XƏBƏRLƏR

ADU-nun rektoru Kamal Abdulla Çinin ölkəmizdəki səfiri ilə görüşüb

20 oktyabr, 2022

Oktyabrın 19-da Azərbaycan Dillər Universitetinin (ADU) rektoru, akademik Kamal Abdulla Çin Xalq Respublikasının Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri xanım Qo Minlə görüşüb.    

Səfiri rəhbərlik etdiyi ali təhsil ocağında görməkdən məmnun olduğunu deyən rektor Azərbaycan və Çin arasında elm, təhsil və mədəniyyət istiqamətində qurulan səmərəli əməkdaşlıqdan danışıb:   

“Universitetimizə hədiyyə etdiyiniz dərsliklər həm müəllimlərimiz, həm tələbələrimiz üçün çox faydalı olacaq. Çin dilinin tədrisi əsas prioritetlərimizdən biridir. Bizim elmi əməkdaşlığımız yüksələn xəttlə inkişaf etməkdədir. Bu bizi çox sevindirir. Bizim əlaqələrimiz qarşılıqlı xarakter daşıyır. Çin mədəniyyəti, tarixi, dili universitetimizdə tədqiq olunur və tələbələr tərəfindən böyük maraqla qarşılanır. Konfutsi İnstitutu həm tələbələrin, həm də müəllimlərin elmi tədqiqat işlərinin aparılmasında əsas qaynaqlardan biri hesab olunur.”    

Fövqəladə və səlahiyyətli səfir xanım Qo Min səmimi qarşılanmaya və qonaqpərvərliyə görə universitet rəhbərliyinə və kollektivinə öz təşəkkürünü bildirib. O, ADU-nun uğurlarından danışıb. Qeyd olunub ki, Azərbaycan Dillər Universiteti ölkədə və regionda keyfiyyətli təhsili ilə seçilən nüfuzlu təhsil ocağıdır:

“ADU-nun Çin və Azərbaycan arasında elmi əlaqələrin qurulmasında rolu böyükdür. Biz Çində fəaliyyət göstərən universitetlərlə əlaqə saxlayıb orada təhsil alan tələbələrin sizin universitetdə təhsil imkanlarından yararlanmağı üçün danışıqlar aparırıq. Böyük məmnuniyyətlə qeyd etmək istərdim ki, rəhbərlik etdiyiniz ali təhsil ocağında Çin dilinin tədrisinə, ölkəmizin tarixinin və mədəniyyətinin öyrənilməsinə böyük diqqət göstərilir. Konfutsi İnstitutunun uğurlu fəaliyyəti bizi çox sevindirir. İnstitut müxtəlif istiqamətlərdə çox faydalı tədbirlər və seminarlar təşkil edir.” 

Görüş iki ölkənin ali təhsil ocaqları arasında əməkdaşlığın gələcək perspektivlərinin müzakirəsi ilə davam edib.