XƏBƏRLƏR

ADU-da Ulu öndər Heydər Əliyevin anadan olmasının 99-cu ildönümü ilə bağlı tədbir keçirilib

10 may, 2022

Mayın 10-da Azərbaycan Dillər Universitetində Ulu öndər Heydər Əliyevin anadan olmasının 99-cu ildönümü ilə bağlı tədbir keçirilib. 

Əvvəlcə tədbir iştirakçıları Azərbaycan Dillər Universitetinin foyesində ulu öndər Heydər Əliyevin büstü önünə gül dəstələri düzüb, xatirəsini ehtiramla anıblar. 

ADU-nun rektoru, akademik Kamal Abdulla tədbir iştirakçılarını salamlayıb, Ulu öndərin həyat yolundan danışıb. Bildirilib ki, Heydər Əliyev tarixi şəxsiyyət kimi Azərbaycan xalqının qəlbində daima yaşayacaqdır: 

“Böyük qürur hissi ilə deyə bilərik ki, möhkəm bünövrə üzərində formalaşmış Azərbaycan dövləti özünün yeni, müasir inkişaf dövrünü yaşayır. Hər birimiz Heydər Əliyevin dövlətçilik amallarına sadiq qalaraq Ulu öndərin yüksək ideyalarını yaşatmaq və inkişaf etdirmək, Azərbaycan tarixinin yeni şanlı səhifələrini yazmaq naminə möhtərəm Prezidentimiz cənab İlham Əliyevin ətrafında sıx birləşərək, əlimizdən gələni əsirgəməməli, dövlət başçısının yüksək etimadına uyğun olaraq ölkəmizin hərtərəfli tərəqqisi üçün öz vəzifələrimizi layiqincə yerinə yetirməli və daha əzmkarlıqla çalışmalıyıq.”

Qeyd olunub ki, Ulu öndər bütün həyatını Azərbaycan xalqına və onun müstəqilliyinə həsr edib. Heydər Əliyevin misilsiz xidmətləri bu gün Azərbaycanı möhkəm və qüdrətli bir dövlətə çevirib:

“Şübhəsiz ki, Heydər Əliyev dühasını, onun xalqımız qarşısında xidmətlərini sonadək öyrənmək qeyri-mümkündür. Ulu öndərimizin böyüklüyü, onun xalqımızın rifahı naminə həyata keçirdiyi mühüm tədbirlərin mahiyyətini tam dərk etmək üçün böyük zaman tələb olunur. Zaman keçdikcə isə bu dahi insanın adı Azərbaycan xalqının simvoluna, əməlləri isə hünər rəmzinə çevrilir.”

Akademik Kamal Abdulla Ulu öndərlə olan görüşlərdən söz açıb. Rektor bildirib ki, Heydər Əliyevlə görüşmək şərəfinə nail olduğu üçün özünü xoşbəxt hiss edir:

“Ulu öndər elə bir dahi şəxsiyyət idi ki, hər kəs onunla ünsiyyət qurmaq, onu dinləmək istəyirdi. O, gənclərə xüsusi diqqət göstərirdi və gənclərə böyük inamı vardı. Yadımdadı, bir dəfə tələbələrlə görüş zamanı üzünü bizə, rektorlara tutub dedi: “Bu gənclər mənim sizə əmanətimdir!”  Bu sözləri uzun illərdi xatırlayıram və heç vaxt unuda bilmərəm”

Nəsimi Rayon İcra Hakimiyyətinin başçısı Asif Əsgərov tədbirin keçirilməsinin əhəmiyyətindən danışıb. Bildirilib ki, hələ sağlığında əfsanələşən, siyasət olimpini fəth etmiş nadir şəxsiyyət Heydər Əliyev haqqında dünyanın məşhur simalarının necə heyranlıqla, ehtiramla danışdıqlarının şahidiyik:

“Azərbaycan xalqı xoşbəxtdir ki, onun Heydər Əliyev kimi Ulu öndəri, dünyanın hörmətlə yanaşdığı və qəbul etdiyi ümummilli lideri var. Və bu gün hər birimiz dərk edirik ki, müstəqil Azərbaycan dövləti bütün həyatı və fəaliyyəti tariximizə qızıl hərflərlə həkk olunmuş Heydər Əliyevin şah əsəridir. Şübhə yoxdur ki, xalqımız onun müəllifini özünün tarixində və qəlbində əbədi yaşadacaq, Azərbaycan və Heydər Əliyevin adı əsrlər boyu bütün dünyada qoşa səslənəcəkdir.”

Professor Vaqif Şadlinski dahi şəxsiyyət haqqında ürək sözlərini bölüşüb. Qeyd olunub ki, Azərbaycan xalqı Ulu öndərin siyasi kursunu davam etdirməklə möhtərəm Prezidentimiz cənab İlham Əliyevin rəhbərliyi ilə bundan sonra da öz tarixinin yeni, şanlı səhifələrini yazacaq, daha yüksək zirvələr fəth edəcəkdir.

ADU-nun magistrantı İlahə Həsənzadə “Ulu öndər Heydər Əliyevin gənclər siyasəti” mövzusunda çıxış edib. Ulu öndərin gənclərə olan qayğısından və diqqətindən söhbət açılıb. Bildirilib ki, Heydər Əliyev daima gənclərin bilik və bacarıqlarının artırılması, sağlam gələcəyin qurulması naminə böyük işlərin həyata keçirilməsi üçün bütün gücünü səfərbər etmişdi:

“Ümummilli lider Heydər Əliyevin ən böyük xidmətlərindən biri də onun gələcəyimizə - Azərbaycan gəncliyinə verdiyi töhfələrdir. Ulu öndərin zəngin və möhtəşəm dövlətçilik fəaliyyətində gənclər siyasəti hər zaman xüsusi yer tutub. Azərbaycan gənclərinin günümüzün müasir, inkişaf etmiş, yüksək intellektli qüvvə kimi formalaşmasında Ulu öndərin böyük, əvəzedilməz xidmətləri olub.”

Tədbir tələbələrin hazırladıqları bədii hissə ilə davam edib.