XƏBƏRLƏR

ADU-da Zəfər Günü münasibəti ilə “Xarı bülbülün sədası” adlı tədbir keçirilib

05 noyabr, 2022

Azərbaycan Dillər Universitetində Zəfər Günü münasibəti ilə “Xarı bülbülün sədası” adlı tədbir keçirilib.

Tədbirdə Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib. Canlarını ölkəmizin ərazi bütövlüyü və suverenliyi uğrunda qurban vermiş əsgər və zabitlərimizin xatirəsi yad edilib.

Universitetin rektoru, akademik, Xalq yazıçısı Kamal Abdulla iştirakçıları Azərbaycan tarixinə qızıl hərflərlə yazılmış Zəfər Günü münasibəti ilə təbrik edib. 44 günlük Vətən müharibəsinin xronologiyasına nəzər salan rektor, şanlı qələbənin tarixindən söz açıb:

“Biz bu gün 44 günlük Vətən müharibəsində qazandığımız qələbənin sevinc və qürur hissini bir daha yenidən yaşayırıq. Qələbəmiz Azərbaycan Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyevin müdrik, cəsarətli siyasəti,  Azərbaycan Ordusunun şücaəti və ordumuza mənəvi dəstəyini əsirgəməyən biz - sıravi  vətəndaş həmrəyliyinin nəticəsidir. Nəhayət ki, 30 illik mübarizədən sonra, layiq olduğumuz qələbə sevincinə nail olduq. Qələbə münasibəti ilə hər birinizi təbrik edirəm. Şəhidlərimizə Allahdan rəhmət, doğmalarına səbr diləyirəm. Onlar bizim ürəyimizdə daim yaşayacaqlar. Vətən müharibəsi şəhidləri arasında bizim unversitetin məzunları, əməkdaşlarımızın övladları da var. Biz onlarla fəxr edirik!”

Tədbirin bədii hissəsində universitet tələbələrinin ifalarında şəhidlərimizə həsr olunan şeirlər səslənib, vətənpərvərliyi və qəhrəmanlığı tərənnüm edən mahnılar dinlənilib. ADU-nun “Dalğa” rəqs ansamblının təqdimatında milli rəqslər izlənilib.