XƏBƏRLƏR

Səfir: “Azərbaycan Dillər Universiteti Çin dili və mədəniyyətinin tanıdılmasına böyük töhfələr verib”

19 iyul, 2022

“Azərbaycan Dillər Universiteti Çin universitetləri və akademik tədqiqat institutları ilə dostluq mübadiləsi çərçivəsində qarşılıqlı səfərlər edərək, Çin dilinin tədrisi, habelə Çin mədəniyyətinin Azərbaycanda tanıdılmasına böyük töhfələr verib”. 

Azərbaycan Dillər Universitetinin İctimaiyyətlə əlaqələr şöbəsindən verilən məlumata görə, bunu Çin Xalq Respublikasının Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri xanım Qo Min Azərbaycan Dillər Universitetində keçirilən “Məzun günü”ndəki çıxışında deyib. Səfir bildirib ki, tələbələrin həyatındakı bu unudulmaz günün iştirakçısı olmaqdan məmnundur:   

“Çinin Azərbaycandakı səfirliyi adından təhsilini müvəffəqiyyətlə başa vuran məzunları səmimi qəlbdən təbrik edir və əməyi keçən bütün müəllimlərə yüksək ehtiramımı bildirirəm.  Bu il Çin və Azərbaycan arasında diplomatik münasibətlərin qurulmasının 30 illiyi qeyd olunur. Çin Xalq Respublikasının sədri Si Cinpin və Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin qarşılıqlı qayğı və əməyi sayəsində Çin-Azərbaycan münasibətləri sürətli inkişaf tempini qoruyub saxlayıb, siyasi qarşılıqlı etimad davamlı olaraq dərinləşib, qarşılıqlı əməkdaşlıq səmərəli nəticələr verib, eyni zamanda xalqlar və mədəniyyətlərarası münasibətlər daha da möhkəmlənib”.

Səfir əlavə edib ki, Azərbaycan Dillər Universiteti xarici dillərin tədrisi və regionşünaslıq istiqaməti üzrə kadr hazırlığı ilə tanınan ali təhsil ocağıdır:

"2013-cü ildən çinşünaslıq ixtisası açılandan bəri, bu istiqamətdə yüzlərlə kadr hazırlanıb. Onlar öz işlərində daima səylə çalışaraq iki ölkə arasındakı qarşılıqlı münasibətlərin inkişafına öz töhfələrini veriblər. İnanıram ki, hazırda çinşünaslıq ixtisası üzrə təhsil alan məzunlar da onlar kimi olacaq, Çin və Azərbaycan arasındakı dostluq əlaqələrini nəsildən-nəsilə ötürərək davam etdirəcək, iki ölkə arasında əlaqələrin inkişafına yeni-yeni töhfələr verəcəklər”.