XƏBƏRLƏR

ADU-nun fakültələri və Magistratura şöbəsinin tyutorları ilə görüş keçirilmişdir

27 oktyabr, 2022

Ali təhsil müəssisələrində tələbələrin mobilliyini və verilmiş biliklərin həyata keçirilməsini təmin etmək, təhsilin keyfiyyətini artırmaq, onların akademik maraqlarını qorumaq, müdafiə etmək, eyni zamanda tədris prosesinin təşkili ilə bağlı zəruri məlumat və sənədlərin tələbələrə təqdim edilməsi tyutorun (akademik məsləhətçi) qarşısında duran vəzifələrdən biridir. Məhz bu səbəbdən tədrisin təşkili və keyfiyyətinin artırılması, tələbələrlə işin səmərəliliyinin gücləndirilməsi məqsədilə 20 və 25 oktyabr 2022-ci il tarixlərində Tədris şöbəsinin müdiri Şəfəq Şahməmmədova tərəfindən ADU-nun fakültələri və Magistratura şöbəsinin tyutorları ilə görüş keçirilmişdir.

Təlimi giriş sözü ilə Tədris məsələləri üzrə prorektor prof. Sevinc Zeynalova açmış, görüşdə kredit sistemi ilə tədrisin təşkili, tələbələrin akademik məzuniyyət götürməsi, bərpa və xaric olunması, təqaüdlərin verilməsi, nizam-intizam qaydaları, müxtəlif tədris sənədlərinin hazırlanması və tətbiqi və s. barədə məlumatlar təqdim edilmişdir.

Həmçinin Tədris şöbəsinin müdiri Şəfəq Şahməmmədova təlim xarakterli görüşdə hər bir təhsilalanın fərdi tədris planının olması, tədris qrafiki, tədris planı, prerekvizit fənlər, akademik təqvim, qiymətləndirmə sistemi, kredit sistemində istifadə olunan tədris sənədləri və digər məlumatlar iştirakçıların nəzərinə çatdırılmış, təhsil krediti, sənədləşmə, kredit sistemi əsasında təşkil olunmuş tədris prosesinin xüsusiyyətlərini diqqətə çatdırmışdır.

Təlim tyutorlar tərəfindən iş prosesi zamanı qarşılaşdıqları çətinliklərin, yaranmış sualların müzakirəsi, fikir mübadiləsi aparılması və təkliflərin verilməsi ilə yekunlaşmışdır.