XƏBƏRLƏR

ADU-nun rektoru Kamal Abdullaya Rumıniyada Fəxri doktor adı təqdim olunacaq

10 oktyabr, 2022

Azərbaycan Dillər Universitetinin (ADU) rektoru akademik Kamal Abdulla Rumıniyanın Piteşti Universitetinin fəxri doktoru seçilib. Bununla bağlı Kamal Abdulla Piteşti Universitetinin rektoru Dumitru Kirleşan tərəfindən Rumıniyaya dəvət olunub. Bu ali təhsil ocağı tərəfindən göndərilən məktubda qeyd olunub ki, o, iki ölkə arasında təhsil və elm münasibətlərinin inkişafındakı xidmətlərinə, eyni zamanda rumın dilinin ADU-da yüksək səviyyədə tədrisinə, bu ölkənin mədəniyyətinin təbliğindəki müstəsna roluna görə bu fəxri ada layiq görülüb. 

Rektor Kamal Abdulla və ADU-nun Mərkəzlərlə iş bölməsinin rəhbəri Anar Rəhimov 19-27 oktyabr tarixlərində Buxarest, Pteşti və İaşi şəhərlərində akademik ezamiyyətdə olacaqlar. 

Səfər müddətində akademik Kamal Abdullaya Piteşti Universitetinin fəxri doktoru adı təqdim olunacaq, yazıçının “Bir, iki, bizimki” əsəri əsasında Pteşti Universitetinin tələbələri tərəfindən hazırlanan tamaşanın premyerası da keçiriləcək. Kamal Abdulla eyni zamanda İaşi Universitetində “Azərbaycan multikulturalizmi” mövzusunda mühazirə oxuyacaq, Azərbaycan Multikulturalizm Mərkəzinin açılış mərasimində iştirak edəcək. 

Oktyabrın 25-də İaşi Universitetinin rektoru ilə ADU-nun rektoru arasında anlaşma memorandumu imzalanacaq.