XƏBƏRLƏR

ADU-da Frankofoniya günləri keçirilib

20 aprel, 2022

Azərbaycanda keçirilən frankofoniya tədbirləri çərçivəsində aprel ayının 19-da ADU-nun 3 saylı tədris binasının akt zalında Təhsil-2 fakültəsinin Fransız dilinin leksikologiyası və üslubiyyatı kafedrasının təşkilatçılığı ilə fakültənin III və IV kurs tələbələrinin iştirakı ilə “Dilləri kəşf etmək sevinci” adlı tədbir təşkil olunub. Tədbirdə fransız dili fakültəsi məzunları Bayramova Nübar, Qurbanova Zemfira və Həsənova Aidanın hazırda müəllim kimi çalışdıqları Bakı Beynəlxalq Tədris Kompleksi, S.C.Pişəvəri adına Humanitar Fənlər Gimnaziyası və Heydər Əliyev adına Müasir Təhsil Kompleksinin şagirdləri müxtəlif səhnələrlə məktəblərini təmsil etmişlər. Fransız dili fakültəsinin digər məzunu Amil Əhmədovun rəhbərlik etdiyi “Xarı Bülbül” ansablı da öz müsiqi nömrələri ilə tədbirə xoş ovqat qatıb.

Azərbaycan Dillər Universiteti ölkəmizdə frankofoniya ailəsinə qatılan ilk universitet olaraq hər il frankofoniya günlərinə öz töhfəsini verir. Bu il də bu ənənəyə sadiq qalaraq fransız dilinin leksikologiyası və üslubiyyatı kafedrası fransız dilini öyrənməyin timsalında bütün dillərin öyrənilməsi vacibliyini təbliğ edən bir tədbirə ev sahibliyi etmişdir. Tədbirin ümumi süjet xəttinə müvafiq olaraq nümayiş etdirilən səhnələr dildə sözün, ünsiyyətin əhəmiyyətini önə çəkmişdir. Tədbirin bu məzmunda olan bədii kompozisiyalarında birində fransız, azərbaycan və rus dillərində tələbələrin təqdim etdiyi parçalar, xüsusi ilə, dahi şair Füzulinin “Söz” qəzəli böyük məhəbbətlə alqışlanıb. Tələbə və şagirdlərin digər nömrələrdə nümayiş etdirdikləri mahnılar, rəqslər, şeirlər fransız dilinin ifadə zənginliklərini bir daha sərgiləyib.

Tədbirdə həmçinin Fransanın Azərbaycandakı səfirliyinin nəzdində fəaliyyət göstərən Azərbaycan Fransız İnstitunun direktor müavini Conatan Hakan Ünlü, Universitetin Beynəlxalq əlaqələr üzrə prorektoru, professor Jalə Qəribova, rektor məsləhətçisi Anar Osmanlı, fakültə dekanları dosent Salman Nuriyev və professor Fikrət Cahangirov və kafedra müdirləri, Universitetin professor-müəllim heyəti də iştirak edib.