xahiş edirəm.

- Universitetimizdə hal-hazırda 20-dən çox ölkənin mərkəzləri mövcuddur. Mərkəzlərin açılmasının məqsədi ölkələr arasında mədəniyyət, təhsil, elm mübadiləsi aparmaq, xarici münasibətlərin inkişafında rol oynamaqdır.

Həmin mərkəzlərdən biri də Pakistan Mədəniyyət Mərkəzidir. Mərkəzin açılması uzun bir prosesin nəticəsidir. Ölkələr  arasında olan əlaqələr, eyni zamanda Kamal müəllimin böyük səyləri nəticəsində mərkəzin açılmasına müvəffəq ola bildik. Fəaliyyətimiz milli dəyərlərin vəhdətini hər iki ölkənin ənənələrində əks etdirərək, geniş miqyaslı tədbirlərdə özünü göstərir. İstər rəsm sərgisi olsun, istər müxtəlif müsabiqələr, istər də yemək festivalı olsun, hər yerdə mərkəzimiz öz müsbət rolunu oynayır. Fəaliyyətimiz çərçivəsində  tələbələr üçün nəzərdə tutulan mübadilə proqramları var.  Bu da hər iki ölkənin təhsil sistemini, mədəni əlaqələrini tələbələrə aşılamaq məqsədi daşıyır.

- Pakistan Mədəniyyət Mərkəzi hər iki ölkənin əlaqələrinin inkişafında hansı rolu oynadı?

- Hər iki ölkə arasındakı əlaqələrin inkişafında Pakistan Mədəniyyət Mərkəzinin rolu çox böyükdür. Mərkəzin əhəmiyyəti ondan aydındır ki, açılışında Pakistan Milli Assambleyasının spikeri cənab Asad Qeysər şəxsən deputat heyəti ilə iştirak etmişdir. Məhz Pakistan Mədəniyyət Mərkəzinin yaranmasından sonra, Pakistandan digər nümayəndələr gələrək mərkəzlə tanış olub, universitetin  rektoru ilə görüşüb və mərkəzlə bağlı müsbət təəssüratlarını bildiriblər.

Həmin görüşlərdə də iki ölkə arasındakı əlaqələrin gələcək planlarından danışılıb. Bu planlar arasında dövlət proqramları əsasında sərgilər, tədbirlər, xarici qonaqların tələbələrlə görüşü, xüsusi günlərin qeyd olunması, səfir saatları həyata keçirilir. 

Mərkəzin açılışı hər iki ölkənin tələbələri arasında da mədəni əlaqələrin mənimsənilməsində geniş rol oynadı.

- İki ölkə arasındakı əlaqələrin inkişafında, bu mərkəzin perspektivi nədir? 

- Pakistanşünaslıq ixtisasında təhsil alan tələbələrə mərkəzdə Pakistan dili, tarixi və mədəniyyəti öyrədilir. Burada səfir saatları, mədəni sərgilər, dövlət planlı  müxtəlif  tədbirlər keçirilir. Dövlət planlı tədbirlər arasında bu  ilin may ayında “28 may - Azərbaycanın müstəqilliyi günü”nə həsr olunmuş tədbiri, Pakistan Milli Assambleyasının sədri spiker cənab Asad Qeysərin və Pakistan Müasir Dillər Universitetinin rektoru Məhəmməd Cəfərin tələbələrlə görüşlərini qeyd edə bilərik. Hətta rektor Məhəmməd Cəfər  ADU-nun tələbələri üçün mühazirə də oxuyub.

- Pakistandakı Azərbaycan Mədəniyyət Mərkəzi haqqında nə deyə bilərsiniz?

- Mərkəz bu il Pakistanın ən nüfuzlu universitetlərindən biri olan Müasir Dillər Universitetində açılıb. Mərkəz Azərbaycan Dillər Universitetinin (ADU) təşəbbüsü və təşkilatçılığı ilə yaradılıb. Bu münasibətlə Pakistanda xüsusi tədbir keçirilib. Keçirilən tədbirdə Azərbaycanın Pakistandakı səfiri Xəzər Fərhadov, Milli Məclisin deputatı, ADU-nun sosial məsələlər üzrə prorektoru Tamam Cəfərova, ADU-nun elm və innovasiya məsələləri üzrə prorektoru, professor Novruz Məmmədov, ADU-nun xarici mərkəzlərlə iş bölməsinin müdiri Anar Rəhimov, Pakistan Müasir Dillər Universitetinin rektoru Məhəmməd Cəfər, ali təhsil müəssisəsinin prorektorları, müəllim və tələbə heyəti, eləcə də səfirlik əməkdaşları iştirak ediblər. Səfir mərkəzin iki ölkə arasında elmi, mədəni, humanitar sahələr üzrə münasibətlərin daha da dərinləşdirilməsində önəmli rol oynayacağını diqqətə çatdırıb.